KÖŞƏ

Mahir Rəsuloğlu

Dəqiq zərbələr!..

10 mart 2022 01:58
1224

Qanunsuz erməni silahlılarının Qarabağdakı təxribatlarına lazımi cavab verilir

Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə atəşkəsin pozulması son günlər mütəmadi hal almağa başlayıb. Artıq bir neçə gündür ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən sülhməramlı kontingentin yerləşməsi ilə paralel olaraq tutduqları mövqedən geri çəkilməli, tərksilah edilməli və ya suveren sərhədlərimizdən çıxarılmalı olan, lakin hələ də  mövcudluğunu davam etdirən erməni terror dəstələri heç bir səbəb olmadan Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutur, təxribata cəhdlər etməklə vəziyyəti gərginləşdirməyə çalışırlar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatları ermənilərin martın 5-dən hər gün atəşkəsi pozduqlarını təsdiqləyir. Bu kimi hallara fevral ayında rast gəlinsə də son günlər mövqelərimizin atəşə tutulması xronoloji ardıcıllıqla davam etdirilir. Belə ki, martın 5-də Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi, bir gün sonra Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə kəndləri istiqamətlərində Azərbaycan Ordusunun mövqeləri və bölməmizin yerləşmə məntəqələri atıcı silahlardan atəşə tutulub. Baş verənlərlə bağlı dərhal Rusiya sülhməramlı kontingentinin komandanlığına məlumat verilsə də, sülhməramlıların rəhbərliyi üzərlərinə düşən funksiyanı yerinə yetirərək zəruri tədbirlər görmədiyindən ermənilərin təxribat cəhdləri davam etdirilib. Bir gün sonra yenidən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə məruz qalıb. Bu dəfə ermənilər Qarabağ iqtisadi rayonu ilə yanaşı, dövlət sərhədimizdə də atəşkəsi pozublar və Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətindəki mövqelərimiz atəşə məruz qalıb. Həmin gün axşam saatlarında ermənilər tərəfindən növbəti dəfə Ağdam rayonunun Paprəvənd kəndi, martın 8-i saat 07:30-da isə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində atəşkəs pozulub. Məqsədli şəkildə vəziyyəti gərginləşdimək istəyən qanunsuz erməni birləşmələri son iki gün ərzində ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutmaqda davam edib. Təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Müdafiə Nazirliyinin məlumatında hazırda atəşkəsin pozulduğu bütün istiqamətlərdə əməliyyat şəraitinin bölmələrimizin tam nəzarəti altında olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.

Rəsmi məlumatdan da göründüyü kimi, Qarabağ iqtisadi rayonunun bir hissəsində mövcud olan silahlı birləşmələrin təxribat cəhdlərinə qarşı adekvat tədbirlərin görülməsinə başlanılıb və şanlı ordumuz düşmənə layiq olduğu cavabı vermək əzmindədir. Azərbaycanın suveren ərazilərində dövlətimizin qanunlarının tətbiq edilməsi və bu qanunlara qarşı çıxanların müvafiq şəkildə cəzalandırılması artıq zərurətə çevrilib.

Baş verənlər bir daha onu göstərir ki, regionun gələcək inkişafı naminə iki ölkə arasındakı ədavətə son qoyulması, sülh müqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının açılması istiqamətində intensiv çoxtərəfli danışıqların getdiyi bir vaxtda ərazilərimizdə qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğu bu prosesləri təhlükəyə atan ən böyük problem olaraq qalmaqdadır. Bu, eyni zamanda, bir daha Rusiya sülhməramlıların fəaliyyətsizliklərinə görə sualların yaranmasına da gətirib çıxarır. Əgər həqiqətən məqsəd sülhün təmin edilməsidirsə qanunsuz erməni silahlı dəstələrinin mövcudluğuna nəinki göz yummaq, hətta onların fəaliyyətinə və təxribatlarına dolayısı ilə şərait yaratmaq nə deməkdir? Tərəfsizliyin cinayətkarların qanunları pozmasında vasitəçi və bəlkə də iştirakçı olmaq demək olmadığını sülhməramlı kontingentin komandanlığı da bilir yəqin ki...

2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindan azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə əlaqədar Hərbi Prokurorluqda bu günə kimi 297 şəxs barəsindəAzərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarları çıxarılaraq axtarışları elan edilib. CM-in 103-cü (soyqırım), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma) və s. maddələri ilə təqsirləndirilən həmin 297 cinayətkarın bir qismi hazırda da Azərbaycanın Qarabağ ərazisində, məhz sülhməramlıların fəaliyyət zonasındadır. Odur ki, sülhün təmini məqsədilə həmin cinayətkarların müəyyənləşdirilərək qanunvericiliyin tələblərinə uyğun cəzalandırılması üçün aidiyyəti üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi də elə sülhməramlıların missiyasına daxildir. Çünki cinayət törətmiş bütün ermənilər qanun qarşısında cavab verməlidirlər, verəcəklər də. Alternativ variant isə yalnız budur: Azərbaycan Ordusu qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir!