KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

İranın görünən və görünməyən sifəti...

25 oktyabr 2022 01:35
3672

Onları birləşdirən hansı əlamətlərdir?

Əksər siyasi müşahidəçilər bu fikirdədirlər ki, İran- Azərbaycan münasibətləri heç vaxt indiki qədər gərgin olmayıb. Mübahisə etmək fikrində deyiləm. Razılaşıram ki, bu qənaətə gələnlər öz düşüncələrində müəyyən mənada haqlıdırlar. Amma, eyni zamanda, onu da açıq demək lazımdır ki, üzdə hər nə qədər özlərini səmimi, canıyanan göstərməyə çalışsalar da cənub qonşumuzun  hakimiyyət dairələrində müstəqil  Azərbaycan dövləti foktoru ortaya çıxan  gündən indiyədək ölkəmizə  münasibətdə heç vaxt İslam həmrəyliyinə əsaslanan xoş məramın nəinki özünü, hətta işartılarını belə müşahidə etməmişik. Necə deyərlər, üzdəniraq din “qardaşlarımız” zaman-zaman üzümüzə gülüb arxada ayağımızın altını qazmaqla məşğul olublar. Özü də bu aqressiv, qeyri-insani, hətta çəkinmədən deyə bilərik ki, qeyri-İslami siyasəti  təkcə müasir müstəqil Azərbaycan Respublikasına qarşı deyil, tarixboyu öz vətəndaşları olan 40 milyondan artıq (bəzi mənbələrə görə daha çox) Azərbaycan türklərinə münasibətdə daha amansız qəddarlıqla sərgiləyiblər. Bu, bir neçə yüz il sürən  Şah rejimi  dövründə də belə olub, təəssüf ki, bugünkü  ayətullahlar hakimiyyəti zamanında da belədir. Yeganə fərq ondadır ki, İran idarəçiləri Çar və Sovet Rusiyası dönəmlərində bu taya əlləri çatmadığına, xüsusilə Ermənistan faktoru mövcud  olmadığına görə Azərbaycana,  azərbaycanlılara qarşı patoloji nifrətlərini, kin-küdurətlərini daxildəki soydaşlarımıza püskürməklə büruzə verirdilər.

Çox da uzaq olmayan tarixə qısa nəzər yetirməklə bunun bir daha şahidi ola bilərik. İranın Şah rejiminin ötən əsrin başlanğıcında Səttarxan, həmin yüzilliyin 20-ci illərində Məhəmməd Xiyabani, 40-cı illərinin ortalarında 21 Azər hərəkatlarını o zamanlara qədər dünya tarixində misli görünməmiş qəddarlıqla  yatırdıqları  yaddaşlardan silinməyib və yəqin ki, heç zaman silinməyəcək. Bugünkü İran İslam Respublikasına gəldikdə isə əminliklə demək olar ki, bu rejim  soydaşlarımıza qarşı aqressiv münasibətdə heç də sələflərindən geridə qalmır. Doğrudur, molla rejiminin  təmsilçiləri müstəqilliyimizin bərpasının ilk onilliklərində Azərbaycana münasibətdə nisbətən “malalama” siyasətinə üstünlük verirdilər. Yəni, kin-küdurətlərini çox vaxt sətiraltı sözlərlə ifadə edirdilər. İndi isə “müsəlman İranı”nın əsl sifəti ortadadır. Artıq nəyəsə “bər-bəzək ” vurmağa, gözlə açıq-aydın görünən real münasibətləri “malalamağa” qətiyyən ehtiyac qalmır. Başqa sözlə,  molla rejimi son günlər “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir”, “Ermənistanın ərazi bütövlüyü “bizim qırmızı xəttimizdir”, “İran hökuməti Təbrizdə Ermənistan baş konsulluğunun açılışı üçün hazırdır” və s. kimi məsuliyyətsiz bəyanatlarla, Azərbaycanla dövlət sərhədində  Araz çayını keçməyi məşq etməklə müşayiət olunan “Güclü İran” adında genişmiqyaslı hərbi təlimlərə başlayaraq bizə əzələ nümayiş etdirməklə və digər təxribatlara baş vurmaqla  əndazəni əməlli-başlı aşmaqdadır.    

