KÖŞƏ

Sevinc Azadi

Zaman Ermənistanın ziyanına işləyir

18 iyun 2022 01:57
5074

İrəvanda revanşistlərin etiraz aksiyaları hələ də davam etməkdədir. Özü də ənənəvi absurd “türklərə Ermənistanda yer yoxdur” kimi şüarlarla... Bütün platformalarda Qarabağ ermənilərinə Azərbaycan dövlətinin yurisdiksiyasından kənarda status verilməsi haqqında tələb irəli sürür, erməni toplumunu “satqın Paşinyan”a qarşı birləşməyə çağırırlar.

Göründüyü kimi, Ermənistandakı radikal kəsim budəfəki Brüssel anlaşmasının da kağız üzərində qalması üçün var gücü ilə hərəkətə keçib. İşğalçı ölkə bu qədər itkilərə rəğmən, yenə də məkrli niyyətindən, “status-kvo”nu saxlamaq istəyindən əl çəkmir. Əlbəttə ki, belə siyasi oyunbazlıqlar keçməyəcək. Çünki rəsmi Bakı belə oyunlara sonsuzadək dözüm göstərmək niyyətində deyil. Bundan başqa, Qarabağda ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması kimi problemlər Azərbaycanın daxili məsələsidir. Ermənistanın bu məsələlərə qarışmağa heç bir haqqı yoxdur. Lakin belə görünür ki, İrəvan hələ də bu reallığı qəbul etmək istəmir. Halbuki, reallığın qəbul edilməməsi Ermənistanın özünə baha başa gələ bilər. Bu xüsusda Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılışındakı nitqində qarşı tərəfə çox mühüm mesajlar ünvanlayıb.

Dövlət başçısı qəti olaraq vurğulayıb ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altında qoymağa davam etsə, Azərbaycanın başqa seçimi olmayacaq və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq: “Tarixi nöqteyi-nəzərdən bizim bunu etməyə daha çox haqqımız var. Çünki son əsrin tarixi aydın şəkildə göstərir ki, 1920-ci ilin noyabrında, Azərbaycanın sovetləşdirilməsindən 6 ay sonra sovet hökuməti Azərbaycanın tarixi hissəsi olan Zəngəzuru qoparıb Ermənistana verib. Ona görə də əgər Ermənistan Qarabağdakı ermənilər üçün status tələb etsə, nə üçün Azərbaycan Qərbi Zəngəzurdan olan azərbaycanlılar üçün status tələb etməsin? Çünki orada tam olaraq azərbaycanlılar məskunlaşmışdı. Beləliklə bu, çıxılmaz vəziyyətə səbəb ola bilər. Düşünürəm ki, Ermənistan hökuməti İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır, bu dərsləri yaxşı öyrənməlidir və Azərbaycana qarşı istənilən ərazi iddialarından çəkinməlidir”.

Hazırda Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, həqiqi qonşu olmaq və ərazi iddialarından çəkinməyə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Artıq Qarabağ problemi başa çatıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Şərtləri Azərbaycan diktə edir və bundan sonra da belə olacaq. Müharibədə məğlub olmuş Ermənistan isə yaranmış yeni vəziyyətə uyğun davranmağa məhkumdur, imzalanan kapitulyasiya aktı və digər müvafiq sənədləri son bəndinə qədər icra etməyə borcludur. Ermənistan rəhbərliyi sərhədlərin müəyyən edilməsi prosesinin gedişinə bundan sonra da hər vəchlə mane olmaq, prosesi ləngitmək istəsə, unutmamalıdır ki, bu, Azərbaycan tərəfinin səbrinin tükənməsinə, Azərbaycan Ordusunun öz gücünü yenidən nümayiş etdirməsinə gətirib çıxara bilər. Bir sözlə, zaman Ermənistanın ziyanına işləyir.