KÖŞƏ

Mahir Rəsuloğlu

Gedək üzü Vətənə...

09 sentyabr 2022 01:38
1145

Həyata keçirilən bərpa-quruculuq işləri Ağalı sakinləri kimi, digər keçmiş məcburi köçkünlərimizin də geri qayıtmaq arzularının çin olacağı günün uzaqda olmadığını göstərir

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində aparılan genişmiqyaslı quruculuq işləri, həyata keçirilən misli görünməmiş irimiqyaslı infrastruktur layihələri ölkəmizin nə qədər dayanıqlı və möhkəm təməllər üzərində qurulmuş iqtisadi potensiala malik olduğunu göstərir. Məhz bu iqtisadi gücün, eyni zamanda, aparılan məqsədyönlü siyasətin və əzmkarlığın nəticəsidir ki, şanlı Qələbəmizlə yekunlaşmış 44 günlük Vətən müharibəsindən keçən iki ildən də az müddətdə artıq ermənilər tərəfindən vəhşicəsinə minalarla, partlamamış döyüş sursatları ilə çirkləndirilmiş min hektarlarla torpaq sahələri təmizlənərək yerində yollar salınır, yaşayış binalarının, məktəb və xəstəxanaların təməlləri atılır, ən müasir tələblərə cavab verən hava limanları tikilir, yeni, “ağıllı kənd”lər, şəhərlər salınır.

Budur, Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin timsalında artıq 30 ilə yaxın Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin öz doğma ata-baba yurdlarına böyük qayıdışının startı verilib. Ağalı işğaldan azad edilmiş torpaqlarımızda başladılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri nəticəsində yenidən dirçələcək, cənnətə çevriləcək yurd yerlərimizin əsl sahiblərinin bu yerlərdə əbədi yaşayacığının, necə deyərlər, ilk qaranquşudur.

Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın ilk xəbərçisi olan birinci köç karvanı iyulun 19-da Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşmüşdü. Sentyabrın 7-də isə köçürülmənin 4 mərhələsindən növbətisinə - ikincisinə start verildi və kəndin daha 25 ailədən ibarət 125 sakini keçmiş məcburi köçkün statusu ilə də vidalaşaraq daimi yaşamaq üçün doğma yurdlarına yola salındı.

Məlum olduğu kimi, Ağalıda daimi məskunlaşan kənd sakinləri yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunurlar. Onların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən həll edilir və bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Bu diqqətin nəticəsidir ki, Ağalı kəndində inşa olunan məktəb binasında son tamamlama işləri aparılır və sentyabr ayının 15-də 30 ildən sonra ilk dəfə olaraq Ağalı məktəbində ilk zəng səsləndiriləcək. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bununla bağlı bildirib ki, kənddə ilk dərs günü xüsusi tədbirlə qeyd ediləcək: “İnşallah, 15 sentyabr Ağalıda ilk zəng sədaları eşidiləcək. Bu gün köçən ailələr içərisində müəllimlərimiz də var. Bununla əlaqədar olaraq möhtəşəm tədbirin olması planlaşdırılır.”

V.Hacıyev, həmçinin qeyd edib ki, öz doğma kəndlərinə qayıdan ağalıların məşğulluq məsələləri də artıq öz həllini tapıb. Belə ki, son bir ay ərzində Ağalıda kənd sakinlərinin çalışdıqları yanacaqdoldurma, ət kəsim məntəqələri fəaliyyət göstərir. Bundan başqa, kənddə tikiş müəssisəsi də açılıb: “15 nəfərdən çox Ağalı kənd sakini həmin müəssisədə işlə təmin ediliblər. Kənd təsərrüfatı sahəsində də burada fəaliyyət göstərən şirkətlər var ki, Ağalı kənd sakinləri orada da çalışırlar.”

Ağalı kəndinin nümunəsi göstərir ki, işğaldan azad edilmiş bütün kənd və şəhərlərimizin yenidən qurulması planlı və mərhələli şəkildə həyata keçirilir. Bu baxımdan avqust ayının 16-da Azərbaycan Respublikasının Baş naziri tərəfindən “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” və “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinə dövlət səviyyəsində xüsusi yanaşmanın mövcud olduğunu göstərir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən növbəti 20 illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb. Sənədlərdə həmçinin aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl enerji”, “ağıllı şəhər” və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sentyabrın 7-də imzaladığı sərəncamlar da bir daha sübut edir ki işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin sürətlə və yüksək keyfiyyətlə aparılması dövlətimizin proritet fəaliyyət istiqamətlərindəndir. Qeyd edək ki, dövlətimizin başçısı “Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında”, “Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında”, “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında”, “Kəlbəcər şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” və “Zəngilan şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalayıb.

Azərbaycan Prezidenti həmin sərəncamlarla işğaldan azad edilmiş rayonlarımızda görülməsi nəzərdə tutulan növbəti işlər üşün vəsait ayırıb və bununla da keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını şərtləndirən bir sıra yeni layihələrə start verilmiş oldu.

Qeyd edək ki, Azərbaycanın 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin kifayət qədər böyük olması da həm Böyük Qayıdışın başlanması istiqamətində görülən işləri sürətləndirir, həm də Azərbaycanı dünyaya əsl qurucu dövlət kimi tanıdır. Hər kəs görür ki, biz bu məramımızda son dərəcə qətiyyətliyik. Hər kəs artıq başa düşür ki, o torpaqların əsl sahibləri onu qurub-yaradan bizlərik. Həyata keçirilən layihələr, kəndlərimizdə, şəhərlərimizdə görülən işlər, atılan addımlar Ağalı sakinləri kimi, digər keçmiş məcburi köçkünlərimizin də geri qayıtmaq arzularının çin olacağı günün uzaqda olmadığını göstərir.