KÖŞƏ

Sevinc Azadi

Regionda “demokratiyanın parlayan ulduzu” sönür

08 iyun 2022 00:58
4708

Demokratiyadan dəm vuran Qərb isə bunu görməzdən gəlir

İki aya yaxındır ki, Ermənistan müxalifəti ölkənin baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər keçirir. Əsasən Koçaryan-Sarkisyan tandeminin nəzarəti altında olan siyasi qüvvələrin təşkil etdiyi etiraz aksiyalarına hakimiyyətin reaksiyası Paşinyanın təslim olmaq istəmədiyindən xəbər verir. Maraqlıdır ki, hökumətin mitinq iştirakçılarına qarşı repressiya siyasəti Qərbin aparıcı dövlətləri, demokratik təsisatlar və insan haqları təşkilatları tərəfindən niyə belə laqeydliklə qarşılanır?

İrəvanda hərəkəti dayandırmağa və barrikadalar qurmağa cəhd göstərən yüzlərlə etirazçının döyülməsi, zorla polis məntəqələrinə gətirilməsi, heç bir izahat verilmədən azı 3 saat ərzində saxlanılması Paşinyan hökumətinin özünün vaxtilə təşkil etdiyi mitinqlərin necə neytrallaşdırılması taktikasını çox yaxşı mənimsədiyini göstərir. Keçmiş prezident Robert Koçaryanın və KTMT-nin sabiq baş katibi, general-polkovnik Yuri Xaçaturovun oğullarının mitinqlərdə iştiraka görə saxlanılaraq polisə gətirilməsi ilə Nikol Paşinyan cəmiyyətə və opponentlərinə “sabiqlər”lə mübarizədə qətiyyət nümayiş etdirəcəyi mesajını ünvanlayır. Vaxtilə Nikol Paşinyanın özünün vəzifəyə təyin etdiyi keçmiş polis rəisi Valeri Osipyanın da etiraz aksiyası zamanı saxlanılması bu məsələdə heç kimə güzəşt edilməyəcəyinin göstəricisidir.

Saxlanılan və polis bölmələrinə aparılan aksiya iştirakçıları onlara qarşı çoxlu pozuntulara yol verildiyini bildirirlər. Hətta etirazçıların qurduğu çadır düşərgəsindəki insanlardan birinin ölümü də hökumətin mitinq iştirakçılarına qarşı sərt siyasətini dəyişməyib. Bir neçə il əvvəl məhz küçə etirazları dalğasında hakimiyyətə gəlmiş Nikol Paşinyanın bu siyasəti nə qədər təəccüb doğursa da, onu baş nazir kreslosuna əyləşdirən kənar qüvvələrin indi Ermənistanda yaşanan hadisələrə açıq-aşkar laqeydliyi erməni cəmiyyətində hiddətə səbəb olur. Təsadüfi deyil ki, Ermənistan parlamentinin deputatı Hayk Mamicanyanın rəhbərlik etdiyi müxalifətçilər qrupu Avropa İttifaqının diplomatik nümayəndələrinin və bəzi Avropa ölkələrinin səfirlərinin nahar etdiyi İrəvanın mərkəzindəki restoranlardan birinə daxil olmağa cəhd göstərib.

"Bizə dedilər ki, bu restoranda Avropa İttifaqının səfiri Andrea Viktorin, habelə Avropa İttifaqının müxtəlif ölkələrinin səfirləri nahar edirlər. Biz, əlbəttə ki, onlara yaxşı iştah arzulayırıq. Amma onlar Ermənistanda nə baş verdiyini görmürlərmi", -deyə Mamicanyan sual edib. Lakin polis “rüsvayçılıq, biabırçılıq” şüarı səsləndirən etirazçıların restorana girməsinə imkan verməyib.

Daim insan haqları və demokratiyadan dəm vuran Qərbin, beynəlxalq və regional təşkilatların susqunluğu hansı məntiqə söykənir? Şübhəsiz ki, siyasi məqsədəuyğunluq və ikili standartlar prinsipinə. Vaxtilə Paşinyanı hakimiyyətə gətirən küçə hərəkatını demokratiyanın əsil təzahürü kimi qiymətləndirən və etirazçılara qarşı atıla biləcək sərt addımların yolverilməz olduğunu bildirən Qərbin indi Ermənistan hökumətinin sərt tədbirlərinə biganə qalması bunun əyani sübutudur. Bu kontekstdə Nikol Paşinyanın ötən ilin noyabrında İrəvanda AŞPA-nın Monitorinq komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Kimo Kilyünen və Boriannu Aberqlə görüşünü xatırlatmaq çox yerinə düşür. Həmin görüşdə xanım Boriannu Aberq Ermənistanı "regionda demokratiyanın parlayan ulduzu" adlandırıb. Halbuki, “Sərhədsiz reportyorlar” təşkilatının 2022-ci il üçün KİV-lərin azadlığı barədə hazırladığı hesabatda Ermənistan cəmiyyətinin misilsiz dərəcədə dezinformasiyaya və nifrətin qızışdırılmasına, erməni mediasının hakimiyyət və hakimiyyətə yaxın dairələr tərəfindən ciddi təzyiqlərə məruz qaldığı göstərilir. Bu nifrətin dərəcəsinin Ermənistan-Azərbaycan qarşıdurması məsələsində daha yüksək səviyyədə olduğu vurğulanır ki, İrəvandakı son etiraz aksiyaları bunu bir daha sübut edir.

“Hayastan” partiyasının lideri, Ermənistanın Milli Təhlüksizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın başçılıq etdiyi “Müqavimət” hərəkatının iştirakçıları “türklərsiz Ermənistan” qışqıra-qışqıra ölkənin Xarici İşlər Nazirliyi qarşısında aksiya keçiriblər. Ermənistanda yaşanan son hadisələrdə ən maraqlı məqamlardan biri də ASALA erməni terror təşkilatının üzvü Hampik Sasunyanın etiraz aksiyalarında iştiraka görə saxlanılaraq polis bölməsinə aparılmasıdır. 1982-ci ildə Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki konsulu Kamal Arıkanı qətlə yetirdiyinə görə apellyasiya hüququ olmadan ömürlük həbs cəzası almış Sasunyan ABŞ məhkəməsinin “humanist”liyi nəticəsində ötən ilin yazında azad edildikdən sonra payızda Ermənistana gəlib. Açığı, Ermənistanda revanşistlərin Azərbaycana qarşı nifrətinin qızışdırıldığı bir vaxtda terrorçu Sasunyanın azadlığa buraxılması da başadüşülən deyil.

Göründüyü kimi, bu gün "qara dəliyə" çevrilmiş Ermənistanı regionda demokratiyanın “parlaq ulduzu” kimi qələmə vermək cəhdlərinin hansı maraqlara xidmət etdiyi daha da aydınlaşır.