KÖŞƏ

Mahir Rəsuloğlu

Səbrimizin tükənən anı...

05 sentyabr 2022 23:20
1133

Qarabağdakı separatçıların silahsızlaşdırılması ciddi zərurətə çevrilib!

İstər Ermənistan rəhbərliyinin, istərsə də Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin müqavimət cəhdlərinə baxmayaraq Laçın dəhlizinə alternativ yol istismara hazır olan kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın şəhəri, həmçinin rayonun Zabux və Sus kəndləri boşaldılaraq Silahlı Qüvvələrimizin nəzarətinə verildi. Ancaq həmin ərəfədə və yeni yol istifadəyə verildikdən sonra baş verənlər bir daha göstərdi ki, Bəyanatın hələ də həyata keçirilməyən 4-cü bəndinin antiterror əməliyyatı və ya mövqe dəqiqləşdirilməsi də daxil olmaqla istənilən vasitə ilə reallaşdırılması ciddi zərurətə çevrilib. Azərbaycanın suveren ərazisində qanunvericiliyin tələblərinin pozulması hallarına birdəfəlik son qoyulmalı və Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan ermənilərin silahsızlaşdırılması prosesinə start verilməlidir.

Məlum olduğu kimi, 2022-ci ilin əvvəlindən başlayaraq ordumuz Xocalı rayonunun Fərrux kəndi və Fərrux dağındakı strateji mövqelərdə möhkəmlənməklə, iyul ayının sonu, avqust ayının əvvəlində isə Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin atəşkəsi mütəmadi olaraq pozmasına cavab olaraq keçirilən “Qisas” əməliyyatı nəticəsində  Qırxqız, Sarıbaba, Buzluq və Kiçik Qafqaz dağ silsiləsinə aid digər hakim yüksəkliklərə nəzarəti ələ keçirməklə düşmənin istənilən təxribatının qarşısını qətiyyətlə almağa qadir olduğunu göstərdi. Hər iki halda Azərbaycanın qanunsuz erməni silahlı birləşmələrinin təxribat cəhdlərinə qarşı konkret tədbirlərə başlaması və şanlı ordumuzun növbəti dəfə düşmənə layiq olduğu cavabı vermək əzmini nümayiş etdirməsi gözlənildiyi kimi, Ermənistanda qarşılıqlı ittihamlara və qarşıdurmalara səbəb oldu. Ona görə yox ki, ermənilər ordumuzun gücünə bələd deyildilər və ya hər hansı mövqe dəyişikliyi onlar üçün gözlənilməz idi. Düşmənlərimiz İkinci Qarabağ müharibəsində və ondan sonrakı müddətdə bu reallığı dərk edəcək qədər dərslərini almışdılar. Səbəb isə keçirilən əməliyyatlar nəticəsində bütün Qarabağın taleyini həll etməyə imkan verə biləcək strateji mövqelərə nəzarətin terrorçuların əlindən çıxması idi.

Hadisələrin sonrakı gedişi Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi mövqe dəqiqləşdirmələrinin, həmçinin “Qisas” əməliyyatının vaxtında atılmış mühüm addımlar olduğunu göstərdi. Lakin düşmən, deyəsən baş verənlərdən hələ də lazımi nəticə çıxarmayıb. Laçın şəhəri, Zabux və Sus kəndləri azad olunandan sonra Xankəndidə qondarma “respublikaya” “ad günü” keçirilməsi, “Artsaxın müstəqillik günü” münasibətilə təşkil olunan mitinqdə səsləndirilən təxribatçı şüarlar, yenicə işə salınmış yolda separatçıların silahlı “polis”lərinin peyda olması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasını qaçılmaz edir. Görünən odur ki, erməni separatçıları xarici qüvvələrin də təsiri ilə yenidən fəallaşmaqdadırlar. Bunu Qarabağdakı terrorçu dəstənin başçısı Araik Arutyunyanın Xankəndidə hərbçilərlə keçirdiyi təcili toplantı da sübut edir. Qondarma “prezident”in qondarma “ordu”nun yüksək rütbəli zabit heyəti ilə keçirdiyi “xidməti müşavirə”də müdafiə sahəsində görülən işlər müzakirə edilib. Separatçıların “müdafiə ordusu”nun “komandanı” Kamo Vardanyan qoşunların təmas xəttindəki əməliyyat vəziyyəti barədə məruzə ilə çıxış edib, Arutyunyan zabitlərə bir sıra tapşırıq və göstərişlər verib.

Regionda davamlı sülhün əldə edilməsinə töhfə verməli olan, ən azından bunu istədiyini bəyan edən ABŞ-ın məhz bu ərəfədəki davranışları da ciddi suallar doğurur. Ölkənin erməniyönlü konqresmenləri açıq-aşkar separatçılara dəstək nümayiş etdirir, qondarma “respublika”nın “xarici işlər naziri David Babayan ABŞ-a səfərə dəvət edilir. Hətta Ermənistan KİV-nin məlumatına görə, “diplomat”ın sentyabrın 19-da Konqresdə çıxışı da nəzərdə tutulub. Maraqlıdır, terrorçu-separatçı cinayətkar ABŞ kimi qanunların aliliyinə dəyər verilən bir ölkədə hansı təqdimatla tribunaya dəvət ediləcək?

Yeri gəlmişkən, avqustun 31-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şürasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutmuş növbəti görüşdən sonra erməni silahlı qüvvələrinin yenidən həm iki ölkə sərhədində, həm də Qarabağ ərazisində atəşkəsi pozması halları da müşahidə olunur. Artıq bir neçə gündür ki, Ermənistan ordusunun bölmələri tərəfindən ayrı-ayrı istiqamətlərdə Silahlı Qüvvələrimizin mövqeləri müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutulur.

Təbii ki, bütün hallarda adekvat cavab tədbirləri görülür və qarşı tərəf susdurulur. Ancaq səbrimiz də tükənir. Belə davam etsə, dalbadal törədilən təxribat cəhdlərinə son qoyulmasa şanlı Azərbaycan Ordusu düşmənə yenidən öz gücünü göstərməli olacaq. Nəticələrin isə ermənilər üçün bu dəfə nə qədər ağır olacağını söyləməyə ehtiyac yoxdur, bunu özləri də bilməmiş deyillər...