KÖŞƏ

Vəli İlyasov

Makronun "sevgi məktubu..."

23 sentyabr 2022 01:16
1002

Bəli, bəli, bu günlərdə Ermənistan xarici "aşiq"lərinin "sevgi  xiyabanına" çevrilib. Gah okeanın o tayından, gah da bu tayından gələn-gedən kim, telefonla zəng vuran kim, "sevgi" məktubu yazıb göndərən kim... Saxta sevgi məktublarından birinin də müəllifi bu ölkəyə yalançı sədaqəti ilə tanınan Emmanuel Makrondur. Bu günlərdə Fransa kimi bir dövlətin prezidenti İrəvana yazdığı məktubunda özünü ermənilərin sadiq dostu adlandıraraq keçmiş işğalçıya ürək-dirək verir: "Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir."

Bunun ardınca Emmanuel Makron Ermənistan prezidenti Vahan Xaçaturyana göndərdiyi məktubunda bildirib. "Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa Birliyinin səylərini dəstəkləyir. Bu baxımdan, siz xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz".

"Şanlı məktub"un "sadiq" müəllifi sətiraltı işarə vurur ki, ölkəsi  hələ də ATƏT-in Minsk qrupunun həmsədri kimi ermənilərə sədaqətini saxlamaqdadır. Görünür, Makron erməniləri ələ salır. Çünki Fransa iyirmi səkkiz il müddətində ATƏT-in Minsk qrupunun həmsədri olanda konkret heç bir iş görmədi, işi yalnız tərəf tutmaq və ara qarışdırmaq oldu. Nəhayət, Azərbaycan ATƏT-in və BMT Təhlükəsizlik Şurasının görməli olduqları işi təkbaşına gördü və münaqişəni hərbi yolla həll edərək Ermənistanın otuz illik işğalına son qoydu. Bununla da da haqq-ədalət öz yerini tutdu. Varlığı yoxluğuna bərabər olan həmsədrləri isə ayaq üstə "rəhmətə getdilər." Artığa çevrilmiş bu qrup artıq yarıtmaz bir qurum kimi etibarını tamamilə itirərək "bir çürük qoza" dəymir.

Döyüş meydanında diz çökdürülmüş Ermənistan sülh sazişi bağlamağa hazırlaşarkən okeanın o tayından gələn Nensi Pelosinin və Emmanuel Makronun Minsk qrupundan və digər araqarışdırıcı ifadələrdən istifadə etmələri tamamilə yersizdir və narahatlıq doğurur.

Utancverici faktdır ki, Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla həll etməli olan və yolun yarısında gərəksizliyi ortaya çıxan ATƏT-in Minsk qrupunun həmsədrləri üzərlərinə götürdükləri vəzifəni yerinə yetirə bilmədilər, lakin el arasında deyildiyi kimi, "eyiblərinə kor olub yerlərində oturmurlar." Əslində Makron da, Nensi Pelosi də min kilometrlərlə uzaqda durub  "vur" komandası verməklə Ermənistanı növbəti məğlubiyyətlərə təhrik edirlər. Özü də erməni toplumunun dövlətçiliyini özülünə qədər dağıdan məğlubiyyətə.

Hiss edirsinizmi, Ermənistanda Pelosi eyforiyası artıq səngiyib, qızışmış başlar soyuyub. Makronun da məktubunun cəmi iki-üç günlük təsiri olacaq və o da lazımsız fikir kimi unudulacaq və yenə də Ermənistan öz çətin problemləri ilə təkbətək qalacaq. Bəs biri gedib biri gələn, arı kimi qaynaşan ali rəsmi "qonaq"ların ermənilərə xeyirləri nə oldu? Heç nə!

Qədim el məsəlimizdə belə deyilir ki, "Örkən nə qədər uzun olsa da, axırda doğanaqdan keçər." Odur ki, Ermənistan vaxtı nə qədər uzatsa da, ora-bura vurnuxsa da sonda Azərbaycanla bir masada oturub öz problemlərini həll etməyə məhkumdur. Paşinyan və onun qulbeçələri bu gün çəpər sərçələri kimi bir koldan digərinə hoppanmaqdansa öz yuvalarında oturub qonşularını narahat etməsələr daha yaxşı olardı. Ermənilərin bədbəxtlikləri ondadır ki, həmişə sığındıqları qüvvələr tərəfindən oyuncağa çevrildiklərini, ələ salındıqlarını, qurbanlıq olduqlarını hələ də anlamırlar. Əşi, özləri bilərlər, necə deyərlər, can onların, cəhənnəm Tanrının...