KÖŞƏ

Mahir Rəsuloğlu

“Sizə baş əyirəm, əllərinizdən öpürəm...”

24 iyun 2022 01:16
2062

Ermənistandakı bioloji laboratoriyalar və İrəvanda baş verən növbəti “ABŞ-Rusiya qarşıdurması” haqqında

Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyan əleyhinə aprelin 26-dan başlatdığı etiraz aksiyaları nəticəsiz yekunlaşdı, İrəvandakı Fransa meydanında qurulmuş çadırlar söküldü. Ancaq düşmən ölkədə sabitlik uzun sürmədi və bu dəfə paytaxt fərqli məzmunlu şüarların şahidi oldu. ABŞ-ın bu ölkədəki bioloji laboratoriyalarının mövcudluğuna etiraz edənlər əllərində “Ermənistan laboratoriya eksperimentləri yeri deyil”, “Əhalinin sağlamlığına təhlükə yaratmaq yolverilməzdir” yazılmış plakatlar, başlarında əleyhqazlar İrəvandakı Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin qarşısına yığışdılar. Şüarlardan da bəlli olduğu kimi, etirazçılar ABŞ-ın laboratoriyalarında bioloji silahlar hazırlana biləcəyini və bunun ölkə vətəndaşlarının təhlükəsizliyinə təhdid olduğunu iddia edirdilər. Özü də bu, eyni məzmunlu ilk aksiya deyildi və yəqin sonuncu da olmayacaq.

Əvvəlcə aksiyanın təfərrüatları haqqında. Etiraz tədbirinin təşkilatçısı, “Zartonk” hərəkatının lideri Ara Zöhrabyan qeyd edib ki, Ermənistan ərazisində, konkret olaraq Lori, Şirak, Tavuş və Zəngəzurda (Sünik) rəsmi olaraq 8 (bəzi erməni mənbələrində bu rəqəm 12-dir) laboratoriya fəaliyyət göstərir və həmin laboratoriyalar ölkənin təhlükəsizliyinə, həmçinin vətəndaşların sağlamlığına ciddi təhlükə yarada bilər. A.Zöhrabyanın sözlərinə görə, tibbi laboratoriyalar ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilməməlidir. Çünki bu, laboratoriyalarda Ermənistan və digər ölkələr üçün təhlükəli olan müxtəlif hərbi təcrübə və eksperimentlərin aparıla biləcəyinə imkan yaradır: “Bütün maraqlı dövlətlərin, o cümlədən ABŞ-ın nümayəndəsinin iştirakı ilə şəffaf araşdırma aparılmalıdır və erməni cəmiyyəti bu suala cavab almalıdır: Bioloji silahlar üçün materiallar hazırlanıbmı?”

Etiraz aksiyası kiçik səhnəcik ilə başa çatıb. Əvvəlcə iki nəfər Ermənistanın səhiyyə naziri Anahit Avanesyan və milyonçu Bill Qeytsin maskalarında “səhnəyə çıxıblar”. Daha sonra onlar maskaları dəyişiblər və bu dəfə baş nazir Nikol Paşinyanla  Corc Sorosun obrazını yaradıblar. Guya ki, Paşinyan Sorosla danışıqlar aparır və o, proqramları maliyyələşdirir. Sonda isə “Soros”dan asılı vəziyyətə düşən “Paşinyan” baş nazirə məxsus ifadəni dilə gətirir: “Sizə baş əyirəm, əllərinizdən öpürəm...”

Aksiya bir az da komik səhnəcik vasitəsilə Ermənistanın baş nazirinə qarşı yönəlmiş olsa da, əvvəla çox ciddi məzmunu ilə diqqət çəkir. Məsələ burasındadır ki, düşmən ölkədə ABŞ-a məxsus biolaboratoriyaların mövcudluğu uzun müddətdən bəridir tez-tez gündəmə gətirilir və dünyanın iki böyük dövlətinin maraqlarının məhz burada və bu mövzuda toqquşmasına səbəb olur. Bir müddət öncə - 2022-ci il mayın 19-da Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yaymışdı ki, ABŞ və onun müttəfiqləri Ermənistanın Rusiya sərhədlərinə yaxın ərazilərində müəyyən fəaliyyətlər göstərirlər, ancaq nə etdiklərini izah etmirlər. Hətta təxminən həmin vaxt Rusiyanın xarici işlər naziri Sergey Lavrov da TASS-a açıqlamasında bildirmişdi ki, Amerika tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalar Ukraynadan başqa Ermənistan və Mərkəzi Asiyada yerləşir: “Belə laboratoriyalar Ermənistanda, Qazaxıstanda və digər Mərkəzi Asiya ölkələrində var. Biz həmin ölkələrlə bu problemi ikitərəfli formada və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı vasitəsilə nəzərdən keçiririk.”

S.Lavrov onu da əlavə etmişdi ki, Rusiya demək olar bütün MDB ölkələri ilə bioloji təhlükəsizlik üzrə əməkdaşlıq memorandumları bağlayıb və ya bağlamağı planlaşdırır. Sənədlər hər bir ölkədə bioloji proqramların necə inkişaf etdiyi barədə qarşılıqlı məlumatlandırmanı, qarşılıqlı səfərləri və laboratoriyaların fəaliyyəti ilə tanışlığı nəzərdə tutur: “Bundan əlavə, orada yazılıb ki, tərəflərin hər birinin bioloji obyektlərində heç bir üçüncü tərəfin hərbi nümayəndələri olmamalıdır.”

Beləliklə, sözdə nə qədər yaxın müttəfiq olduqlarını bəyan etsələr də əməldə Ermənistanın təkcə Rusiya ilə yaxınlığa qane olmadığı görünür və deyəsən, Şimal qonşumuz öz vassalına lazımi qədər nəzarət edə bilməyib.

Mövzunun baş nazirlə əlaqələndirilməsinə gəlincə, faktdır ki, Ermənistanda ABŞ-a məxsus bioloji laboratoriyaların fəaliyyətə başlaması ilə bağlı məlumatlar “Soros uşağı” Nikol Paşinyandan xeyli əvvələ təsadüf edir. Hələ 1998-ci ildə Vaşinqtonda “Yeni əsr üçün ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası” qəbul edildikdən sonra kütləvi qırğın silahlarının yayılmaması sahəsində əməkdaşlığa dair çərçivə sazişlərinin imzalanmasına diqqət yetirildi. Belə bir müqavilə 2000-ci ildə Ermənistanla imzalanıb və 2002-ci ildə qüvvəyə minib. “Bioloji təhlükənin azaldılması üzrə tədbirlər haqqında” Saziş 2010-cu ilin sentyabrında imzalanıb, lakin İrəvanın ABŞ Müdafiə Departamentinin Təhdidlərin Azaldılması Agentliyinin (DTRA) “Bioloji təhlükələrin azaldılması proqramı”nın fəaliyyətində iştirakı 2008-2009-cu illərdə başlayıb. Həmin vaxt isə məlum olduğu kimi, N.Paşinyan heç bir səlahiyyət sahibi deyildi.

Beləliklə, etirazçıların Nikolu ABŞ-a məxsus bioloji laboratoriyaların Ermənistanda mövcudluğu və fəaliyyətində günahlandırması belə demək mümkünsə, ədalətli deyil. Bunu yəqin aksiyanın təşkilatçıları da, iştirakçıları da yaxşı bilirlər və ehtimal çoxdur ki, baş verənlər İrəvanda ABŞ-la Rusiyanın toqquşan maraqlarının növbəti “səhnələşdirilmiş tamaşasıdır”.