KÖŞƏ

Mahir Rəsuloğlu

Bağlanan və açılan yollar...

21 yanvar 2022 23:58
1491

Türkiyənin Ermənistanla münasibətlərinin normallaşmasında Azərbaycan faktoru qırmızı xətt olaraq qalır

Hava əlaqəsinin bərpası və birbaşa uçuşlar haqqında razılığın əldə olunması, danışıqların aparılması üçün xüsusi nümayəndələrin təyin edilməsi, türk mallarına tətbiq edilmiş birtərəfli embarqonun götürülməsi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin yeni, aktiv fazaya keçdiyini göstərir.

Ermənistanda türkofobiya meyillərinin hələ də qalması və xüsusilə müxalif cəbhənin bu amildən istifadə edərək sülh perspektivlərinə, bununla da hakimiyyətə qarşı çıxması Paşinyan hökumətinə problemlər yaratsa da düşmən ölkə rəhbərliyi Türkiyə ilə normal əlaqələrin bərpası üçün yaranmış fürsətdən yararlanmaq niyyətindədir. Çünki Paşinyan əks halda Ermənistanın üzləşdiyi ciddi sosial-iqtisadi problemlərin daha da dərinləşəciyini yaxşı başa düşür. Ermənistanın baş naziri onu da yaxşı başa düşür ki, münasibətlərin normallaşmasında Türkiyə üçün Azərbaycan faktoru qırmızı xətt olaraq qalır.

Bəs prosesin nəzərdə tutulan konkret nəticələrlə başa çatması nə dərəcədə realdır? Türkiyə ilə Ermənistan arasında 1993-cü ildən rəsmi Ankaranın təşəbbüsü ilə dayandırılmış diplomatik əlaqələrin bərpa olunması üçün yaranmış imkan ümumilikdə regiona nələr vəd edir və Azərbaycanın bu münasibətlərə təsiri hansı səviyyədədir?

Öncə xatırladaq ki, ötən ilin sonlarında hər iki ölkə qarşılıqlı olaraq İstanbul və İrəvan arasında aviareyslərin təşkili haqqında qərar qəbul etdi, daşıyıcı şirkətlər və uçuş qrafikləri müəyyənləşdirildi. Daha sonra münasibətlərin bərpası məqsədilə müzakirələr aparmaq üçün xüsusi nümayəndələr təyin olundu və yanvarın 14-də Rusiya paytaxtında Türkiyəni təmsil edən Serdar Kılıçla Ermənistan nümayəndəsi Ruben Rubinyan arasında ilk görüş keçirildi. Paralel olaraq, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana ciddi siyasi və mənəvi dəstək verdiyi üçün Ermənistanın 20 oktyabr 2020-ci ildə qəbul etdiyi və 1 yanvar 2021-ci ildən qüvvəyə minmiş qərarla Türkiyə mallarının idxalına tətbiq olunan qadağa da bir il sonra ləğv edildi.

Faktiki olaraq rəsmi Ankaranın məqsədi İrəvanla münasibətləri tamamilə normallaşdırmaqdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli NTV telekanalına açıqlamasında iki ölkənin xüsusi nümayəndələrinin Moskva görüşünü şərh edərkən bildirib ki, S.Kılıç və R.Rubinyan ilk olaraq danışıqların məqsəd və vəzifələrini müzakirə ediblər. Ermənistanın da bundan razı qalmalı olduğunu deyən M.Çavuşoğlu əlavə edib ki, iki ölkə arasında hava əlaqəsinin bərpası və xüsusi nümayəndələrin təyin edilməsi ilə yanaşı, etimadın yaradılması üçün əlavə addımlar da işlənib hazırlanacaq. Eyni zamanda, qardaş ölkənin Xarici İşlər Nazirliyindəki (XİN) mənbə Ankara və İrəvan arasında danışıqların növbəti raundunun tarixini hər iki tərəfin xüsusi nümayəndələrinin müəyyən edəcəyini, danışıqların üçüncü ölkədə keçirilməsinə ehtiyac olmadığını, Türkiyə və Ermənistanda baş tutmasını istədiklərini bildirib. Beləliklə, danışıqlar artıq vasitəçisiz, birbaşa təmaslar mərhələsinə keçir. Türkiyə xarici işlər nazirinin xüsusilə ermənistanlı həmkarı Ararat Mirzoyanı,  o cümlədən Yunanıstanın, Kiprin yunan hissəsinin, Misirin və İsrailin nümayəndələrini bu il martın 11-dən 13-dək keçiriləcək ikinci Antalya Diplomatik Forumunda iştirak etmək üçün dəvət etməsi, tədbirin azad platformaya çevriləcəyini və “hamının səsinin eşidiləcəyini” vəd verməsi də qardaş ölkənin qonşuları ilə problemlərini diplomatik yollarla aradan qaldırmaq niyyətindən xəbər verir.

Diqqətçəkən məqam isə ondan ibarətdir ki, Ermənistan ilə münasibətlərin normallaşması üzrə danışıqların ilkin şərt irəli sürülmədən aparılması barədə də razılıq var və bu, əlaqələrin yaranmasına əngəl olan bir sıra mühüm məsələlərdə ortaq məxrəcə gəlindiyini göstərir. Yeri gəlmişkən, Azərbaycan da rəsmi olaraq münasibətlərin normallaşmasına müsbət mövqe nümayiş etdirib. Bu isə bir daha Paşinyan hökumətinin Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflərə müsbət qarşılıq verdiyini göstərir. Elə Ermənistan prezidenti Armen Sarkisyan da “Sky News Arabia” telekanalına müsahibəsində regionda davamlı sülhün bərqərar olacağına ümid etdiyini bildirib və deyib ki, sabitliyə nail olmaq üçün danışıqlar və dialoqdan daha yaxşı yol yoxdur.

