KÖŞƏ

Elçin Zaman

Sarkisyanın istefası Ermənistanda hakimiyyət böhranını daha da dərinləşdirəcək

25 yanvar 2022 00:56
2329

Ermənistan prezidenti Armen Sarkisyan gözlənilmədən istefa verib. Bu fakt göstərir ki, işğalçı ölkədə siyasi hakimiyyət böhranı mövcuddur və erməni cəmiyyətindəki xaos daha da  dərinləşəcəkdir. Ümumiyyətlə, son üç ildə Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətinidiktaturaya meyilli bir rejim kimi də qiymətləndirirlər. Onun azad mətbuata, müxalif fikirlərə, hətta  məhkəmə sisteminə qarşı total hücumları barədə həm erməni mediasında, həm də xarici mətbuatda dəfələrlə məqalələr yazılıb, şərhlər verilib. Hətta Nikol Paşinyanın müxalifətə qarşı açıq hücumlarının nəticəsi olaraq onların bir neçəsi həbs olunub.

Məhz Ermənistan prezidenti Armen Sarkisyan istefasının əsas səbəbləri barədə danışanda ölkəsindəki antidemokratik durumu xüsusi qabardıb. Belə ki, o,  istefasına bir neçə mühüm faktorun səbəb olduğunu açıqlayıb. Vurğulayıb ki, vəzifəsindən istefa verməsinə səbəb səlahiyyətlərinin məhdud olmasıdır: «Bu mühüm qərarı qəbul edərkən mənə 2018-ci ildə verilən təklifdən çıxış etdim. Təklifə əsasən yeni prezident institutu xarici, iqtisadi, investisiya siyasətinə, diasporla əlaqələrə, o cümlədən milli maraqların müdafiəsinə, beynəlxalq arenaya, yeni elm,  təhsil və yüksək texnologiya mühiti yaratmağa təsir alətləri olacaqdı. Bir müddət sonra 2018-ci ilin aprel-may hadisələri oldu. Sual yarana bilər ki, mən niyə həmin anda işdən çıxmadım? Cavab aydındır, çünki mən respublika prezidenti kimi məsuliyyəti öz üzərimə götürmüşdüm».

Armen Sarkisyan bildirir ki, Ermənistanda daxili parçalanmanın daha da dərinləşməsinə, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün əlimdən gələni etməyə borclu idim: «Çalışmışam ki, uzun illər zəhmətim nəticəsində əldə etdiyim nüfuzdan, əlaqələrimdən istifadə edim, beynəlxalq siyasi və iqtisadi potensialımdan güclü, sabit dövlət qurmaq üçün istifadə edim. Yenə sual yarana bilər ki, niyə prezident bizi indiki milli böhrana aparan siyasi hadisələrə təsir edə bilmədi? Səbəb yenə də göz qabağındadır - müvafiq səlahiyyətlərimin olmamasıdır.»

Xatırladaq ki, Armen Sarkisyan 2018-ci ildə Ermənistan prezidenti seçilib. Onun bu posta namizədliyi həmin dövrdə dövlət başçısı olan Serj Sarkisyan tərəfindən irəli sürülmüşdü. Demək bu fakt göstərir ki, Nikol Paşinyan keçmiş hakimiyyətin son dayağını da öz xoşuna istefaya göndərmək niyyətini reallaşdıra bildi. Əslində, Armen Sarkisyanın istefasında digər ciddi məqamlar da var. Onun bəyanatından aydın şəkildə görünür ki, ölkəsinin gələcəyindən tam arxayın deyil, Anlayır ki, Ermənistan bundan sonra da ciddi hərbi-siyasi, sosial-iqtisadi böhranlarla üzləşəcək. Ona görə də ziyanın yarısından qaytımağa, sonrakı məğlubiyyətlərə görə məsulliyyətdən yaxa qurtarmağa çalışır.

Bu, bir faktdır ki, Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçsə də bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil. Nəticədə Ermənistan vətəndaşlarında öz ölkəsinin gələcəyinə və hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür. İndi ermənilər anlayırlar ki, onların ölkələrində normal yaşamaları artıq bir xəyaldır. Bu səbəbdən də ermənilərin xarici ölkələrə kütləvi köçü davam edir. Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu köçün qarşısını almaq üçün həm diplomatik, həm də iqtisadi sahədə ciddi uğurlar qazanmalıdır. Ona görə də xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq isə son çarə idi. Lakin bu istiqamətdə də dəstəkdən məhrum olan Ermənistan rəhbərliyi ölkəsində tamamilə nüfuzsuz bir fiqura çevrilib. Yəni, bu gün lider kasadlığı erməniləri ölkələrindən köç etməyə məcbur edən başlıca səbəbdir. 

Təbii ki, Armen Sarkisyanın istefası Nikol Paşinyan hakimiyyətinin vəziyyətini daha da ağırlaşdıracaq. Çünki istefa verən prezidentin erməni diasporun arasında nüfuzu xeyli böyükdür. Bu isə onu göstərir ki, Nikol Paşinyan həm də xarici himayələrdən məhrum olacaq. Hətta ona qarşı yeni bir cəbhənin açılacağı da gözlənilir.