Bu epidemiyanın səbəbi nədir?
Hər yeni nəsillə 50 yaşdan aşağı olan insanlarda xərçəng inkişaf edir. Bunu yalnız xərçəngin diaqnostikası üsullarının mükəmməlləşməsi ilə izah etmək olarmı? Yoxsa insanların əksəriyyətinin vərdişləri və həyat tərzi bir neçə onillikdə bu qədər dəyişib? Yeni araşdırmanın müəllifləri bu suallara cavab verməyə çalışıblar.
Yeni bir araşdırmada elm adamlarına məlum olub ki, son üç onillikdə xərçəng bütün dünyada dramatik şəkildə "cavanlaşıb".
Təxminən 1990-cı illərdən başlayaraq, 50 yaşdan aşağı insanlarda xərçəng, o cümlədən döş, bağırsaq, yemək borusu, böyrək, qaraciyər və mədəaltı vəzi xərçəngi diaqnozu qoyulma ehtimalı artıb.
Xərçəngin niyə erkən yaşlarda inkişaf etməyə başladığını anlamaq üçün alimlər elmi ədəbiyyatda və internetdə mövcud olan məlumatların geniş təhlilini aparıblar. Tədqiqatda insanların erkən yaşda hansı potensial təhlükəli təsirlərə məruz qaldığı barədə məlumatlar xüsusi rol oynamışdır.
Tədqiqatçılar aşkar ediblər ki, erkən xərçəngə tutulma riski hər nəsillə artır. Məsələn, 1960-cı il təvəllüdlü insanlarda 1950-ci ildə doğulanlara nisbətən 50 yaşına çatmamışdan əvvəl xərçəng riski daha yüksək olub. Alimlər bu risk səviyyəsinin gələcək nəsillərdə artmağa davam edəcəyini proqnozlaşdırırlar.
Dəhşətli tendensiyadır, elə deyilmi? Bəs buna səbəb nədir və hər bir şəxs özü üçün olan risklərə təsir edə bilərmi?
Müasir insanlar yaşlı nəsillərdən nə ilə fərqlənir?
Son bir neçə onillikdə ümumi pəhriz, həyat tərzi, çəki, ətraf mühit təsirləri və mikrobiom (bədənimizdə yaşayan bütün müxtəlif bakteriyalar) əhəmiyyətli dərəcədə dəyişib.
Buna görə də tədqiqatçılar fərz etdilər ki, erkən xərçəng epidemiyaları “qərbləşmiş” pəhriz və həyat tərzi kimi amillərdən qaynaqlana bilər. Xatırladaq ki, bu, həddindən artıq miqdarda yağ və karbohidratlar, işlənmiş qidalar (hazırlanmış yeməklər və qəlyanaltılar) yemək və oturaq həyat tərzi deməkdir.
Xərçəngin erkən inkişafı üçün mümkün risk faktorları arasında spirt istehlakı, yuxu çatışmazlığı, siqaret çəkmə, piylənmə və yüksək işlənmiş qidaların istehlakı başlıca səbəblərdir.
Təəccüblüdür ki, tədqiqatçılar yetkin insanların yuxu müddətinin 1990-cı illərdən bəri çox dəyişmədiyini, uşaqların isə bir neçə onilliklər əvvəlkindən daha az yatdığını müəyyən ediblər.
Eyni zamanda, yüksək dərəcədə işlənmiş qidaların və şəkərli içkilərin istehlakı, piylənmə, 2-ci tip diabet, oturaq həyat tərzi və spirt istehlakı kimi risk faktorları 1950-ci illərdən etibarən əhəmiyyətli dərəcədə artmışdır.
Bütün bunlar, tədqiqatçıların fikrincə, mikrobiomun dəyişməsi ilə müşayiət olunur.
"Tədqiq etdiyimiz 14 xərçəng növü arasında 8-i həzm sistemi ilə əlaqəli idi. Yediyimiz qida bağırsaqlarımızdakı mikroorqanizmləri qidalandırır", -deyə Harvard Tibb Məktəbindən olan tədqiqat rəhbəri Tomotaka Uqai izah edib.
Tədqiqat qrupu müəyyən edib ki, xərçəngin müəyyən növlərinin artması qismən onun müasir skrininq proqramları vasitəsilə erkən aşkarlanması ilə bağlıdır.
Bu tədqiqatın bir məhdudiyyəti tədqiqatçıların aşağı və orta gəlirli ölkələrdəki vəziyyətlə bağlı kifayət qədər məlumata malik olmamasıdır.
Gələcəkdə müəlliflər beynəlxalq tədqiqat institutları ilə əməkdaşlıqda daha çox məlumat toplayaraq bu araşdırmanı davam etdirməyə ümid edirlər. Bu, qlobal tendensiyaları daha yaxşı izləməyə kömək edəcək.
Tədqiqatçılar, həmçinin valideynlərinin razılığı ilə gənc uşaqların uzunmüddətli kohort tədqiqatlarının aparılmasının vacibliyini qeyd edirlər.
Bir neçə onilliklər ərzində uşaqları müşahidə etmək, onların hansı pəhrizə riayət etdiklərini və hansı həyat tərzi sürdüklərini və bunun onlarda hansısa xərçəng formasının inkişaf ehtimalına necə təsir etdiyini birmənalı şəkildə müəyyən edəcək.
Tədqiqatın nəticələri “Nature Reviews Clinical Oncology” elmi jurnalında dərc olunub.
Nubar Süleymanova, “İki sahil”