Beləliklə, regionun yeni olmasa da heç vaxt olmadığı qədər güclü “oyunçusu” statusuna yiyələnmiş Türkiyənin Ermənistanla münasibətdə hədəflərinə çatması qarşısıalınmaz prosesə çevrilib. Necə deyərlər, Türkiyə istədiyini alır və alacaq...

Həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması tərəflərin hər biri üçün, digər region ölkələri üçün və xüsusilə də yarımblokada şəraitində ciddi problemlər yaşayan düşmən ölkə üçün yeni imkanların açılması deməkdir. Bəllidir ki, Ermənistanın zəruri tələbat malları ilə təminatı böyük həcmdə idxaldan asılıdır və coğrafi mövqeyinə görə xüsusilə qış aylarında onsuz da bərbad olan yollarının qar və buzlama səbəbindən bağlanması bu idxalın, eləcə də cüzi ixracın İran və Gürcüstan ərazisindən beynəlxalq yükdaşımalar vasitəsilə reallaşmasını çətinləşdirir. Ölkənin özünü təmin etməsi mümkün olmadığından alternativ yolların, yəni, Zəngəzur dəhlizinin açılması və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatındakı böhranın qarşısını ala bilər.

Qeyd edək ki, 2020-ci ilə qədər Ermənistan Türkiyədən ildə 250-270 milyon dollarlıq mal idxal edib ki, dövlət büdcəsinin həcmini nəzərə alsaq bu kifayət qədər böyük rəqəmdir. Hətta embarqonun tətbiq edildiyi bir il ərzində də düşmən ölkə bazarlarında türk mallarına ciddi tələb mövcud idi və bunu qarşılmaq üçün üçüncü ölkələr vasitəsilə daha baha qiymətə türk məhsulları gətirilirdi. Münasibətlərin normallaşması ilə bu problemlərin aradan qalxması mümkündür, üstəlik Ermənistan parlamentinin iqtisadi məsələlər üzrə komissiyasının sədr müavini Babken Tunyanın bildirdiyi kimi, gələcəkdə Türkiyə tərəfindən erməni məhsullarının bu ölkəyə idxalına qoyulan qadağa da aradan qaldırıla bilər və düşmən ölkə ABŞ və Avropa Birliyinə satdığı alüminium folqanı və ya uzaq Avstraliyada satılan erməni konyakını yaxın olduğu üçün daha az nəqliyyat xərcləri ilə Türkiyəyə ixrac etmək imkanı qazanar.

Daha bir məqam. Düşmən ölkə parlamentinin qəbul etdiyi “Lisenziyalaşdırma haqqında” qanuna xarici tikinti şirkətlərinin Ermənistanda iri layihələrə çıxışını asanlaşdıracaq düzəlişləri hazırda yerli mətbuatda geniş müzakirə edilir. Müxalifət hesab edir ki, hakimiyyət bu cür düzəlişlərlə Türkiyə və Azərbaycan şirkətlərini tikinti bazarına buraxmağa çalışır, iqtidar isə hər iki ölkənin prosedur sadələşdirilmiş ölkələr siyahısında olmadığını bildirərək bu iddiaları təkzib edir. Ancaq əslində qeyd olunan düzəliş həqiqətən də Türkiyə və Azərbaycan şirkətlərinə birbaşa olmasa da törəmə şirkətlər vasitəsilə Ermənistanda iri layihələr həyata keçirməsinə imkan verir. Erməni ekspertlərdən bu fikrə müsbət yanaşanlar da var. ACSES analitik mərkəzinin rəhbəri, iqtisadçı Haykaz Fanyanın fikrincə, yerli şirkətlər bu sahədə kifayət qədər ixtisaslaşmayıblar. Siyahıda Türkiyə və Azərbaycan şirkətlərinin olmaması heç nə demək deyil. Hər kəs istəsə, offşorda qeydiyyatdan keçmiş törəmə şirkətləri vasitəsilə tenderlərdə iştirak edə bilər. Hakimiyyətə yaxınlığı ilə tanınan ekspert bildirib ki, mən şəxsən Türkiyə şirkətlərinin tikintidə iştirakında problem görmürəm, çünki onların Rusiyada və digər ölkələrdə təcrübəsi və keyfiyyətli işi var. Bu təcrübə Ermənistanda tətbiq oluna bilər.

Əgər İrəvan geniş yol tikintisi işləri aparmaq istəyirsə, o zaman bu dəyişikliklər zəruridir, çünki xarici şirkətlərin cəlb edilməsi qısa müddətdə ən keyfiyyətli işlərin görülməsinə kömək edəcək...

Göründüyü kimi, gizli və aşkar loyal addımları Paşinyan hökumətinin Türkiyə ilə münasibətlərin normallaşmasına tərəfdar olduğunu göstərir. Ən vacibi isə odur ki, düşmən ölkənin özündə də bu normallaşma prosesində Azərbaycanın dolayısı ilə tərəf olduğunu yaxşı başa düşürlər. Azərbaycan bütün bu proseslərin müşahidəçisi deyil, əksinə iştirakçısı və istiqamətləndiricisidir.