KÖŞƏ

Mahir Rəsuloğlu

Qartal olub göylərində süzüm mən!

21 iyun 2022 23:54
1479

Xankəndini Ermənistanla birləşdirəcək yeni yolun istifadəyə verilməsi ilə Laçın şəhəri də tam azadlığına qovuşacaq

“Yaxın günlərdə Laçın şəhəri və ətraf kəndləri Azərbaycana təhvil veriləcək!” Bu, ermənilərin son günlər sosial şəbəkələrdə ən çox müzakirə etdikləri mövzulardan biridir. Hətta təhvil-təslimin tarixi haqqında versiyalar da var. Ermənilər iyulun 1-ni Laçının “xəyanətkar təslim günü” adlandırırlar. Onlar ümidsizliklə və qəzəblə şəhərin və ətraf kəndlərin tam olaraq Azərbaycanın nəzarətinə keçməsi üçün hazırlığın getdiyini, işğaldan sonra burada məskunlaşmış və ya başqa ölkələrdən gətirilərək məskunlaşdırılmış ermənilərin həmin əraziləri tərk etməli olacaqlarını bildirirlər. Hətta bir çox sosial şəbəkə istifadəçiləri hadisələri qabaqlayaraq Laçının ordumuzun nəzarəti altına keçməsi ilə bağlı rəsmi təsdiqini tapmayan videogörüntülər də paylaşırlar. Bütün bu müzakirələrin səbəbi isə Azərbaycan və Ermənistan arasında Laçından yan keçən yeni yolun tikintisinin başa çatmaq üzrə olmasıdır...

Erməni jurnalist Nairi Oxikyan Laçında Azərbaycanın tikdiyi yeni yolla bağlı narahatlığını bildirərək öz “Facebook” səhifəsində yazır ki, 2022-ci il may ayının ortalarında Ermənistan baş nazirinin ofisinə, Xarici İşlər  və Ərazi İdarəetmə nazirliklərinə, Sünik (Zəngəzur) regional administrasiyasına yazılı sorğu göndərib və soruşub: Hökumətin bu yolun tikintisindən xəbəri varmı? Alternativ yol ermənilər üçün nə dərəcədə məqsədəuyğundur? N.Oxikyan iyunun 8-də baş nazirin aparatından rəsmi cavab alıb: “Burada onların Berdzor (Laçın), Ağavno (Zabux) və ətraf əraziləri təhlükəsizliyə heç bir təminat almadan təslim etməyə hazır olduqları barədə etiraf var. Bu iki yaşayış məntəqəsində yaşayan ermənilərin bir qismi getməmək qərarına gəliblər. Biz onların qayğısına qalmalıyıq.”

Yayılan məlumatlarda, N.Oxikyanın bildirdiyi kimi, Azərbaycana təhvil veriləcək Laçın şəhəri və ətraf kəndlərdə məskunlaşmış ermənilər arasında müqavimət göstərəcəklərini bəyan etmiş qüvvələrin olduğu da bildirilir. Təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən düşmən qüvvələrin törədə biləcəyi hər cür təxribat cəhdlərinə qarşı lazımi tədbirlər görülmüşdür və görüləcəkdir. Bəzi xəbərlərə görə isə Laçını tərk etməli olduqlarını anlayan ermənilər tərəfindən şəhərdəki evlərin, tikililərin, hətta tarixi-mədəni abidələrimizin dağıdılması halları baş verir. Daha sonra bildirilir ki, artıq erməni silahlıların və təxminən 50-yə yaxın erməni ailəsinin Zabux ərazisindən köçürülməsinə başlanılıb.

Xatırladaq ki, Laçın dəhlizinə alternativ yolun çəkilişi ilə bağlı razılaşma 2020-ci il noyabr ayının 9-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanmış 44 günlük Vətən müharibəsində Ermənistanın məğlubiyyətini rəsmiləşdirən üçtərəfli Bəyanatın 6-cı bəndində nəzərdə tutulub. Orada qeyd edilir ki, Ermənistan 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın (İndiki Qarabağ iqtisadi rayonu) Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir. Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yerləşdiriləcək.

Azərbaycan hakimiyyəti tərəfindən üçtərəfli Bəyanatın 6-cı bəndinin icrası ilə bağlı lazımi addımlar müharibə bitdikdən az sonra atıldı və işin icrasına başlandı. Qısa müddətdə yolun planı hazırlandı, çəkilişlərinə başlanıldı və Bəyanatda nəzərdə tutulmuş üç ilin təxminən yarısı ərzində yol hazır olmaq üzrədir. Müxtəlif erməni mənbələrində Laçın şəhərinin təhvil verilməsinin iyul ayında baş tutacağı ilə bağlı xəbərlər həm də ondan qaynaqlanır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu ilin fevralında mətbuata açıqlamasında yeni avtomobil yolunun bu ilin iyul ayına qədər istifadəyə veriləcəyini bildirmişdi. Dəqiqdir ki, yolun çəkilişi ən geci bu ilin sonuna kimi yekunlaşacaq və beləliklə də, Laçın şəhərinin tam olaraq Azərbaycanın nəzarətinə keçməsi prosesi başa çatacaq.

Daha bir maraqlı məqam odur ki, alternativ yolun açılması reinteqrasiya üçün minipilot rolunu oynayacaq və bütün belə proses üçün bir növ katalizator olacaq. Çünki şəhərin və ətraf kəndlərinin təhvil verilməsi ilə Laçında yaşayan ermənilər qalmaq və ya getmək barədə qərar verməlidirlər. Məlumdur ki, onlar yalnız bir şərtlə - Azərbaycan vətəndaşlığını qəbul edərək qala biləcəklər.

Torpaqlarımızın azad olunması, bərpa edilmiş dövlət sərhədimizdə mövqelərimizin möhkəmləndirilməsi dövlətimizin məqsədyönlü siyasətinin və  planlı fəaliyyətinin nəticəsidir. Addım-addım böyük hədəflərimizə doğru yaxınlaşırıq. Daha azadlığına qovuşmuş digər rayonlarımızda olduğu kimi, Laçında da yeni həyatın başlayacağı, şəhərin yenidən cənnətə çevrilməsi işlərinə start veriləcəyi, laçın kimi Azərbaycan oğullarının qartal olub Laçının dağlarında süzəcəyi günlərə az qalıb. Çox az!