KÖŞƏ

Əhməd Qurbanoğlu
[email protected]

“Miatsum”la başlanan xəyanət və... İlahi ədalət

12 fevral 2024 22:52
3706

Günün nəbzi

Düz 36 il bundan əvvəl erməni separatizminin Xankəndidə start götürən ilk mitinqinə bu günün prizmasından baxış

1988-ci il fevralın 13-ü ərəfəsində Azərbaycanın başqa bölgələrində həyatın öz axarı ilə davam etdiyi, yəni üzüyola həmvətənlərimizin SSRİ-nin ovaxtkı avantürist rəhbəri Mixail Qorbaçovun “yenidənqurma” və “aşkarlıq” nağıllarına uyub “xarüqələr yaratdığı” bir dönəmdə respublikamızın artıq gorbagor olmuş “Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə tamam başqa proseslər cərəyan edirmiş. Ona görə “edirmiş” deyirik ki, həmin ərəfədə, necə deyərlər, evinin içində gedən təhlükəli proseslərdən bixəbər olan xalqımız Azərbaycanın ozamankı başsız başçılarının başımızın altına qoyduqları yastığa söykənib qış yuxusunun ləzzətini yaşamaqda idi. Məhz həmin gün Azərbaycanın fərsiz rəhbərləri Bakıda oturduqları komfort  kabinetlərdə qış yuxusundan ayılıb gördülər ki, ay dadi-bidad, paytaxtdan təqribən 400 kilometr aralıda,  muxtar vilayətin inzibati mərkəzi olan Xankədidə (ovaxtkı qondarma “Stepanakert”) erməni separatçıları illərlə qapalı qaynatdıqları  qazanın qapağını qaldıraraq Azərbaycanın mərkəzi hakimiyyətinə meydan oxumağa başlayıblar. Ən dəhşətlisi isə o idi ki, başsız “başçılarımız” bu hadisəni hər vəchlə xalqdan gizlətməyə çalışırdılar. Heç bir rəsmi informasiyanın verilmədiyi bir şəraitdə fevralın 13-də bir qrup erməninin Xankəndinin mərkəzində siyasi tələblərlə mitinq keçirməsi ilə bağlı yayılan qeyri-rəsmi xəbər, sözün əsl mənasında, aydın səmada şimşək çaxması effekti doğurdu.

Bugünkü kimi yadımdadır. Həmin vaxt mən Yevlaxda nəşr olunan “Təşəbbüs” qəzetində redaktor müavini vəzifəsində çalışırdım. İlk günlər camaat arasında dolaşan qanqaraldıcı xəbər bizim qəzetimiz də daxil Sovet İttifaqının, o cümlədən Azərbaycanın heç bir kütləvi informasiya vasitəsində dərc olunmadığına görə informasiya blokadasında olan insanlar çaş-baş qalmışdılar. Hamı bir-birinə eyni məzmunlu sualla müraciət edirdi: Dağlıq Qarabağda nə baş verir? Orada ermənilərin  küçələrə çıxaraq Azərbaycandan ayrılıb Ermənistana birləşmək tələbi ilə mitinq keçirmələri barədə ara-sıra sızan qeyri-rəsmi məlumatlara isə heç kim inanmaq istəmirdi. Axı Mixail Qorbaçovun aşkarlıq, demokratiya ilə bağlı sayıqlamalarına  baxmayaraq, SSRİ ərazisində hər hansı xalqın siyasi tələblərlə mitinq keçirməsi və hakimiyyət orqanlarının bu cür qeyri-konstitusion hərəkətlərə biganə qalması heç cür inandırıcı görünmürdü.

Lakin çox keçmədən bütün məsələlərə aydınlıq gətirildi. Bir neçə gündən sonra SSRİ-nin, o cümlədən Azərbaycanın sərt dövlət senzurası altında olan mətbuat orqanları həqiqətən ermənilərin Qarabağın mərkəzi Xankəndidə mitinq keçirmələrini anlaşıqsız, mücərrəd cümlələrlə etiraf etməyə məcbur oldular. Amma bu hadisə, televiziya, radio, qəzet və digər kütləvi informasiya vasitələrində elə formada təqdim edilirdi ki, Xankəndidə, ümumiyyətlə, Qarabağda nələrin baş verməsini ayırd etmək mümkün olmurdu.

