KÖŞƏ

Elçin Zaman

Paşinyanın planı niyə fiaskoya uğradı?

06 yanvar 2022 22:57
2805

Ermənistanın bölgədə mövcudluğunu qorumaq üçün Türkiyə və Azərbaycanla dil tapmaqdan başqa çıxış yolu yoxdur

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışır. Ona görə ki, bu, Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki düşmən ölkədə belə hesab edirlər ki, siyasi-iqtisadi blokadadan çıxaraq Qərbə meyillənmək Ermənistanın gələcək taleyini müəyyən edə biləcək yeganə variantdır. Ancaq bu hədəfə çatmaq rəsmi İrəvan üçün o qədər də asan məsələ deyil. Hər halda, Türkiyə ilə anlaşa bilmək üçün bəzi tələb və şərtləri də yerinə yetirmək lazımdır. Bunu Paşinyan hakimiyyətindən müsbət mesajlar aldığını açıqlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi. O, vurğulamışdı ki, rəsmi Ankara Ermənistan ilə münasibətlərin normallaşdırılmasına qarşı deyil. Ancaq buna nail olmaq üçün Paşinyan hakimiyyəti bir sıra konkret addımlar atmalıdır. Onların arasında Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınması və Zəngəzur dəhlizinin açılması ön planda yer tutur. Ardınca Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu mövzuda daha açıq mətnlə mesajlar vermişdi. O, bildirmişdi ki, rəsmi Ankara Ermənistan ilə münasibətlərin normallaşdırılması layihəsini birmənalı şəkildə Azərbaycanla razılaşdıracaq. Yəni, bu məsələ Azərbaycan-Ermənistan münasibətləri nəzərə alınmaqla həll edilə bilər.

Təbii ki, hadisələrin belə inkişafı rəsmi İrəvanın gözləntiləri ilə ziddiyyət təşkil edir. Çünki Paşinyan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini Azərbaycandan yan keçməklə inkişaf etdirə biləcəyinə ümid bəsləyirdi. Hətta bu iki məsələnin bir-birindən fərqləndiyini iddia etməklə, öz niyyətini gizlətmirdi. Əslində, rəsmi İrəvan yenə də erməni hiyləgərliyinin təsiri altında hərəkət edirdi. İki qardaş dövlət - Azərbaycan ilə Türkiyə arasında avantürist oyun oynamağa çalışırdı. Yəni, həm rəsmi Ankara ilə münasibətlərini normallaşdırmağı, həm də Azərbaycan ilə Türkiyə arasında narazılıq yaratmağı hədəfləyirdi. Ancaq onun bu avantürist niyyəti baş tutmadı. Rəsmi Ankara Paşinyan hakimiyyətini Azərbaycana doğru yönəltməkləErmənistanın mənfur planını pozdu. Rəsmi İrəvana müəyyən mənada, «öncə Azərbaycanla anlaş, sonra danışaq» mesajını verildi.

Maraqlıdır ki, Ermənistanın baş naziri artıq Türkiyənin bu mesajını anlamış kimi görünür. Hər halda, indi Paşinyan hakimiyyəti Azərbaycanı məmnun etmədən Türkiyə ilə anlaşa bilməyəcəyinin fərqindədir. Elə ona görə də Nikol Paşinyanın ötən ilin dekabrında onlayn mətbuat konfransındakı açıqlamalarını bu sahədə irəliləyiş kimi qəbul etmək olar. Belə ki, o, özügedən mətbuat konfransında açıq mətnlə Dağlıq Qarabağın beynəlxalq hüquq normalarına görə Azərbaycana aid olduğunu təsdiqləyən arqumentlər səsləndirib. Hətta Paşinyan Xankəndi və ətraf bölgədən olan erməni separatçılarının ona qarşı elan etdikləri siyasi-ideoloji müharibədən geri çəkilmək niyyətində olmadığını ifadə edib. Əksinə, baş nazir bu addımı ilə həm separatçılarla, həm də Ermənistan cəmiyyətində onları dəstəkləyənlərlə həlledici savaşa hazır olduğunu göstərmiş oldu.

Siyasi ekspertlərin fikrincə, artıq Nikol Paşinyan üçün geri yol yoxdur və o, bu istiqamətdə siyasi iradəsini tam ciddiyyəti ilə ortaya qoymalıdır. Əks halda onu ağır nəticələr gözləyə bilər. Xüsusilə baş nazir üçün geri çəkilmək ona qarşı irəli sürülən xəyanət ittihamını qəbul etmək anlamı daşıya bilər. Ona görə də Paşinyan nəyin bahasına olursa-olsun özünün haqlı olduğunu sübuta yetirməyə çalışacaq.

Göründüyü kimi, zamanın Ermənistanın əleyhinə olması rəsmi İrəvanı Azərbaycana, Türkiyəyə möhtac duruma salır. İndi ermənilər yaxşı anlayırlar ki, ölkələrinin gələcək taleyi Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır.