KÖŞƏ

Mahir Rəsuloğlu

Saxtakarlıq petisiyası...

30 avqust 2022 01:39
1281

Amerika ermənilərin nazı ilə niyə bu qədər oynayır?

Artıq iki həftədir ki, Amerika Birləşmiş Ştatlarında yaşayan ermənilər yeni petisiya yaradaraq bu ölkənin ali qurumlarına Azərbaycan əleyhinə müraciətlər göndərirlər. Amerika Erməniləri Milli Komitəsinin (AEMK), başqa adla “Hay Dat”ın təşkilatçılığı və qurumun internet saytının texniki imkanları ilə başladılan aksiyanın məqsədi ölkəmizə qara yaxmaq, uydurma ittihamlarla onun nüfuzuna xələl gətirmək və ən başlıcası, ABŞ hökumətinin Azərbaycana hərbi və digər yardımlarını dayandırmağa nail olmaqdır. Petisiyanın ilk baxışdan görünməyən hədəfi isə Amerika-Azərbaycan münasibətlərini zədələməkdən ibarətdir.

Ermənistan mətbuatının məlumatına görə, Birləşmiş Ştatların bu ölkənin müxtəlif yerlərində yaşayan onminlərlə erməni sakini öz ərazilərindən seçilmiş konqresmenlərə məktublar göndərərək guya Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində “etnik təmizləmə” siyasəti yürütdüyünü bildiriblər. Onların tələbləri isə niyyətlərini daha aydın göstərir: “Niyə verdiyim vergi dollarlarını öz doğma vətənləri “Artsaxda” (Qarabağda) xristian ermənilərə qarşı etnik təmizləmə aparan neftlə zəngin Azərbaycan Ordusuna göndərirsiniz?”

Göründüyü kimi, təşkilatçı “Hay Dat” bu ölkənin büdcəsinə vergi ödədiklərini xatırlatdıqdan sonra guya Qarabağın ermənilərin doğma vətənləri olduğu və orada etnik təmizləmə aparıldığı ilə bağlı ard-arda yalanlar uydurur, çox böyük hiyləgərliklə bütün bunların “xristian ermənilər”ə qarşı törədildiyini iddia edir və beləliklə din amilindən də yararlanmağa çalışır.

Məlumatda, həmçinin petisiyanın konkret nəticə əldə edə bilməsində ABŞ-ın Azərbaycana yardımını dayandırmaq üçün mübarizəni davam etdirən ermənipərəst konqresmenlər Frank Fallon və Dina Titusun köməyindən də istifadəyə ümid bəsləndiyi bildirilir. Çünki Fallon və Titus Konqresə USAID-ın Qarabağdan Ermənistan getmiş “köçkün”lərə dəstək üçün bu günə qədər cəmi 5 milyon dollar ayırdığını, bu məbləğin humanitar böhranı həll etmək üçün kifayət etmədiyini və “Qarabağ əhalisinin” bu yardımı almamasından narahat olduqlarını bildirən məktub ünvanlayıblar. Məktubda ABŞ dövlət katibi Entoni Blinken və USAID-in rəhbəri Samanta Pauer Ermənistana köçmüş “artsaxlılara” göstərilən yardımı, Bayden administrasiyası isə Qarabağa birbaşa dəstək istiqamətində fəaliyyətini gücləndirməyə, ehtiyacların qiymətləndirilməsini həyata keçirməyə çağırılır. “Hay Dat” iddia edir ki, ABŞ Konqresinin Erməni məsələləri üzrə İşçi Qrupunun həmsədri Ceki Spir və Nümayəndələr Palatasının komitə sədri Adam Şiff artıq bu təşəbbüsü dəstəklədiklərini bəyan ediblər. İndi ermənilər mümkün qədər çox konqresmenin imzasını təmin etməyə çalışırlar. Bunun üçün AEMK-nın “sürətli cavab proqramı” vasitəsilə çoxlu sayda fərdi məktublar Konqres rəsmilərinə göndəriləcək. “Hay Dat” petisiyaya çoxlu sayda ABŞ-ın qeyri-erməni vətəndaşlarının, həmçinin Komitə ilə tərəfdaşlıq edən təşkilatların fəallarının da qoşulduğunu bildirir.

Bəs Amerika Erməniləri Milli Komitəsi və ya digər adı ilə “Hay Dat” ABŞ-da nə işlə məşğuldur? Təşkilatın fəaliyyəti istiqamətlərində qaranlıq məqamlar hansılardır?

Komitə əsasən Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Bu ölkədə, eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir, ermənilərin radikal millətçi, daha doğrusu nasist Daşnaksütyun partiyası ilə sıx əlagələrə malikdir. Qondarma “erməni soyqırımı”nın tanınması məqsədi ilə kampaniyalar təşkil edir və digər lobbiçilik fəaliyyəti ilə məşğul olur.

Əksər erməni təşkilatları kimi, “Hay Dat”ın da adı terror hadisələrində hallanır. 1999-cu ildə Komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah sursat saxlamasına görə ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.

Günümüzdə isə “Hay Dat”ın fəaliyəti əsasən Ermənistana və Qarabağ seperatçılarına maddi və siyasi yardım göstərilməsini təşkil və təmin etmək, ABŞ Prezidentinə və siyasi elitasına təsir və təzyiq göstərərək “erməni soyqırımı”nı tanıtmaq və Türkiyədən təzminat alınmasına nail olmaq istiqamətində qurulub.

Təəssüf doğuran faktdır ki, Azərbaycanın strateji tərəfdaşı olan ABŞ nəinki adı terror aktlarının təşkilində hallanmış bir təşkilatın şübhə dolu əməllərinə göz yumur, fəaliyyətinə şərait yaradır, üstəlik mütəmadi olaraq ermənipərəst mövqe sərgiləməkdən çəkinmir. Özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən bir dövlətin ədalət prinsiplərini açıq-aşkar digər maraqlar naminə tapdalaması ilk növbədə onun öz imicini zərbə altında qoyur, onun demokratik dəyərlərə münasibəti ilə bağlı ciddi suallar yaradır. Necə ki, ABŞ səfiri əzəli və əbədi torpağımız, qədim qalamız Şuşada avqustun 27-də ölkəmizdə akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndənin iştirakı ilə keçirilmiş konfransa dəvət olunduğu halda tədbirdə heç bir əsaslı səbəb olmadan iştirak etmədi. Üstəlik, bu, ilk də deyildi. Bundan əvvəl də Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri yox idi. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina etmişdilər. Bu dəfə isə dəvəti qəbul edib, ancaq konfransa qatılmayan ABŞ və Fransanın ölkəmizdəki səfirləri oldular. Fransanın hətta Vətən müharibəsi zamanı da açıq ermənipərəst mövqe nümayiş etdirməsini unutmamışıq. Bəs ABŞ səfirinin bu cür qeyri-diplomatik demarşının səbəbi nədir?

Azərbaycan xalqına və başlıcası ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirən səfir Şuşaya səfər edərsə ermənilərin xətrinə dəyəcəyindənmi ehtiyat elədi? ABŞ işğalçı, terrorçu, yalançı ermənilərin nazı ilə hələ çoxmu oynayacaq? Və ya nəyə görə?..