Fevralın 13-dən başlayaraq hadisələrin sürətli  və gözlənilməz (sonralar məlum oldu ki, əslində gözlənilən) inkişafı yavaş-yavaş  Xankəndidə baş verənlərin əsl mahiyyətini ortaya qoymuş oldu. Beləliklə, 1988-ci il fevralın 13-də soyuqlu-şaxtalı  bir qış günündə əllərində “Lenin, partiya, Qorbaçov!” transparantları tutmuş bir qrup erməni Xankəndinin ovaxtkı Lenin meydanına toplaşır. Onlar burada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə siyasi mitinqə başlayırlar. Sonralar mitinqin təşkilatçılarından birinin etiraf etdiyi kimi, yerli ermənilərdən  ibarət olan  və əvvəlcədən təlimatlandırılmış  milis işçiləri  meydana toplaşanları iki və bəzi yerlərdə üç cərgə ilə əhatə edərək, əslində onları gözlənilən hər hansı kənar müdaxilədən qoruyurmuşlar.

Tezliklə o da məlum oldu ki, mitinq üçün fevralın 13-ü tarixi təsadüfən seçilməyibmiş. Əvvəlcədən müəyyənləşdirilmiş plana uyğun  olaraq mitinq qəsdən bu ərəfədə gizli surətdə Moskvaya Azərbaycandan şikayətə getmiş  və orada yüksək çinli Sovet rəhbərləri tərəfindən qəbul edilmiş Dağlıq Qarabağın erməni “ziyalılarının” geri qayıtması gününə təyin edilibmiş. Heç də təsadüfi deyildi ki, mitinq iştirakçıları qarşısında ilk çıxış edən də elə sözügedən “şikayətçilər dəstəsi”nin başçısı, aktrisa Janna Qalstyan olmuşdu. Onun erməniləri Azərbaycana qarşı mübarizəyə səsləyən qısa və aydın nitqində ucadan deyilən “Qarabağlılar bu meydana çıxmaqla öz daxillərindəki qul psixologiyasını öldürdülər” çağırışına mitinq iştirakçıları “Miatsum” (birləşmək) bağırtıları ilə cavab verirlər. Bu bağırtılardan sonra meydanın hərəkətə gəlməsinə baxmayaraq, sonralar məlum oldu ki, sən demə mitinqin təşkilatçılarının dabanlarına tüpürüb qaçmaları üçün bircə işarə kifayət imiş. O işarə isə nə Moskvadakı mərkəzi  hakimiyyətdən, nə də onun Bakıdakı vassallarından verilmədi...

Sonralar 13 fevral  mitinqinin təşkilatçılarının etiraf etdiklərinə görə, onlar hər dəqiqə həbs olunacaqlarını gözləyirlərmiş. Amma nahaq yerə. Çünki həmin vaxt Azərbaycanın fərsiz siyasi rəhbərliyi, kommunist diktaturasının əlində alət olan  hüquq-mühafizə orqanları nəinki əvvəlcədən muxtar vilayətdə uzun müddət separatizm hərəkatına aparılan hazırlıqdan xəbərsiz imişlər, sonralar hadisələrin inkişad dinamikasının da göstərdiyi kimi, hətta bu xəyanətdən xəbərdar olsaylarmış belə proseslərə müdaxilə etmək iqtidarında deyillərmiş.

