KÖŞƏ

Mahir Rəsuloğlu

Çoxsifətlilər...

12 aprel 2022 00:58
1780

Ermənilərin sərhəd tanımayan həyasızlıqları və böhtanları haqqında

Aşkar görünür ki, Belçika paytaxtında əldə edilmiş razılaşmadan cəmi dörd gün sonra Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yalan və böhtan dolu bəyanatı məqsədli şəkildə sülh danışıqlarının pozulmasına yönəlib. Aprelin 10-da yayılmış bəyanatda rəsmi şəkildə ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş açıq çağırışlar səsləndirilir, Azərbaycanın Qarabağ iqtisadi rayonunda mövcud olan qondarma separatçı quruma dəstək ifadə olunur. Ermənistanın “Artsax xalqının öz vətənində azad, təhlükəsiz və ləyaqətli yaşamaq hüququnun təmin edilməsinə” sadiqliyini bir daha təsdiq etdiyinin qeyd olunduğu bəyanatda, həmçinin dövlətimizə və xalqımıza qarşı etnik təmizləmə və soyqırımı böhtanı atılır. Bununla da düşmən ölkə növbəti dəfə danışıqlarda əldə edilmiş irəliləyişin konkret nəticələrlə yekunlaşmasında maraqlı olmadığını göstərir. Halbuki aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə regionda davamlı sülhün yaradılması prosesinin tezliklə başlaması ilə bağlı əhəmiyyətli razılaşmalara nail olunmuşdu.

Xatırladaq ki, görüşdən dərhal sonra Ş.Mişel həm Azərbaycan Prezidentinin, həm də Ermənistan baş nazirinin ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirliklərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırılması razılaşdırılıb. Eyni zamanda iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasının vacibliyi müzakirə edilib və qərara alınıb ki, bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyası yaradılsın. Ancaq indi belə çıxır ki, Nikol Paşinyan Brüsseldə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə öz xarici siyasət idarəsinə tamamilə başqa – pozucu istiqamətdə işləmək tapşırığı verib.

Ermənistan XİN-in bəyanatı açıq-aşkar revanşizmə rəsmi şəkildə dəstək nümayişi və bütün beynəlxalq hüquqi aktları kobud şəkildə pozmaqla təxribat cəhdidir.

Təbii ki, düşmən ölkənin xarici siyasət idarəsinin sülh danışıqlarına zərbə vurmağa yönəlmiş və həyasızcasına separatçılığı dəstəkləyən bəyanatı cavabsız qalmayıb, Azərbaycan XİN tərəfindən lazımi səviyyədə cavablandırılıb. Cavab bəyanatında düşmən ölkənin növbəti əsassız, hüquqa zidd, düşmənçilik dolu bəyanatı rədd edilir, iki dövlət arasında normallaşma addımlarının atılması qərarlarının verildiyi bir vaxtda Ermənistan tərəfinin dağıdıcı mövqeyi qətiyyətlə qınanılır. Bildirilir ki, Ermənistan XİN-in Azərbaycan ərazisində separatçılığı təşviq edən, beynəlxalq hüquqa zidd olaraq digər dövlətin daxili işlərinə müdaxilə olan, bölgədə sülh quruculuğu səylərinə xələl gətirən bu bəyanatı qarşı tərəfin əsl niyyətinin normallaşma və sülh şəraitində birgə yaşayış olmadığını nümayiş etdirir: “Bir milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyaraq, bu insanların 30 ilə yaxın fundamental hüquqlarını kobudcasına pozan, hərbi təcavüz zamanı çoxsaylı hərbi cinayətlər törədən, o cümlədən 613 mülki şəxsi Xocalıda bir gecədə vəhşicəsinə qətlə yetirən, hələ 90-cı illərin əvvəllərində itkin düşən və bir hissəsinin kütləvi məzarlıqları indi tapılan 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı cavabdehlik daşıyan və törətdiyi çoxsaylı cinayətlərə görə bu günədək məsuliyyətdən yayınan Ermənistan tərəfi hansı əsasla kütləvi qətldən, etnik təmizləmədən danışır?!”

Beləliklə, istər düşmən ölkə hakimiyyətinin, istərsə də Azərbaycan ərazisində hələ də mövcud olan qondarma rejim təmsilçilərinin açıqlamaları göstərir ki, mənfur və riyakar qonşular 44 günlük müharibənin nəticələrindən lazım olan dərsi almayıblar. Bəs gündə bir dona girən çoxsifətli ermənilərin yenidən alovlandırmaq istədikləri revanşizmin nəticəsi nə ola bilər? Heç ola bilməz ki, bunun Ermənistana yarada biləcəyi problemləri ermənilərin özləri anlamasın. Yəqin ki, bilirlər...