KÖŞƏ

Mahir Rəsuloğlu

Vətən bağı al-əlvandır!

12 may 2022 02:16
1333

İyirmi səkkiz il sonra Şuşaya qayıdan “Xarıbülbül” üçün gözaydınlığı...

Kim deyir ki Xarıbülbül onu sevib-əzizləyən, dəyərini bilənlərdən ayrı yaşaya bilərdi? Kim deyir ki, o, Şuşadan, Qarabağdan başqa heç yerdə bitmədi?

Zərif köklərini qarış-qarış yamaclarda üzüaşağı, təpələrdə üzüyuxarı ataraq, qarşısına çıxan daşlardan, qayalardan yol istəyərək, çaylardan imdad umaraq evindən-eşiyindən, doğma Şuşasından, Qarabağından zorla didərgin salınmış məcburi köçkünlərinin dalınca gəlmişdi Xarıbülbül. Anamız Azərbaycanın dörd bir yanına səpələnmişlərin dalınca – aranın istisində, ilanmələyən səhralarda yanıb-quruyub tələf olmuşdu, ağcaqanadlar hücum çəkib bir qətrə qanını-rişəsini çəkmişdi o gözəl sonanın. Şoran torpaqlarda, boz çöllərdə çaşıb qalmış, qərib-qərib göz yaşı tökmüşdü. Dağların şaxtasında solub, donub buz heykələ çevrilmişdi. Yalqızlığa, ya da murdar tapdaq sahibləriylə bir yaşamağa dözə bilməmişdi Xarıbülbül, məcburi köçkün düşmüşdü o da!

Kim deyir ki Şuşa Xarıbülbülsüz yaşaya bilərdi?

İyirmi səkkiz il yaşamadı ki Şuşa. Ömründən ömür getdi, başının dumanı əskik olmadı. Kirsi, Qırxqızı qan ağladı gecə-gündüz. Çal-çağıra, İsa bulağının suyu kimi təmiz səsə, muğama həsrət qaldı Oğuz yurdu.

İyirmi səkkiz il azadlığın, yenidən doğmalarına qovuşacağı o xoşbəxt günlərin həsrəti ilə, ümidi ilə yaşadı Şuşa. Bilirdi! Əmin idi ki, onu yağı yağmasında qoymarıq. Yoxsa narahat ruhlar dinclik tapmazdı, Şuşadan uzaqlarda “Şuşa” deyib can verənlərin ahı yandırardı yeri-göyü. Statuslarının əvvəlinə məcburiyyətdən “məcburi” yapışdırılmış yurd həsrətlilərin naləsindən gecələr ay işığında bambam təpə başına qalxıb Tanrıya üz tutan Qurdlar Tanrıdan üz çevirərdi.

Mövzu Vətən olunca, Şuşa olunca bu millətin, bu xalqın gücü, qəzəbi, böyüklüyü, ucalığı dünyanı heyrətə gətirdi. Bizlərdən olan, bizimlə olan hər kəs təkcə arxasında dayanmış hiyləgər yırtıcılardan güc alaraq çaqqal sürüsü kimi illər boyu torpağımıza göz dikənləri, onun müqəddəsliyini çirkli uzunboğaz çəkmələrinin tapdağı altında ləkələmək istəyənləri deyil, haqq savaşında qarşımıza çıxanları, haqqı nahaqqın ayağına verənləri və az qala bütün dünyanı əzib yerlə bir edəcək yumruğa çevrildi. Mövzu Vətən olunca, yatmış “qoca vulkan” oyandı, Şuşa, Qarabağ azadlığına qovuşana qədər nə az, nə çox, düz qırx dörd gün qırx dörd gecə çəngi çalındı! Və düşmən başına ələnən güllələrin, mərmilərin istisindən, atəşindən qara buludlar baş götürüb Şimala, Qərbə, hara gəldi qaçıb getdi. Səması aydınlandı Vətənin!

...Lap nağıllardakı kimi oldu. Düşmənin məhv edilməsiylə tilsim qırıldı və bir anda qurumuş bulaqlar çağlamağa başladı, boz təpələr ana südü ilə qarışdırıldıqda ölümcül yaralara məlhəm sehrli otlara, ətirli güllərə büründü. Şuşa yenidən həm Xarıbülbülünə, həm də “Xarıbülbül”ünə qovuşdu. Hər ikisi Vətənin mərdləri ilə birgə geri döndü və “Qafqazın konservatoriyası” iyirmi səkkiz il sonra yenidən musiqiyə, sənətə beşik olur. Özü də azadlığın ikinci ilində ikinci dəfə.

Şuşa xoşbəxtdir bu gün! Bir vaxtlar güllə səslərinin əks-səda verdiyi sıldırım qayaları yolunda canını fəda etmiş müqəddəs şəhid ruhlarının da dinclik tapacağı Azərbaycan musiqisindən, Türk musiqisindən feyziyab olacaq!

Vətən(in) (Qara)bağı al-əlvandır bu gün! Öz əzəli və əbədi sakinləriylə, sahibləriylə. İçindəki Xarıbülbülüylə, (Qara)bağı rövnəqləndirəcək qonaqlarıyla...

Gözün aydın olsun, Xarıbülbül, didərginliyinə son qoyuldu! Kökün öz torpağı ilə, özünsə ana Vətənin, doğma yurdun hər qarışı bu dünyanın cənnəti olan bağı ilə bütövləşdin!

Gözün aydın, “Xarıbülbül”, daha məkansız deyilsən!

Gözün aydın, Şuşa, festivalın mübarək!