KÖŞƏ

Mahir Rəsuloğlu

Ümidlərin dəfn edildiyi yer...

21 sentyabr 2022 23:42
1367

Künc zərbəsi

Ermənistan 31-ci ilində müstəqilliyini hərracamı çıxarıb?

Dünən, sentyabrın 21-də Ermənistan bu gün elan edildiyindən keçən 31 il ərzində heç vaxt olmadığı qədər itirilmək təhlükəsi ilə üz-üzə qalmış müstəqilliyinin ildönümünü qəribə ovqatla qeyd etdi. Özü də sentyabrın 12-13-də növbəti dəfə ərazisi böyümüş, qəbirlərinin sayı xeyli artmış Yerablur hərbi panteonunda. Rəsmi mərasimlər keçirilmədi, konsertlər, atəşfəşanlıqlar olmadı. Əvəzində gecədən etibarən Yerablurda toplaşaraq baş nazir Nikol Paşinyanın məzarlığı ziyarətinə mane olmağa çalışan 44 günlük müharibədə məhv edilmiş erməni əsgərlərin valideynləri və qohumları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verdi. Paşinyanın gəlişinə qədər isə valideynlər Ermənistanın müdafiə naziri Suren Papikyanın qəbiristanlığa göndərdiyi çələngi kənara atmışdılar. Onlardan biri “Şəklini çək və göstər ki, bu türkün bura gül göndərməyə haqqı yoxdur”, - deyə etirazını bildirmişdi. Nəhayət, polis müdaxiləsi ilə etirazçılar ərazidən uzaqlaşdırıldı və Paşinyan panteona girə bildi. Bu ziyarət Yerablurda hüquq-mühafizə orqanlarının aksiya iştirakçılarına qarşı zorakılığı, 40-a yaxın valideynin saxlanılaraq polis bölmələrinə aparılması, hətta onlardan ikisinin fiziki xəsarət alması hesabına baş tutdu. Ermənistanın müstəqilliyinin ildönümündə ölkədə siyasi gərginlik, xaos və çəkişmələr nəzarətdən çıxma həddindədir. Düşmən ölkə bu gün fitili yağlanmış, hər an partlamağa hazır və bu baş verəcəyi təqdirdə yerində heç nə qalmayacaq barıt çəlləyinə bənzəyir. Ətrafında isə əli atəşli yoldaşlar, ağalar, hətta okeanın o tayından gəlmiş sinyorinyalar dolaşmaqdadır...

Bu gün qeyri-müəyyənlik, seçim edə bilməmək erməni cəmiyyətini dərin bir uşuruma sürükləyir. Yaranmış vəziyyətdən yararlanmağa çalışan eks-prezidentlər, sabiq nazirlər yenidən ortalarda görünməyə başlayıblar və onların bir qismi Ermənistanı Qərbə, digər qismi Rusiyaya tərəf sürüməyə çalışır. Paytaxt İrəvanın bir tərəfində ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması tələbi ilə mitinqlər, eyni vaxtda digər tərəfdə “Ermənistanın gələcəyi Rusiyaya bağlıdır!” şüarı altında Rusiya ilə həmrəylik aksiyası keçirilir. Bir başqa tərəfdə isə İrəvanda səfərdə olan KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşür.

Qeyd edək ki, təşkilatın işçi orqanlarının əməkdaşlarından ibarət nümayəndə heyəti Ermənistana digər məsələlərlə yanaşı, Azərbaycanla sərhəddəki vəziyyəti öyrənmək və birgə tədbirlər üçün əlavə təkliflər hazırlamaq məqsədilə gəlib. Nümayəndə heyətinin Ermənistanın digər ali siyasi və hərbi rəhbərliyi ilə də görüşlərin keçirilməsi planlaşdırılır. Rəsmi açıqlamada təxminən bu cur bildirilsə də, KTMT missiyasının, əslində isə Rusiyanın əsas məqsədi Ermənistan rəhbərliyinə son hadisələrlə bağlı “qulaqburması” verməkdir. Yəni missiya İrəvana daha çox Paşinyan hökumətinə “yerini göstərmək” üçün gəlib: “KTMT-dən çıxmaq haqqında düşünməyin, axırı yaxşı qurtarmaz, sizi heç Nensi xalanız da xilas edə bilməz...”

Yəqin elə ona görədir ki, baş nazir Nikol Paşinyan sentyabrın 20-də tələm-tələsik parlamentdə təmsil olunmayan siyasi partiyaların nümayəndələri ilə növbədənkənar görüş keçirib. O, qərbyönümlü qüvvələrlə son hadisələr və ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin səfəri ilə bağlı müzakirələr aparıb. Paşinyan açıq şəkildə bildirib ki, Qərbdən dəqiq təminat almayıblar. Odur ki, KTMT-dən çıxmaq çox təhlükəli addım ola bilər. 

Maraqlıdır ki, Paşinyan adətən ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşdə özünü və rəhbərlik etdiyi hökuməti qərbyönümlü, demokratik dəyərlərə önəm verən və bu sahədə ciddi islahatlar aparan lider kimi, Rusiya Prezidenti Vladimir Putin və Kremlin başqa rəsmiləri ilə görüşdə isə 180 dərəcə dəyişərək özünü rusiyayönümlü, Ermənistanı isə bu ölkənin əzəli və əbədi müttəfiqi kimi sırımağa çalışır. Onun bu saxtakarlığı artıq həm Qərbin, həm də Rusiyanın səbrini daşırmaqdadır. Hər iki tərəf konkret mövqe tələb edir, hərə öz gücü və imkanları daxilində lazımi nəticələr əldə etmək istəyir. Paşinyan sanki müstəqilliyin 31-ci ildönümündə Ermənistanı açıq hərraca çıxarıb. Kim daha yaxşı təklif irəli sürsə ölkə də onun orbitində olacaq.

Yürüdülən bu qeyri-müəyyən siyasi kurs nəticədə Ermənistan cəmiyyətini də çıxılmaz vəziyyətə salıb. Ölkənin parlaq gələcəyinə olan ümidlər çoxdan itib, insanlar Yerablur hərbi panteonunda ölən əsgərləri ilə bərabər, məhv edilmiş inamlarına da yas saxlayırlar. Bax belə. Nə demək olar? Allah rəhmət eləməsin...