Ümumiyyətlə, bu, bir danılmaz faktdır ki, İranın şovinist millətçi dairələri heç vaxt Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyib, əksinə fürsət düşən kimi, necə deyərlər, əbalarının altında gizlətdikləri zəhərli xəncəri kürəyimizə sancıblar. Bu münasibəti İranın Azərbaycanla əlaqələrinin qonşu ölkə rəsmilərinin o zaman tez-tez təkrarladıqları  kimi, guya strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi 2010-cu ildə şəxsən bir Azərbaycan vətəndaşı olaraq özümün şahidi olduğum hadisələrin fonunda bir daha  yəqin  etmişəm. Söz vaxtına çəkər deyiblər. Həmin ilin oktyabr ayında İmam Xomeyni İmdad Cəmiyyətinin Bakı təmsilçiliyinin  xətti ilə İrana səfər edən 6  nəfərdən ibarət jurnalist heyətinin tərkibində o zaman Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) redaksiya müdiri olaraq mən də var idim. İrana qarşı beynəlxalq sanksiyaların tüğyan etdiyi dövrə təsadüf edən bu səfər zamanı “İslam  respublikası” ilə tanışlığımız paytaxtın ən nəhəng hava limanı olan İmam Xomeyni adına Tehran Beynəlxalq Aeroportundan başladı.

Təyyarəmiz hava limanına enər-enməz burada  gördüyümüz mənzərəyə heyrətlənməyə bilmədik. O böyüklükdə aeroportda demək olar ki, həyat əlamətləri sezilmirdi. Bakıdan gələn reys istisna olmaqla nə hava limanına eniş edən təyyarə gözə dəyirdi, nə də ki, hansısa hava gəmisi uçuşa hazırlaşırdı. Bilet satışı kassalarının qabağında bir inni-cinni gözə dəymir, gözləmə zallarında boş skamyalar sərnişin gözləyirdi. Bir sözlə, hər qarışda  Qərbin İrana tətbiq etdiyi sərt sanksiyaların öldürücü təsirlərinin acı nəticələri hiss olunmaqda idi. Bu acı mənzərəni təəccüblə seyr etməkdə ikən üç nəfər bizə yaxınlaşıb İmam Xomeyni İmdad Cəmiyyətinin təmsilçiləri olduqlarını bildirdilər və əlavə etdilər ki, səfər müddətində bizi müşayiət edəcəklər. Heç də pis deyildi. Necə deyərlər, hər iki nəfər azərbaycanlı jurnalistə bir müşayiətçi (sonralar bu qənaətə gəldik ki, onlar müşayiətçi yox, güdükçüdürlər) düşürdü. İkisi azərbaycanlı, biri fars olan və İran xüsusi xidmət orqanlarının əməkdaşı olduqları heç bir şübhə doğurmayan bu üç güdükçüdən yalnız birinin- Fətəlinin adı yadımda qalıb. Tehranda olduğumuz 3 gün ərzində və Məşhədi ziyarət etdiyimiz 4 gündə istər oteldə, istərsə də digər məkanlarda onlar demək olar ki, bir an belə bizi gözdən qoymur, yalnız yatmaq məqamı gələndə qonşu otaqlardakı çarpayılarına çəkilir, sübh tezdən biz yuxudan qalxarkən yanımızda peyda olurdular.

