Zahid Rza |
Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşa şəhərində anadan olub. Ailənin yeganə övladı, həm də Qarabağ xanlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” çağırırdılar. Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlur, sonradan dövrün alim və sənətkarlarından dərs alır. Dini və dünyəvi elmlərə yiyələnir, ərəb və fars dillərini öyrənir.
Xurşidbanu Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qohumları olan Qasım bəy Zakir, Mirzə Adıgözəl bəy, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlərin yaradıcılığı, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri əsas rol oynayır. Xeyriyyəçi, mesenat və fəal ictimai xadim olan Natəvan Şuşada “Məclisi-üns” ədəbi məclisini təşkil edir və onun bütün xərclərini öz üzərinə götürür, Şuşa şəhərinə “Xan qızı bulağı” adı ilə məşhur olan su kəməri çəkdirir.
Natəvan 1850-ci ilin payızında rus ordusunun general-mayoru Xasay bəy Usmiyevə ərə gedən Xurşidbanu Dağıstana, оradan isə Tiflisə köçür. Xan qızı 1858-ci ildə təsadüfən Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma (Ata) ilə rastlaşır. Həyat yoldaşı Xasay xanın fransız dilini yaxşı bilməsi onların arasında dostluğun yaranmasına səbəb olur. Natəvan Dümaya öz əlyazmalarından birini hədiyyə edir. Düma isə ona gözəl bir şahmat bağışlayır. Həmin şahmat hazırda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında məlumat Aleksandr Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.
Xurşidbanu Natəvan həm də XIX əsrin ən dəyərli nəqqaşlarından və rəssamlarından biri sayılıb, musiqişünas olub. Natəvan yaradıcılığa ənənəvi Şərq mövzusu və şeirlərlə başlayıb. Onun “Gülün”, “Qərənfil” və sair qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunur. Şairə 16 yaşlı oğlunun ölümündən sonra isə “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və başqa bu kimi bədbin ruhlu şeirlər yazır. Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də Şuşa şəhərində vəfat edir və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunur.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst qırx dörd günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli-mədəni irsimizə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Bu il Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Prezident İlham Əliyevin bu günlərdə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması ictimaiyyətimiz tərəfindən minnətdarlıqla qarşılanıb. Sərəncamda deyilir ki, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.