KÖŞƏ

Mahir Rəsuloğlu

Xilas üçün iki yol...

11 oktyabr 2022 02:57
1315

Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da torpaqlarımızdan birdəfəlik rədd olmalıdırlar!

Praqa görüşünün nəticələri və razılaşdırılmış bəyanat həm Ermənistanda, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan ermənilər arasında geniş müzakirələr, ciddi fikir ayrılıqlarına rəvac versə də artıq hər kəs anlayır və qəbul etməyə məcburdur ki, iki ölkə arasında sülhün alternativi yoxdur. Bəyanata əsasən, Ermənistanın və Azərbaycanın BMT Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləmələri düşmən ölkənin Qarabağ iddialarının üzərindən də birdəfəlik xətt çəkmiş oldu. Erməni cəmiyyətinin revanşist qismi istəməsə belə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qaldı və beləliklə, Qarabağdakı qondarma “respublika” tarixin arxivlərində “dəfn edilmək” növbəsini gözləyir.

Yeri gəlmişkən,  Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqları özündə ehtiva edən sülh müqaviləsi istiqamətində atılmış son addımlar bir həqiqəti də ortaya çıxardı –Avropa münasibətlərin normallaşması prosesində daha Ermənistanın yalanlarını və bəhanələrini eşitmək, nazı ilə oynamaq istəmir.

Məlum olduğu kimi, Çexiyanın paytaxtı Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında oktyabrın 6-dan başlanan və 5 saatdan artıq davam edən dördtərəfli görüşün nəticəsi olaraq bəyanat qəbul edilib. Yerli və xarici ekspertlər, politoloqlar tərəfindən rəsmi Bakının növbəti diplomatik qələbəsi kimi səciyyələndirilən bəyanatın müddəaları ölkəmizin maraqlarına tamamilə cavab verir, Ermənistanla münasibətlərin yeni zəmində inkişafına şərait yaradır. Sözsüz ki, bu zaman qarşı tərəfin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşması əsas şərt olaraq qalır.

Qeyd edək ki, Praqada razılaşdırılmış bəyanatdan dərhal sonra düşmən ölkədə baş nazir Nikol Paşinyana qarşı olan qüvvələr hakimiyyətin Qarabağı “satdığını” iddia etməklə vəziyyəti gərginləşdirməyə, hətta təsir dairələrində olan yerli KİV ilə bu iddianı əsaslandırmağa çalışırlar. Müxalif “Hraparak” qəzeti yazır ki, Ermənistan hökuməti təzyiq altında olan “Artsax respublikası”nın (Qarabağ iqtisadi rayonu) “vətəndaşlarını” Azərbaycan Respublikasının etnik azlığı kimi tanıyaraq Azərbaycanla Qarabağın hər hansı statusu ilə bağlı danışıqlardan rəsmən imtina etdiyini artıq gizlətmir. Fikri əsaslandırmaq üçün isə maraqlı fakt göstərilir: “Ermənistan hökumətinin təqdim etdiyi 2023-cü il üçün büdcə layihəsində “Artsax respublikası”nın vətəndaşları həmin ərazidə (Azərbaycan ərazisində) yaşayan ermənilər kimi təqdim olunub.” Bu fakt Paşinyan hökumətinin həqiqətən Azərbaycanla sülh müqaviləsinin imzalanmasında əvvəlki illərlə müqayisədə daha çox maraqlı olduğunu göstərir. Ermənistan baş nazirinin Qarabağ iddialarından əl çəkdiklərini bu və ya digər vasitələrlə nümayiş etdirməsi, bu yöndə mütəmadi olaraq verdiyi bəyanatlar, böyük ehtimalla, bir tərəfdən daxili auditoriyanı və ölkədən kənarda olan erməniləri də reallıqları qəbul etməyə, sülh müqaviləsinə hazırlamağa hesablanıb.

Qarabağda yaşayan ermənilər isə artıq vəziyyətin nə yerdə olduğunu gözəl anlayırlar. Məhz buna görə bir neçə gündür ki,

Xankəndinin İntibah meydanında qondarma “prezident” Araik Arutyunyan əleyhinə mitinqlər keçirilir. Kortəbii davam edən aksiyaların iştirakçıları qondarma “lider”dən və bütün “hakimiyyət nümayəndələri”ndən Praqa dördtərəfli görüşünün nəticələri və Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatları ilə bağlı aydın mövqe bildirməsini tələb edirlər.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 6-da Çexiya paytaxtında Azərbaycan televiziya kanallarına verdiyi  müsahibədə Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri və dinc erməni əhalinin taleyi ilə bağlı bir sıra mühüm məqamlara toxunub. Dövlətimizin başçısı bildirib ki, bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb: “Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma hələ də onlar torpağımızda mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq. Çünki bir şeyi artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır!”

Prezident İlham Əliyev Qarabağdakı dinc erməni əhali haqqında da mövqeyini növbəti dəfə bildirib: “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”

Dövlətimizin başçısı müsahibəsində açıq şəkildə bəyan edib ki, Qarabağda yaşayan ermənilər üçün Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur: “Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər.”

Xankəndidə Araikdən hesab tələb edən ermənilər Azərbaycan Prezidentinin məhz bu fikirlərinə aydınlıq gətirilməsini istəyirlər. Aksiyalarda o da vurğulanıb ki, qondarma rejimin rəhbərliyi onların maraqlarını və təhlükəsizliklərini təmin etmək iqtidarında deyil.

Qarabağ erməniləri gec-tez onların gələcək talelərinin Azərbaycan cəmiyyətinə inteqrasiyadan asılı olduğunu dərk etməlidirlər. Yəni, hər şey onların normal vətəndaş ola bilmək istəklərindən çox asılıdır. Əks halda isə Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilovun oktyabrın 10-da Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda dediyi kimi, hər kəs bilsin ki, “Dəmir yumruq” yerindədir: “Ərazilərimizdə yaşayan ermənilər də əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul edib, yaşamaq istəyirlərsə, bundan sonra hər hansı təxribat törətməsinlər, bizi əsəbləşdirməsinlər. Əgər belə hal olacaqsa, Azərbaycan Ordusunun qətiyyətli reaksiyasını görəcəklər.”

Ermənistan böyük miqyasda öz seçimini etmiş kimi görünür. Qarabağda yaşayan ermənilər üçün də geniş olmasa da seçim imkanı var – ya səhvlərini başa düşərək, üzr istəyərək Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək, ya da torpaqlarımızdan birdəfəlik rədd olmaq!