KÖŞƏ

Mahir Rəsuloğlu

Vətənpərvərlik, yoxsa məsuliyyətsizlik?

16 mart 2022 02:57
678

“Fake news”la reytinq qazanmağa çalışanlara zəruri xatırlatma

Hələ yeriməyə başlamamış, dil açıb danışmayan körpə uşaqların belə mobil telefonlardan oyunlar yükləyib oynamağı öyrəndiyi internet əsrində sosial şəbəkələr həyatımızın “olmazsa olmaz”ına çevrilib. Təəssüf ki, cəmiyyətdə internetdən onun elmi informasiya almaq, dünyagörüşünü inkişaf etdirmək, bədii və musiqi zövqünü qidalandırmaq kimi faydalı imkanlarından bəhrələnənlər o qədər də çox deyil. Əvəzində əyləncə saytlarından, sosial şəbəkələrdən asılılıq sürətlə artır və leksikonumuza yeni daxil olmuş “internet fenomenləri” göbələk kimi çoxalmaqdadırlar. Müəyyən izləyici və baxış sayının toplanması istifadəçilərə maddi vəsait də qazandırdığından bəzən reytinq yığmaq, populyar olmaq istəyənlər ən ağlasığmaz üsullar seçirlər – əxlaqsız rəqslər və paylaşımlar, bütün mənəvi dəyərlərin “üzünə tüpürən” videoçarxlar, diqqəti cəlb etmək üçün “Şok! Şok!”la başlayan yalan xəbərlər. Nəticə acınacaqlıdır. Ən pisi isə odur ki, müstəqil bloggerlərlə, izləyicisi onminlər, yüzminlər olan “internet fenomenləri” ilə yanaşı, özünü mətbuatın təmsilçisi kimi sırıyan “cırtdan” media “qurumları” da eyni üsullarla “xəbər” tirajlamaqdadırlar. Bəzən paylaşdıqları “fake news”un (saxta xəbər) yaratdığı, yaxud yarada biləcəyi problemlərin fərqinə varmayanlar bununla qanunları pozduqlarından xəbərsiz olurlar və ya özlərini elə göstərirlər...

Vətən müharibəsi zamanı informasiya sahəsində düşmən təxribatlarının, insanlar arasında çaşqınlıq və ajiotaj yaratmaq məqsədi güdən yalan xəbərlərin, hərbçilərimizin olduğu mövqelər haqqında məlumatların, Azərbaycan Ordusuna məxsus müxtəlif hərbi texnikanın hərəkəti və dislokasiyası, həmçinin döyüş əməliyyatları zamanı çəkilmiş video və fotomaterialların qarşısını almaq məqsədilə ölkə ərazisində, haqlı olaraq internetə giriş məhdudlaşdırılmışdı. Təbii ki, əsas məqsəd hərbi (dövlət) sirrinin qorunmasını təmin etmək idi. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, bəzən bu qanunun məlumatsızlıqdan pozulması halları da müşahidə edilir.

Son günlər Azərbaycanın Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən vəziyyəti gərginləşdirmək məqsədilə atəşkəsin mütəmadi pozulması yenidən bəzi “vətənpərvər” media vasitələri və sosial şəbəkə istifadəçilərinin reytinq toplamaq baxımından işinə yarayıb. 2020-ci ildə müharibə zamanı və hətta ondan əvvəl Silahlı Qüvvələrimizin keçirdiyi təlimlərdə çəkilmiş səs yazılarının, foto və videogörüntülərin yeni kimi təqdim edilməsi, süni ajiotaj yaratmaq məqsədilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış informasiyaların yayılması bu halları törədənlərə qarşı aidiyyəti dövlət qurumları tərəfindən lazımi tədbirlər görülməsi zərurəti yaradır. Bütün bunlar hətta həqiqətən vətənpərvərlikdən baş vermiş olsa belə, yumşaq desək, məsuliyyətsizlikdən qanunvericiliyin tələblərinin, indiki halda “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasıdır. Həmin Qanunun 5.1.5.-ci maddəsində göstərilir ki, qoşunların dislokasiyası, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı haqqında, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatlar dövlət sirri hesab edilir. Deməli, əgər Silahlı Qüvvələrimizin aidiyyəti qurumu tərəfindən rəsmi yayımlanmayıbsa hərbi kolonu çəkmək, yaymaq, hərəkət istiqaməti, həmçinin hərbçilərimizin hər hansı xidməti və döyüş fəaliyyəti haqqında məlumat vermək olmaz. Əks halda, bu halı törədən kimliyindən asılı olmayaraq qüvvədə olan qanunvericiliyə müvafiq məsuliyyət daşıyır.

Müharibə bitsə də sülh müqaviləsinin imzalanmaması, hələ də revanşist xəyallarla yaşayan ermənilərin təxribat törətmək üçün fürsət axtarmaları, nə qədər qeyri-ciddi mənbə tərəfindən yayılsa belə istənilən “fake news”dan əleyhimizə istifadə edilməsi ehtimalı hamımızdan məsuliyyətli olmağı tələb edir. Reytinq naminə hamımızın həssas yerimiz olan Qarabağla bağlı yalan məlumatların, görüntülərin paylaşılması qəti şəkildə yolverilməzdir. Utancvericidir ki, Azərbaycanın kifayət qədər mühüm işlərlə məşğul olan Baş Prokurorluğu, Müdafiə Nazirliyi kimi rəsmi qurumları bununla bağlı xəbərdarlıq etməli olurlar – kimsə bir az artıq “bəyəni” almaq naminə yalandan “ordumuz filan yerə girdi” kimi saxta xəbər tirajlamasın deyə. Heç olmasa belə ciddi mövzularda anlayışlı və məsuliyyətli vətəndaş olmaq bu qədərmi çətindir?

Cavid Əkbərov
Siyasi tullantı
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?