Bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycanla Gürcüstana arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Ümummilli lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına əhəmiyyətli təkan verib. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyuldu. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə açılıb. 1996-cı ildə isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində Baş Konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın Baş Konsulluğu açılıb.
Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Ölkələrimizi hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixracı kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.
Sevindirici haldır ki, oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə bu ölkəyə səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Təbii ki, dövlətimizin başçısının Gürcüstana bu səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verəcək.
Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. BMT Baş Assambleyasının 2020-ci il sentyabrın 3-də, 2021-ci il iyunun 17-də və 2022-ci il iyunun 8-də keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı eyni məsələ ilə bağlı daha əvvəlki səsvermələrdə olduğu kimi, Azərbaycan sözügedən sənədin lehinə səs verib.
Hazırda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir və son iclası 2021-ci il sentyabrın 29-da təşkil edilib. 2021-ci ildə Gürcüstan Azərbaycanın 8-ci xarici ticarət tərəfdaşı olub. Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətimizin saldosu 558 milyon ABŞ dolları ilə Azərbaycanın xeyrinə olub. 2022-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsinin həcmi 525 milyon ABŞ dollarını ötüb.
Hazırda Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycan isə Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb.
Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yükəlməsi, ikitərəfli layihələrin həyata keçirilməsi təkcə ölkələrimiz və region üçün deyil, ümumilikdə Avropa üçün çox mühüm əhəmiyyət daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, enerji və nəqliyyat sahəsində reallaşdırılan yeni layihələrlə Avropa İttifaqına qaz ixracı artırılacaq və 2027-ci ildə ildə 20 milyard kubmetrə çatdırılacaq. Təbii ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir.
Təbii ki, Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Yeri gəlmişkən, həyata keçirilən irimiqyaslı layihələrin sayəsində ölkəmiz elektrik enerjisi ixracını artıracaq, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücü 10 gvt, Xəzərdə isə 157 gvt təşkil edəcək. Bakı Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımaları 5 milyon tona kimi artırılacaq. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı planlaşdırır.
İki ölkə arasında mədəni, humanitar əlaqələr də gündən-günə genişlənir. Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.
Dövlətimizin başçısının bildirdiyi kimi, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə yüksəlib.
“Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik, eyni zamanda, ikitərəfli formatda. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır”- deyə, Prezident İlham Əliyev Gürcüstanda mətbuata bəyanatında qeyd edib. Prezident qeyd edib ki, qonşularla münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz: “Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçün və dünya üçün nə qədər əhəmiyyətlidir.”
Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfələr verəcək.
Zahid Rza, “İki sahil”