KÖŞƏ

Mahir Rəsuloğlu

Qalib, güclü və bütöv!

25 avqust 2022 01:49
1448

...növbəti hədəf isə Ermənistanla sərhədlərin delimitasiyasına və təhlükəsizliyinə nail olmaqdır

Ermənilərin işğal illərində qeyri-qanuni məskunlaşdıqları Laçın şəhərinin və rayonun kəndlərinin boşaldılaraq Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi və Qarabağ iqtisadi rayonunu düşmən ölkə ilə əlaqələndirən keçmiş SSRİ dövründə yaradılmış dəhlizin fəaliyyətinin dayandırılmasından sonra Azərbaycanın Ermənistanla dövlət sərhədinin bərpası prosesində son halqa da yerinə oturmuş olur. Beləliklə də ərazi bütövlüyümüz planlaşdırıldığı kimi, de-fakto tam təmin edildi və növbəti mərhələ olaraq iki ölkə arasında sərhədlərin öncə delimitasiyasına, daha sonra isə demarkasiyasına başlanması qaçılmaz zərurətə çevrildi. Necə deyərlər, növbə bu dəfə ortaq xəttin çəkilməsinə, həmçinin uzun illər erməni nəzarətində qalmış anklavların – Qazax rayonunun yeddi və Naxçıvan Muxtar Respublikasının bir kəndinin taleyinə maraqlarımız çərçivəsində aydınlıq gətirilməsinə çatdı...

Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, alternativ yolun çəkilişləri başa çatdıqdan sonra Laçının, Zabux və Susun boşaldılması üçün avqustun 25-dək müddət verildiyi bildirilirdi. Lakin artıq avqustun 23-də köçürülmə demək olar ki, tam yekunlaşdırıldı. Elə həmin vaxtdan da Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanıldı. Bundan bir gün sonra videogörüntülərin yayılması ilə söküntü işlərinin sürətlə həyata keçirildiyi öz təsdiqini tapdı. Müvəqqəti postlar Qarabağın ermənilər yaşayan ərazisi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.

Bəs hadisələrin gedişi daha nələr vəd edir və növbəti mərhələdə hansı addımların atılması gözlənilir? Öncəliklə, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı növbəti görüşlərin məhz bu ərəfədə keçirilməsi təsadüfi deyil. Çünki həm son hadisələr bunu zəruri edir, həm də Ermənistan rəhbərliyi qalib tərəf olan Azərbaycanın üçtərəfli Bəyanatın tələblərinin icrası ilə bağlı təkidli tələblərinə əməl etməkdən başqa çarəsi olmadığını yaxşı anlayır. Üstəlik sözügedən Bəyanatın müddəalarının həyata keçirilməsi həmin sənəddə üçüncü imza sahibi olan Rusiyanın da qarşısında öhdəlik olaraq durur. Şimal qonşumuz isə Ukrayna ilə müharibə apardığı indiki vaxtda Ermənistan tərəfindən hadisələrin gedişinə hər hansı sürpriz əlavələr edilməsinə imkan vermək fikrində deyil. Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması bir sıra Qərb və digər region ölkələrinin, xüsusilə strateji tərəfdaşımız olan qardaş Türkiyə Respublikasının da ciddi maraq dairəsindədir. Bütün bunlar və baş verən son proseslər sərhəd komissiyalarının öz fəaliyyətlərini sürətləndirmələrinin zəruri olduğunu göstərir. Təsadüfi deyil ki,

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşməsi üzrə delimitasiya komissiyalarının nümayəndələrinin avqustun sonunda Moskvada görüşəcəkləri artıq razılaşdırılıb. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən erməni mətbuatına verilmiş məlumata görə, iclasın gündəliyi tam məlum olmasa da, vaxtı və yeri müəyyənləşdirilib.

Xatırladaq ki, sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli komissiyanın yaradılması barədə razılıq Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında 2021-ci il noyabrın 26-da Soçi şəhərində əldə edilib. Komissiyanın ilk iclasının bu il mayın 16-17-də Rusiyanın paytaxtı Moskvada keçirilməsi nəzərdə tutulsa da, görüş erməni tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən təxirə salınmış və yalnız bundan bir həftə sonra, mayın 24-də baş tutmuşdu. Təbii ki, daha çox tanışlıq xarakteri daşıdığından Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının ilk iclasından ciddi nəticələr gözləmək mümkün deyildi. Budəfəki görüş isə daha ciddi irəliləyiş və prosesə başlamaq perspektivi vəd edir.

Görünür, məhz bu ərəfədə – avqustun 24-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının aparılması da təsadüfi deyil. Erməni mətbuatının məlumatına görə, rəsmi İrəvanın təşəbbüsü ilə baş tutan danışıq zamanı tərəflər Qarabağdakı durumu, regionda sabitliyin qorunması üçün Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə ediblər. Eyni zamanda, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının vacibliyi vurğulanıb.

Beləliklə, iki ölkə arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının müəyyən fasilədən sonra fəaliyyətə başlamaları və növbəti görüşün keçirilməsi təkcə bizim üçün deyil, bütün region üçün çox mühüm nəticələrlə yekunlaşa bilər. Ən önəmlisi isə odur ki, bütün bu proseslər Azərbaycanın qarşısına qoyduğu məqsədlərə doğru inamlı addımlarla irəliləməsinin növbəti sübutu, yeni uğurların başlanğıcıdır. Yeni uğurlar isə bizi yeni hədəflərə çatdıracaq...