KÖŞƏ

Vəli İlyasov

Satqınların buynuzu olmur ki!..

28 may 2022 01:13
1233

Onların soyadlarında yalnız “yan” çatmır

Satqınları tanımaq üçün onların başında buynuz axtarmaq yox, əməllərinə baxmaq lazımdır. Bunlar səhv eləmirlər, anadan olduqları, böyüdükləri, hesabına yeyib-içdikləri, təhsil aldıqları torpaqda xalqa bilərəkdən düşmənçilik edirlər. Onlar daim marığa yataraq qatı düşmənlərimizlə bərabər, məqam gözləyiblər və fürsət tapanda ilan kimi çalıblar. Görünür, yenə məqam yetişib, yığdıqları zəhər başlarını çatladır, onu boşaltmağın vaxtı çatıb.

Belə işlərin başında duran “Milli Şura” bu günlərdə beynəlxalq birliyi insan haqları məsələsində rəsmi Bakıya qarşı daha tələbkar olmağa çağırıb. Şuraçılar 14 may aksiyasını əllərində bayraq edərək dövlətimizi beynəlxalq qınaq obyektinə çevirmək istəyirlər. Özü də Azərbaycan üçün belə son dərəcə mühüm mərhələdə...

Uzun illərin gərgin mübaribəsinin nəticəsi olaraq Ermənistanla danışıqlarda çox həssas bir məqama gəlib çıxmışıq. Mayın 22-dəki məlum Brüssel görüşü, onun ardından Ermənistanda vəziyyətin gərginləşməsi, İrəvanda qəsdən aranın qarışdırılması, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyanın yaradılmasına dair Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları sərəncamlar, paraleldə yaradılan komissiyalar formatında ilk Ermənistan-Azərbaycan görüşünün keçirildiyi vaxtda “Milli Şura” adlı bədnam qurum beynəlxalq birliyi Azərbaycan dövlətinə qarşı tələbkar olmağa çağırıb. Hətta Azərbaycana kəskin sanksiyalar tələb etməyə hazır olan satqın “Milli Şura” ən həssas dövrlərdə hər zaman bu cür antimilli mövqeyi ilə seçilib.

Həsənçilərlə kərimçilərin bu namərdlikləri səssiz ötüşmür. Onların satqın hərəkətləri ictimaiyyət arasında rezonans doğurub. Hamı yerbəyerdən parazitlik edən bir ovuc satqını lənətləyib.

Lakin özlərini qədərindən artıq ağıllı sayan bu nanəcib adamlar dövlətçiliyin, milli maraqların nə olduğunu heç bir zaman anlamayıblar, indi də anlamırlar. Hamıya məlumdur ki, AXCP sədri Əli Kərimlinin zehniyyətində milli təəssübkeşlik yoxdur. Uzun illərdir ki, uğursuzluq kabusu yaşadığı üçün özünü heç yerdə tapa bilmir, tamamlaya da bilmir, idarə edə də bilmir. Ona görə də hər cür riyakarlığa, rəzilliyə imza atır.

“Milli Şura”nın "dezertir” sədrini isə "Azad söz” kanalından savayı haradasa gördüm deyən yoxdur. Ayağının biri burada, digəri lakeyi olduğu ölkələrdədir. Guya siyasətlə məşğul olur. Amma hansı siyasətlə, haranın siyasəti ilə? Yəqin bu suala özündən savayı heç kəs cavab verə bilməz. Amma cəsarəti yoxdur ki, ölkəyə qayıtsın, meydana çıxsın, heç olmasa yarımnormal siyasətçi kimi özünü aparsın, məqsədini açıqlasın. İndi qardaşağası Kərimli ilə beynəlxalq təşkilatlara müraciət edirlər ki, qoymayın, guya Azərbaycanda insan haqları pozulur. 14 may aksiyasını da əllərində bayraq ediblər. Təəccüblüdür ki, axı nə baş verdi həmin aksiyada? Onu ümumiyyətlə, aksiya adlandırmaq olardımı? Ən uzağı 20 nəfər olardı, ya olmazdı. Buna aksiya demək mümkünmü?  Kiçik bir yığnaq idi, uzağı piket demək olardı. Baxmayaraq ki, həmin mənasız aksiyanın özü qanunsuz idi. Ancaq paytaxt polisi həmişə olduğu kimi, yenə də maksimum səbrlə davrandı, ən xırda insident belə baş vermədi. Üstəlik,  həbs yox, cəzalandırılan yox, dəyən yox, dolaşan yox, necə deyərlər, bunlar üçün azad dünya, şən həyat.  Göstərsinlər ki, mini-aksiyada insan haqları harada pozuldu? Kim pozdu? Necə pozdu? Suallar çoxdur, ancaq ortaya bir nəfər çıxıb cavablandırmır.

Mayın 14-dən 14 gün keçib. Görəsən indi niyə yada düşüb bu sayıqlamalar? Şübhəsiz, yaxşı bilirlər ki, indi Ermənistanla sülh müqaviləsinin bağlanması  ərəfəsindəyik. Bu qədər həssas məqamı yaşayırıq. “Milli Şura”nın 3-5 ünsüründən savayı hamı Prezidentin, xalqın, dövlətin yanındadır. Hamı  qələbələrimizə sevinir, qürur duyur. Hamımız yekunu gözləyir, Prezidentin mükəmməl diplomatik gedişlərini dəstəkləyir. Amma Cəmil Həsənli ilə Əli Kərimlinin iyrənc cığallığı, təkəbbürü yenə ortadadır.  Tofiq kimi, Gültəkin kimilərlə bərabər! Səbəb də budur ki, iqtidarın qələbələrini, uğurlarını həzm edə bilmirlər. Onlar Azərbaycanın xoş gününə sevinmirlər. Bunlar o antimilli ünsürlərdir ki, zamanında  xaricdəki qəyyumları qarşısında hakimiyyətə gəlmək müqabilində Dağlıq Qarabağdan tamamən imtina etməyə hazır olmaları barədə şifahi razılığa gəlmişdilər. Amma indi birdən-birə mələk cildinə girərək vətən sevdalısına, insan hüquqları carçısına, təəssübkeşinə çevriliblər.  Müharibə ərəfəsində və gedişində, ondan sonrakı dövrdə də ölkədəki bütün siyasi partiyalar erməni vəhşiliyinə qarşı bəyanat imzaladılar, bütün iddialarından əl çəkərək dövlət başçısı İlham Əliyevə dəstək verdiklərini qətiyyətlə bildirdilər. Amma AXCPçi Əli Kərimli və “Milli Şura”lı Cəmil Həsənli orada da yox idi. İmza atmadılar. Özlərini çəkib uzaqda durdular.

Baş verənləri analiz etdikdə belə fikir yaranır ki, Ermənistandakı daşnaklarla və revanşistlərlə bizim Kərimli və Həsənlinin aralarında elə ciddi bir fərqləri yoxdur. Hədəfləri eyni, xəyanətləri eyni. Hər iki dəstə öz xalqına və dövlətinə qarşı ən alçaq yaramazlıqlara belə gedirlər. Fərq yalnız ad və soyadlardadır. Ancaq Vətənini, xalqını, əzizlərini pula-paraya satan adamın hansı ad və soyad daşıması elə də əhəmiyyətli deyil. Soyadlarının arxasına bir “yan” da yapışdırsalar o zaman ermənilərlə aralarında fərq qalmaz.