KÖŞƏ

Sevinc Azadi

Faşizm ideologiyası erməni xalqını məhvə aparır

31 yanvar 2022 22:58
2280

Bu gün Ermənistan kimi dünyada faşist ideologiyasını təbliğ edən və bu ideologiyanın nümayəndələrini milli qəhrəman səviyyəsinə yüksəldən ikinci bir dövlət yoxdur. Bunun nəticəsidir ki, Ermənistanın keçmiş və indiki rəhbərləri həmişə qan tökmələri, qəddarlıq etmələri, kənd və şəhərləri viran qoymaları, cinayətlər törətməkləri ilə fəxr edir və bu çirkin əməllərindən qürur duyurlar. Onlar bu gün də törətdikləri ağır cinayətin fərqində deyillər və yeni, daha amansız qətllər, soyqırımlar həyata keçirmək arzusundadırlar. Bir vaxtlar “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiyimizi düşünürdülər, biz stereotipləri qırdıq, yəni azərbaycanlılara qəddarlığımızı göstərdik” deyən S.Sarkisyan Vətən müharibəsində “İsgəndər” raketlərinin işə salınmamasından təəssüfləndiyini bildirir və buna görə baş nazir N.Paşinyanı günahlandırır. O, bu raketlərin müharibə başlayan ilk günlərdən istifadə olunmasının və külli miqdarda insanın məhv edilməsinin vacib olduğunu dilə gətirməklə faşist xislətini bir daha dünyaya nümayiş etdirmiş oldu.

Ermənistanın Gəncəyə 2020-ci il oktyabrın 4-dən başlayan raket hücumları bütün bəşəriyyətə qarşı törədilən növbəti cinayət idi. Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə beş dəfə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olmuş, 29-u uşaq olmaqla, ümumilikdə 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirmişdir. Bəli, erməni faşistləri insanlığa sığmayan bu cür əməlləri ilə beynəlxalq norma və prinsipləri kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri törətmişdir.

Buna baxmayaraq, tutduğu cinayət hadisələrini ört-basdır etməyə çalışan Ermənistan KİV-də, eləcə də sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərlər yaymağa başladı. Lakin hadisə yerlərindən yerli və xarici medianın yaydığı foto və videogörüntülər bu yalanları ifşa etdi. Bütün xalqımız, o cümlədən gəncəlilər də yaxşı başa düşürdülər ki, Azərbaycanın haqq davasında ermənilərin törətdikləri bu cinayətlər suda boğulanın saman çöpündən yapışmasıdır. Məhz buna görə Ermənistanın Gəncəni raket atəşinə tutması sakinlər arasında ruh düşgünlüyü yaratmadı. Əksinə, gəncəlilər bir daha əmin oldular ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tezliklə düşmən üzərində qəti qələbə qazanacaq. Qazandı da.

Prezident İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində həmin dövrdə baş verənlər haqqında bunları deyib: “İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi, 6 uşaq həlak oldu. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Biz bu məsələ ilə bağlı öz sözümüzü deyəndə Ermənistan tərəfi bunu inkar edirdi. Sonra da yalançı Ermənistan təbliğatı növbəti uydurma ortaya qoyaraq bəyan etmişdi ki, Azərbaycan özü öz şəhərlərini atəşə tutur. Görün nə dərəcədə alçaqlıq və vicdansızlıqdır”.

Ölkə rəhbərinin qeyd etdiyi kimi, erməni xalqı, ölkənin hərbi-siyasi dairələrinin rəhbərləri faşizm ideologiyasının əsirinə çevrilmişlər. Uzun illər xalqımıza qarşı aparılan təcavüzkarlıq siyasəti və mövcud vəziyyət bunu aydın göstərir. Njde və “Daşnaksütyun” ideologiyası ilə silahlanan erməni xalqı bilməlidir ki, bu, faşist ideologiyasıdır, nəinki erməni xalqı, bəşəriyyət üçün çox təhlükəlidir. Çünki bu ideologiya insanlığa qarşıdır, özünü dünyadan təcrid etmək və digər cəmiyyətlər üzərində üstünlük nümayiş etdirmək prinsipləri əsasında qurulmuşdur: “Mən əvvəlki illərdə də dəfələrlə bu erməni faşistləri haqqında öz çıxışlarımda məsələ qaldırmışdım. Beynəlxalq təşkilatlar qarşısında, ölkələr qarşısında məsələ qaldırmışdım ki, faşistlərin qəhrəmanlaşdırılmasına imkan vermək olmaz. Cəllad Njde ilə bağlı mən MDB Zirvə görüşünün birində öz çıxışımda məsələni qaldırdım. Dedim ki, Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist olub. Bu adam cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Bu Njde faşistdir və bunu hər kəs bilməlidir. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir”.

Azərbaycan Prezidenti eyni zamanda qeyd edib ki, 44 günlük savaşda erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə, Ermənistan dövləti üçün: “Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır, Ermənistanda baş qaldırır. Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz onları məğlub etmişik. Onlar bizim qabağımızda diz çöküblər. Onlar tarixdə fərari kimi qalacaqlar. O cümlədən erməni xalqının tarixində Serjik Sarkisyan və Robert Köçəryan fərarilər kimi qalacaqlar. Çünki Azərbaycan Ordusu Şuşaya yaxınlaşdıqca onlar Xankəndidən qorxaqcasına, dovşan kimi qaçmışdılar. Amma indi Ermənistanda baş qaldırırlar, Rusiyada baş qaldırırlar. Rusiyanın paytaxtında erməni diaspor təşkilatının xətti ilə belə biabırçı aksiyanın təşkili dediyim sözlərin sübutudur. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır”.

Erməni dövləti faşist ideologiyasından, millətçilik niyyətlərindən əl çəkib qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmaq əvəzinə ardıcıl şəkildə təxribatlar törədir, Azərbaycanla sərhəd zolağında gərginliklər yaşadır, sülhün əldə edilməsi, sərhədlərin delimitasiya və demarkasiyası proseslərini pozmağa çalışır. Düşmən isə təxribatları davam etdirəcəyi halda yenidən Azərbaycanın dəmir yumruğunun işə düşə biləcəyini təəssüf ki, anlamaq istəmir.