KÖŞƏ

Sevinc Azadi

Erməni xalqı qurbanlıq qoyundur?

19 aprel 2022 00:38
2064

Və yaxud Paşinyanın deyə bilmədikləri

Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib. Ermənistan mətbuatının yaydığı xəbərə görə, bu barədə İrəvanın mərkəzindəki Azadlıq meydanındakı mitinqdə müxalifət lideri Artur Vanetsyan bildirib. Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb. Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib. Vanetsyan aksiyada "Mən buradan heç yerə getmirəm”, “Qeyri-müəyyən etirazlara başlayırıq” kimi şüarlar səsləndirib. Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirib. “Şərəfim var” fraksiyasının lideri və Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bunun üçün “yol xəritəsi”nin tərtib olunacağını bildirib. O, əlavə edib ki, əsas vəzifə Paşinyanın istefasıdır.

Qeyd edək ki, buna səbəb son vaxtlar cərəyan edən proseslər, o cümlədən aprelin 6-da keçirilən Brüssel görüşündən sonra Ermənistanın Azərbaycanın təklifləri ilə razılaşmaq niyyətini ifadə etməsidir. Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində son çıxışları da bunu təsdiq edir. 44 günlük müharibənin yaddan çıxarılmamalı olduğunu vurğulayan Paşinyan qeyd edir: “Aprelin 13-nə olan məlumata görə, 44 günlük müharibədə Ermənistan tərəfinin itkiləri 3825 nəfərdir. Onların əksəriyyətinin cəsədləri 2021-ci ildə aşkar edilib. Yaxud şəxsiyyətləri müəyyən edilərək dəfn olunub. Eyni zamanda, bizi tərk etməyən bir sual da var – niyə belə oldu?”. Paşinyan bu suala özünün cavab verməli olduğunu deyib: “Mən həm müharibəyə, həm də məğlubiyyətə görə günahımı və məsuliyyətimi etiraf etdim. Amma mən 9 noyabr 2020-ci ildən sonra müxalifətin mənə ünvanladığı ittihamları heç vaxt qəbul etməyəcəm. Xüsusilə də məni torpaqları təhvil verməkdə və xəyanətdə ittiham edirlər”.

Paşinyan əlavə edib ki, Ermənistan hakimiyyəti müharibəni dayandırmağa çalışmadığı üçün tənqid edilir, lakin bu belə deyil: “İfadəmə görə üzr istəyirəm, amma biz xalqın qurbanlıq qoyun statusundan çıxması üçün yol açırıq. Müharibədə olub-olmamağı biz seçmirdik, biz heç nəyi həll etmirdik”. Paşinyan bir daha qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O, bu fonda Azərbaycanla sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu qeyd edib.

Paşinyanın bu mövqeyini Ermənistan müxalifəti ilə yanaşı, revanşist qüvvələr və Qarabağdakı rejimi qəbul etmək niyyətində deyil. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan qeyd edir: “Ermənistan hakimiyyəti birbaşa və ya dolayısı ilə təbliğat aparır ki, yeni müharibədən qaçmağın yeganə yolu Qarabağı Azərbaycanın tərkibində buraxmaqdır”. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qarabağ məsələsini yük hesab edir və bu yükdən qurtulmaq üçün sözdə sülh təbliğatı aparır.

Erməni politoloq Alen Gevondyan isə hesab edir ki, Paşinyan müharibədə uğradığı məğlubiyyətə görə yenidən özünə haqq qazandırıb və yeni güzəştlərə zəmin hazırlayıb: “O, əvvəlcə müharibənin günahını Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın və digər generalların üzərinə atmağa çalışıb. Paşinyan göstərmək istəyir ki, bütün bu adamlar ondan üstün deyillər, sanki onlar da hər şeyi bilib, heç nə etməyiblər. Onik Qasparyan vətənin xilası prosesinə başlayanda geri çəkilə bilməyəcəyini başa düşməli və Konstitusiya Məhkəməsinə müraciət etməməli, praktiki addımlar atıb ölkəni çətin vəziyyətdən çıxarmalı idi”. Erməni politoloq vurğulayıb ki, yaxın gələcəkdə həm xarici, həm də daxili siyasi elementlərlə bağlı kəskin proseslər gözlənilir.

Qarabağdakı separatçı rejimin təmsilçisi Qeqam Stepanyan hesab edir ki, beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görürsə, deməli, Ermənistan bu məsələdə uduzub. O, bu məsələdə Paşinyanı ittiham edib.

Lakin Paşinyan hakimiyyəti başa düşür ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz. Bu, Ermənistan üçün son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. Paşinyanın davranışı Ermənistanın bu son şansdan istifadə etmək niyyətini bir daha üzə çıxarır. Belə ki, Nikol Paşinyanın Ermənistan parlamentindəki çıxışında “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” deməsi, artıq bədnam qonşularımızın daşı ətəklərindən tökməyə başladıqlarından xəbər verir.