KÖŞƏ

Mahir Rəsuloğlu

Yoluq “qartallar”...

18 mart 2022 01:16
900

Faşist Qareginə heykəl qoyan ermənilər indi Ukraynada “faşistlərə” qarşı döyüşmək istəyirlər 

Əslində tarix boyu bütün dünyaya özlərini məzlum, haqqı tapdanmış xalq kimi təqdim edən ermənilərin iç üzləri tamamilə fərqlidir. Mənfur qonşularımız həmişə dövlət səviyyəsində dəstəklənən terror “maşınına” malik olublar və bu səbəbdən də həm region ölkələri, həm də bütün dünya üçün potensial terror təhlükəsi yaradıblar. Təəccüblü deyil ki, əhali və ərazi baxımından regionun ən kiçik dövləti olan Ermənistan 10-dan artıq terror təşkilatına malikdir. Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğal edilməsində, dinc azərbaycanlılara qarşı misli görünməmiş vəhşiliklərin törədilməsi zamanı erməni terror təşkilatlarının iştirakı, xüsusi qəddarlıq nümayiş etdirmələri faktı elə özləri tərəfindən dəfələrlə etiraf edilib.

Terrorçuluğu dövlət siyasətinin “gizli elementinə” çevirən Ermənistanda, eyni zamanda, faşizm meyilləri rəsmi şəkildə açıq-aşkar dəstəklənir. Belə olmasaydı əli günahsız azərbaycanlıların və İkinci Dünya müharibəsi zamanı Sovet əsgər və zabitlərinin qanına batmış cəllad Qaregin Njde ermənilərin “milli qəhrəmanına” çevrilməzdi. İrəvanda bu faşistin adı küçələrə, meydanlara, metro stansiyasına verilib, ona abidələr qoyulub, haqqında “müsbət” obrazlı film çəkilib. Baxmayaraq ki, faşizm meyillərinin yaranması, nasist ideologiya daşıyıcılarının fəallaşması müxtəlif vaxtlarda müxtəlif ölkələrin ərazisində müşahidə edilib, lakin bu təhlükəli tendensiyanın qarşısını almaq üçün həmin dövlətlərin aidiyyəti qurumları və ictimaiyyəti birmənalı şəkildə ciddi mübarizə yolunu seçirlər. Seçməlidirlər də. Çünki bəşəriyyət faşizmin insanlığa vurduğu yaraların acısını hələ də unutmayıb və saysız-hesabsız faciələr tarix dərsliklərinin matəm rəngli səhifələrini “bəzəməkdədir”. Ermənilər isə nəinki öz faşistləri, terrorçuları ilə fəxr edir, üstəlik silahsız, dinc insanlara “faşist” damğası vuraraq onlara qarşı döyüşməyi qəhrəmanlıq sanırlar...

Rusiyameyilli və irqçi baxışları ilə fərqlənən “Erməni qartalları” terror qruplaşmasının “komandiri” Xaçik Asryan Rusiya Prezidenti Vladimir Putinə məktubla müraciət edərək döyüşlərdə iştirak etmək üçün Donbasa getmələrinə icazə verilməsini xahiş edib. Ermənistan mətbuatının “Past” qəzetinə istinadən yaydığı məlumata görə, məktubu Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinə verən Xaçik Asryan təmsil etdiyi təşkilat üzvlərinin Ukraynadakı NATO, Qərb dövlətləri qüvvələrinə və orada olan “faşistlərə” qarşı döyüşməyə hazır olduqlarını bildirib. Xarakterik erməni yanaşmasıdır – faşist yandaşları olan terrorçular vətənini müdafiə edənləri “faşist” adlandıraraq onlara qarşı döyüşmək istəyir.

Bundan bir neçə gün əvvəl rəsmi sosial şəbəkə hesablarından bəyanat yayan “Erməni qartalları” terror təşkilatı Rusiyanı Ermənistanın strateji müttəfiqi və xarici təhlükəsizliyinin yeganə təminatçısı adlandıraraq Ukraynaya bəslədikləri nifrətin səbəbini də açıqlayıblar: “44 günlük müharibə zamanı Ukrayna düşmənimizə hərbi, iqtisadi və mənəvi dəstək verib.”

Əlbəttə, Ukrayna ədalətli mövqe tutan bir sıra ölkələr kimi 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqq işinə mənəvi dəstək nümayiş etdirmişdi və xalqımız ona dost olanı da, düşmən olanı da yaxşı tanıyır. Ancaq etiraf etmək istəməsələr də ermənilərin özləri də yaxşı bilirlər ki, müharibədə şanlı Zəfəri biz öz müzəffər ordumuzun rəşadəti sayəsində, qəhrəman oğullarımızın canı-qanı bahasına və öz iqtisadi imkanlarımızla qazanmışıq. Elə həm birinci, həm də ikinci müharibədə iştirak etmiş terror təşkilatı “Erməni qartalları”nın da “tüklərini” Azərbaycan oğulları 2020-ci ildə yolub Qarabağ çöllərinə səpələyiblər. Yoluq, məğlub və mağmın “qartallar” Rusiyanın nəyinə lazımdır?

Cavid Əkbərov
Siyasi tullantı
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?