KÖŞƏ

Mahir Rəsuloğlu

Cəm 6 edəcəkmi?..

19 may 2022 01:55
1407

Türkiyə və Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformasının reallaşmasına bütün region ölkələrinin ehtiyacı var

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsindən sonra irəli sürdükləri “3+3” əməkdaşlıq platformasının reallığa çevrilməsi bu gün bütün Cənubi Qafqaz regionu ölkələri, xüsusilə də Rusiya üçün daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Odur ki, Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin Türkiyə, Rusiya və İranın əməkdaşlığını nəzərdə tutan platforma mövzusunun yenidən gündəmə gətirilməsi gözlənilən idi. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko yerli mətbuata müsahibəsində bildirib ki, 3+3 regional konsultativ platforma tələbat olan və perspektivli mexanizmdir: “Biz bundan Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında əməkdaşlığı inkişaf etdirmək üçün fəal şəkildə istifadə etməyi planlaşdırırıq. Bu cür əməkdaşlığın məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən və qarşılıqlı etimadın artmasına töhfə verən məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur. Söhbət ilk növbədə regional çağırışlara cavab tapmaqdan və yaranan problemlərin regionların özləri tərəfindən həllindən gedir.”

Rusiyalı diplomatın sözlərinə görə, regionun bütün ölkələrinin bu prosesə cəlb edilməsi, məsələn, İrəvan və Bakı, İrəvan və Ankara arasında ticarət, enerji, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi yolu ilə dialoqun qurulması üçün əlverişli şərait yaradır. Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlıq üçün əlavə imkanlar regionun tranzit potensialının üzə çıxarılması, yeni çağırış və təhdidlərə qarşı mübarizədə qarşılıqlı fəaliyyətlə bağlıdır. A.Rudenko, həmçinin vurğulayıb ki, hazırda formatın ikinci iclasına hazırlıq gedir: “Biz bunu ilin birinci yarısının sonuna qədər həyata keçirməyi planlaşdırırıq. Nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələsinə gəlincə, bu, Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli ixtisaslaşmış işçi qrupu tərəfindən gerçəkləşdirilir. Bu istiqamətdə xeyli iş görülüb. Biz regionda konkret layihələrin həyata keçirilməsinə başlamağa imkan verəcək konkret qərarın tezliklə qəbuluna doğru gedirik”.

Qeyd edək ki, platformanın “3+2” formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın təmsilçiliyi ilə) ilk iclası 2021-ci il dekabrın 10-da Moskva şəhərində keçirilmişdi. İclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdı.

Göründüyü kimi, həmmüəllifləri regionda və dünyada yeni güc mərkəzinə çevrilən Türkiyə ilə onun strateji müttəfiqi, Cənubi Qafqazın şəriksiz lideri Azərbaycan olan əməkdaşlıq platforması indi Şimal qonşumuzu əvvəlkindən daha çox maraqlandırır. Buna böyük ehtimalla Rusiyaya Ukrayna ilə apardığı müharibə səbəbindən tətbiq edilən sanksiyalar da təsir etməmiş deyil. Bu sanksiyaların götürülməsi üçün isə hətta müharibə tez yekunlaşsa belə, uzun illər tələb olunacağını indi hər kəs yaxşı anlayır.

Cənubi Qafqaz regionunun mənzərəsi başqa bir maraqlı nüansı da göz önünə gətirir: İran uzun illərdir nüvə texnologiyasını inkişaf etdirməsi ittihamları ilə ABŞ və Qərb dövlətləri tərəfindən təzyiqlərə və sanksiyalara məruz qalır, azad iqtisadi ticarət həyata keçirə bilmir.

Ermənistanda vəziyyət İkinci Qarabağ müharibəsindən əvvəl də pis idi. Türkiyəyə qarşı “soyqırımı” böhtanı, torpaq iddiası, Azərbaycanın isə torpaqlarını işğal etməsi səbəbindən iki vacib qonşu ilə hətta diplomatik əlaqələr də dayandırılmış, ölkə yarımtəcrid vəziyyətinə düşmüşdü. 44 günlük müharibədə aldığı acı məğlubiyyətdən sonra düşmən ölkə daha ağır durumdadır və yalnız indi hələ ki hakimiyyətini qorumağı bacaran Paşinyan Ermənistanın yeganə çıxış yolunun əsassız iddialardan əl çəkərək sülhə və regional əməkdaşlığa başlamaq olduğunu dərk edir. Ermənilər onu da anlayırlar ki, işğalçılıq və boş xülyalar onları yumşaq desək ən azı 30 il geri salıb.

Nəhayət, platformada adı ilk üçlükdə çəkilən, Azərbaycan kimi separatçılıqdan əziyyət çəkən Gürcüstanın da ərazi bütövlüyü pozulub. Ancaq bizdən fərqli olaraq şimal-qərb qonşumuz hələ də sərhədlərini bərpa edə bilməyib və Abxaziya və Cənubi Osetiya münaqişələrinə görə Rusiya ilə əlaqələri yaxşı vəziyyətdə deyil.

Digər qonşuları ilə isə Gürcüstan daha çox ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə çalışır. Ancaq daha geniş formatda əməkdaşlıq daha geniş imkanlar yarada bilər.

Beləliklə, görünən budur ki, indiki vəziyyətdə “3+3” platformasına əməkdaşlıq təşəbbüsünü irəli sürən həmmüəlliflərdən daha çox digər region ölkələrinin ehtiyacı var. Türkiyə və Azərbaycan da təbii ki, qonşuları ilə əlaqələri genişləndirməyin və inkişaf etdirməyin tərəfdarıdırlar və bunu əməli olaraq da nümayiş etdirirlər. Çünki sülh hamıya, həmçinin bizim regiona lazımdır və bu baxımdan “3+3” platforması Cənubi Qafqazın mənzərəsini yaxşı mənada dəyişə bilər. 3-ün 3-lə toplanaraq 6-ya çevrilə bilib-bilməyəcəyini isə zaman göstərəcək.