KÖŞƏ

Sevinc Azadi

Fransızsayağı komik açıqlamalar

25 yanvar 2022 00:12
2095

Prezident seçkiləri ərəfəsində baş verən hadisələr bu Avropa ölkəsində siyasi əxlaqın deqradasiya miqyasının artdığını göstərir

Bu ilin aprel ayında Fransada keçiriləcək prezident seçkiləri marafonunda baş verən hadisələr dünyanı təəccübləndirməkdə davam edir. Dörd ildən bir keçirilən prezident seçkiləri və bu seçkilər ərəfəsində baş verən sürprizlər ölkədə siyasi əxlaqın deqradasiya miqyasının artdığını göstərir. Belə ki, Fransanın prezidenti seçilməyə iddialı olan şəxslər nədənsə ilk növbədə Fransa seçicilərinə yox, Ermənistan vətəndaşlarına müraciət etdilər. Təbliğat kampaniyası başlayan kimi prezidentliyə namizəd, ultrasağçı Erik Zemmurun Ermənistana səfəri Fransa seçki kampaniyasına qəribə bir yenilik gətirdi. Türkiyə ərazisində ucalan əzəmətli Ağrıdağın fonunda Ermənistanda bir təpənin üstünə çıxıb foto çəkdirən Erik Zemmurun seçkilərdə qalib gəlmək üçün Ağrıdağa “dua etməsi” siyasət tarixində görünməmiş ucuzluq kimi sadə fransızları utandırdı. Seçkilərə daha iddialı şüarlarla qatılan Valeri Pekres də öz seçkiqabağı təbliğatını Ermənistandan başladı. Fransa sosial şəbəkələrində bunun fransızlar üçün utandırıcı addım olması haqqında çoxsaylı şərhlər yazıldı. Amma bu, Yelisey sarayını fəth etmək üçün Ermənistana səfər etmiş ikinci namizədi dayandıra bilmədi. O, öz həmkarından da irəli gedərək, öz ölkəsindən kənarda iki dövlətin – Ermənistanın və Azərbaycanın sərhəd qanunlarını pozaraq gizli yolla Ermənistandan Azərbaycan ərazilərinə keçdi. Detektiv janrlı filmlərdə olduğu kimi, libasını dəyişmək və ya sifətini gizlətməklə üçüncü ölkənin ərazisinə gizli yolla daxil olmaq bütün ölkələrdə, o cümlədən Fransanın özündə də cinayət aktı hesab olunur. Hələ bu da o qədər təəccüblü deyil. Çünki Fransa siyasətçilərinin seçkilərdə qalib gəlmək üçün əvvəllər də bir sıra cinayət əməlləri törətməsini hələ keçən il Fransa məhkəmələri də təsdiqləmişdi. Ona görə də prezidentliyə namizədin öz karyerasının ən həssas məqamında belə bir cinayət hərəkətinə yol verməsini artıq ənənə hesab edərək təəccüblənməmək olardı.

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı verilən suallardan birini cavablandırarkən Valeri Pekresin gizli yolla Qarabağ ərazisinə gəldiyini və yalnız Azərbaycan ərazisini tərk etdikdən sonra bu xəbərin məlum olduğunu bildirdi. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkə sərhədlərinin qeyri-qanuni keçilməsi faktı vaxtında məlum olsaydı sərhəd pozucusu müvafiq qurumlar tərəfindən saxlanılardı. Dövlətimizin başçısının bu cinayət faktına konkret reaksiyası və qanunauyğun şərhi nədənsə “demokratik” Fransanın “demokratik” siyasətçilərini qıcıqlandırdı. Siyasət aləmində bu qədər təəccüb doğuran komik açıqlamalar da bundan sonra verildi. Fransa siyasətində uzun müddət külüng çalmış Jan-İv Lö Drian ağlasığmaz fikirləri ilə diqqət çəkdi. Azərbaycan Prezidentinin şərhinin “qəbuledilməz” olduğunu bildirdi.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında söylədiklərini şərh edərkən bildirib: "Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan-İv Lö Drian tərəfindən bu ilin 18 yanvar tarixində bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bir tərzdə açıqlama edilmişdir”.

Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin Valeri Pekresin Azərbaycan ərazisinə qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür. Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır. Prezident İlham Əliyevin Valeri Pekres, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. Eyni zamanda vurğulanır ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımi addımları atacaq.

Bir sözlə, Fransa xarici işlər naziri də, prezident seçkilərində heç olmasa maliyyə dəstəyi naminə ermənilərin çirkli və qanlı əllərini öpməyə hazır olan namizədlər də öz hərəkətlərini və bəyanatlarını özlərinin elan etdikləri hüquqi dövlət prinsipləri çərçivəsində səsləndirməlidirlər. Onların Azərbaycanın sərhəd qanunlarına saymazlıq göstərmələri, xüsusilə də Azərbaycan Prezidentinin sözlərinə onların məsuliyyətsiz şərhi qəbuledilməzdir və ikrah doğurur. Azərbaycan dövləti öz müstəqilliyini və milli maraqlarını öz gücünə qorumağı bacaran bir dövlətdir. Bunu 30 il davam edən bir münaqişənin Fransanın bütün destruktiv səylərinə baxmayaraq Azərbaycanın özü tərəfindən həll etməsi də bir daha sübut etdi. Yəni, növbəti seçkilərdən sonra Yelisey sarayına təntənəli giriş əvəzinə Azərbaycan həbsxanasına girməmək üçün bugünkü reallığı ermənilər kimi, Fransa siyasətçilərinin də düzgün anlaması faydalı olardı.