KÖŞƏ

Mahir Rəsuloğlu

Məktəbin yanındakı hərbi qurğu

06 yanvar 2022 00:59
1228

Künc zərbəsi

Ermənilər özləri də bilmədən nələri etiraf edirlər?

Tarixi torpaqlarımızı işğal edən və 30 ilə yaxın əsarətdə saxlayan ermənilər Qarabağda və Şərqi Zəngəzurda möhkəmlənmək üçün Ermənistanın büdcəsi ilə tərs mütənasib təşkil edəcək qədər vəsait xərçləmiş, keçilməz hesab etdikləri sədlər qurmuş, haradan və necə alındığı ciddi suallar yaradan silah və hərbi texnika toplamışdılar. 44 günlük Vətən müharibəsi göstərdi ki, erməni əsgərlərinin hazırlıq səviyyəsi peşəkar Azərbaycan Ordusu ilə müqayisədə kifayət qədər aşağıdır, onların sırasında ilk məqamdaca fərarilik etmək istəyənlərin və edənlərin sayı çoxdur. Ancaq qeyd etdiyimiz kimi, ermənilər torpaqlarımızda uzunmüddətli döyüş üçün külli miqdarda silah-sursat bazaları yaratmış, mühəndis-istehkam işləri görmüş, müxtəlif növ zirehli texnikalar, yaylım-atəş sistemləri, hava hücumundan müdafiə vasitələri yerləşdirmişdilər. Üstəlik, hərbi hissələr, bazalar, müxtəlif təyinatlı bölmələr mülki əhalinin yaşadığı yerlərə yaxın, bəzən hətta yalnız ermənilərə məxsus hiyləgərliklə xəstəxanalarda, məscid və kilsələrdə, məktəblərdə fəaliyyət göstərirdi. Vətən müharibəsi zamanı erməni mətbuatında azərbaycanlıların endirdiyi zərbə nəticəsində bir məktəbin dağılması ilə bağlı kadrlar paylaşılırdı. Xəsarət alan bina məktəb binası idi, ancaq elə həmin kadrlarda binanın təyinatı üzrə deyil, hərbi qərargah kimi istifadə olunduğu açıq görünürdü. Məqsəd bəlli idi – özlərinin insanlığa sığmayan bu addımlarının səbəb olduğu nəticələri Azərbaycan əleyhinə istifadə etmək, həmişə olduğu kimi, özlərini məzlum, bizi isə qəddar, qaniçən göstərmək...

İrəvanda Qarabağdan oğurlayıb yığdıqları sərvətimiz hesabına biznes quran hadrutlu bacılar İnna və Narine sarkisyanlar da yerli mətbuata verdikləri müsahibədə özlərini məzlum, əzilmiş göstərsələr də istəmədən maraqlı bir etiraf ediblər. Hadrutda torpaq sahələrinin, supermarketlərinin, qənnadı fabriklərinin, su qabı zavodlarının olduğunu deyən İnna təəssüflənib ki, onlar Qarabağ suyunu qablaşdıraraq Ermənistana və hətta xarici ölkələrə satmağa hazırlaşırmışlar. Ancaq müharibənin başlaması və Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı qəhrəmanlıq savaşı sarkisyanların arzusunu gözündə qoyub. Anna deyib ki, sentyabrın 27-də partlayış səsi eşitdim, sonra öyrəndim ki, ilk yaylım atəşindən dərhal sonra hava hücumundan müdafiə qüvvələrimizin qurğuları sıradan çıxıb: “Həmin bölmə orta məktəbin düz yanında idi. Gözümün qabağında havaya uçdu.”

Ermənilərin insanlığa sığmayan belə biclikləri ilə bağlı onlarla, yüzlərlə faktlar mövcuddur və bəzən istəmədən özləri də öz eybəcər əməllərini etiraf etməli olurlar. Ancaq burada rəşadətli Azərbaycan Ordusunun yüksək hazırlıq və peşəkarlıq səviyyəsi  nümayiş etdirərək düşmənin yaşayış yerlərində, mülki əhaliyə yaxın yerləşdirdiyi strateji hədəfləri dəqiqliklə məhv etməsi kimi bir məqam da diqqət çəkir. Tarixi Şuşa salnaməsi ilə bərabər, həm də bu kimi amillərə görə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə dünyanın hərbi ekspertlərinin böyük marağına səbəb oldu. Ermənilər torpaqlarımızın işğalını əbədiləşdirmək üçün bütün variantlardan istifadə edirdilər və müqavimət göstərməyə çalışırdılar. Odur ki, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan ordusunun darmadağın edilməsini təkcə onun zəif olması ilə əlaqələndirmək düzgün deyil. Bu Zəfər məhz misilsiz qəhrəmanlıq nümunəsi göstərmiş Azərbaycan əsgərinin qələbə əzmi, döyüş ruhu, peşəkarlığı və gücü sayəsində qazanıldı!

Ordumuz həm də göstərdi ki, xislətində hiyləgərlik, riyakarlıq, şərəfsizlik olanların işğalçılıq siyasəti onlara necə baha başa gəlir...