Məşhəd ziyarəti zamanı bir gün nahardan sonra oteldəki otaqlarımızda istirahət edərkən şahidi olduğum hadisəni heç zaman unutmaram. Hava isti olduğuna  görə otaqların qapısını yarıaçıq qoyub çarpayıda uzanmışdıq. Dəhlizdə bizim jurnalist heyətinin üzvlərindən biri (Bakı kəndlərindən birinin sakini olan və sonralar öyrəndiyimizə görə jurnalistikaya heç aidiyyəti olmayan həmin şəxsin adını çəkmək istəmirəm) ilə Fətəli nə barədəsə xısın-xısın söhbət edirdilər. Bir xeyli keçəndən sonra bizim artıq yuxuya getdiyimizi zənn edən həmsöhbətlər səslərinin tonunu bir az qaldırdılar. Həmin məqamda həqiqətən də səfər yoldaşlarım  yuxulamışdılar. Mən isə oyaq olduğuma görə onlar arasında belə bir dialoqun qulaq şahidi oldum. Həmin səfər yoldaşımız Fətəliyə deyirdi: “Mən də sizin kimi Cəfəriyəm (hazırda İran İslam Respublikasının rəsmi məzhəbi olan Cəfərilik şiəliyin ən böyük qolu hesab olunur-Ə.Q.). Bizim ən böyük düşmənlərimiz ermənilər yox, sünnilərdir.” Bu sözləri eşidərkən sanki dünya başıma fırlandı. Bir təhər özümü ələ alıb söhbətin davamına qulaq asmağa qərar verdim. Fətəli üzdəniraq “jurnalist həmkarımız”ın sözünə qüvvət verəndə isə artıq özümü saxlaya bilmədim. Cəld hərəkətlə dəhlizə atılıb əsəbi şəkildə uca səslə səfər “yoldaşımız”dan dediklərini təkrarlamasını tələb etdim. Gözləmədikləri situasiyadan özlərini itirmiş “cəfəri”lər donub qalmışdılar. Mən isə daha uca səslə onlardan dediklərini bir daha təkrarlamalarını tələb edir, eyni zamanda, qışqıra-qışqıra deyirdim ki, mən sünniyəm. Necə sizin düşməniniz ola bilərəm? Axı, biz hamımız eyni dinin daşıyıcılarıyıq. Bu məqamda üzbəüz otaqdan bir nəfər yekəpər kişi çıxıb hirsli şəkildə farsca deyinməyə başladı. Hiss olunurdu ki, bizim səs-küyümüz onun istirahətini pozub və bu səbəbdən də kəskin etirazını bildirir. Nə isə... Bu hadisədən sonra bizim heç birimiz səfər müddətində Bakıətrafı kənddən olan həmin “Cəfəri” ilə hər hansı bir formada ünsiyyət saxlamadıq...

Ümumiyyətlə, bir həftəlik səfər müddətində dəfələrlə- istər Məşhəddə qaldığımız otelin yeməkxanasında bir gün səhər yeməyi zamanı qəflətən yanımızda peyda  olub masamızın yuxarı başında əyləyəşərək “İranın zəngin qədim və müasir dövlətçilik tarixindən, İsrail sionizmindən”, “İslam respublikası”nın gücündən, qüdrətindən” bizə moizələr oxuyan SEPAH-ın əməkdaşının, istər Məşhəd şəhərinin bazarında ədviyyat satışı ilə məşğul olan və Azərbaycan dilində o vaxtkı prezident Mahmud Əhmədi Necətin ünvanına ağır ifadələrlə təhqirlər yağdıran soydaşımızın, istərsə də böyük fars-tacik şairi Əbdülqasım Firdovsinin məzarını ziyarət edərkən bizi kənardan diqqətlə izləyən İran kəşfiyyat orqanlarının təmsilçilərinin timsalında xeyli sürprizlərlə qarşılaşdıq. Hələ o vaxt bir daha əmin olduq ki, hər nə qədər İslam donuna (əbaları nəzərdə tutulur) bürünsələr də bugünkü fars rejiminin görünən və görünməyən sifəti mahiyyətcə eynidir. Yəni, böyük Mövlanə Cəlaləddin Ruminin təbirincə desək, İran nə dəridən-qabıqdan çıxsa da olduğu kimi görünməkdən uzağa gedə bilmir. Onun bu yolda büdrəyib kəllə-mayallaq olması  isə yalnız ZAMAN məsələsidir!..