Bu fərsizliyin əsl mahiyyəti 13 fevral mitinqindən sonra hər an həbs olunacaqlarını gözləyən, lakin Azərbaycanın ozamankı siyasi rəhbərliyinin Bakıda rahat kabinetlərdə oturub mərkəzi hakimiyyətə tabe olmadıqlarını bəyan edən KRUNK təşkilatının (bu separatçı qrupun fəallarından biri də Ermənistanın ikinci prezidenti, Xocalı canisi  Robert Koçaryan olub) timsalında separatçıları dostluğa, qardaşlığa səsləyən yalvarışlarından daha da ruhlanan ermənilərin bir həftə keçməmiş atdıqları növbəti qanunsuz addımdan sonra tam çılpaqlığı ilə üzə çıxdı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları  Soveti o vaxtadək SSRİ-də misli görünməmiş bir qanunsuzluğa əl atdı. Muxtar vilayətin Xalq Deputatları Sovetinin həmi gün keçirilən sessiyasında faktiki olaraq “Dağlıq Qarabağın dövlət müstəqilliyini və öz müqəddəratını təyin etmək hüququna əsaslanan” olduqca absurd bir qərar qəbul edildi. Belə bir antikonstitusion qərarın qəbul edilməsi nəinki Azərbaycana, bütövlükdə SSRİ-nin rəhbərliyinə meydan oxumaq idi.

Açığını deyim ki, o vaxt Azərbaycanın muxtar qurumunda cərəyan edən prosesləri  həyəcanla izləyən yüz minlərlə insan kimi bu sətirlərin müəllifində də tezliklə Qarabağda baş qaldıran separatizmin kökünün kəsiləcəyinə dərin inam və ümid vardı. Axı, ermənilərin konstitusiyaya və qanunlara zidd seperatçı  hərəkətlərinin qarşısının alınmaması çoxmillətli Sovet İttifaqının hər yerində analoji hadisələrin təkrarlanmasına şərait yaratmaq demək olardı. Bu məntiqə arxalanaraq, həmin dövrdə biz jurnalistlər problemin çözülməsi üçün öz yazılarımızda həm erməniləri ağlın, zəkanın səsinə qulaq asmağa çağırır, həm də Qarabağda gedən prosesləri işıqlandırmaq üçün Moskvadan və SSRİ-nin digər şəhərlərindın gələn həmkarlarımızı Qarabağın  qapısı sayılan Yevlaxda qarşılayıb münaqişə regionuna yola salarkən, bəzən isə onları bu səfərlərdə müşayiət edərkən Azərbaycanın bu bölgəsində baş verənlərin əsl mahiyyəti haqqında məlumatlandırmağa çalışırdıq. Lakin sonralar mərkəzi mətbuatda, xüsusilə “Trud”, “Komsomolskaya  pravda”, “İzvestiya” və digər  qəzetlərdə ermənilərin separatçı hərəkətlərinə haqq qazandıran yazıları oxuyarkən dərin  məyusluq keçirməkdən başqa əlimizdən heç nə gəlmirdi.

İttifaq hökumətinin və onun yerdəki vassalı olan Azərbaycan rəhbərliyinin artıq Qarabağda gedən prosesləri dayandırmaq iqtidarında olmamaları DQMV Xalq Deputatları Sovetinin sessiyasının məlum qərarından təxminən bir həftə keçmiş, daha dəqiq desək, fevralın 27-28-də, sonralar məlum olduğu kimi,  SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən Sumqayıtda təşkil olunan erməni talanlarının nəticələri ilə sübuta yetirildi. Bundan sonra baş verənlər Azərbaycan cəmiyyətində SSRİ rəhbərliyinin erməni separatçılarını yerində oturdacaqlarına qalan az-çox inamı da tamamilə öldürdü. Hadisələrin sonrakı inkişafı sübut etdi ki, əvvəlcədən beynəlxalq erməni mafiyası tərəfindən ələ alınmış Mixail Qorbaçov nəinki Qarabağda baş qaldıran separatizmi dayandırmaq iqtidarında deyil, əksinə o, özü bu məkrli planın müəlliflərindən biridir.

Zənnimizcə, Qarabağ ermənilərinə dövlət səviyyəsində verilən dəstəkdən sonra SSRİ-nin digər bölgələrində bu prosesin məntiqi davamı kimi baş qaldıran separatizm dalğası və Azərbaycanın üzləşdiyi faciələr barədə ətraflı söhbət açmağa ehtiyac yoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 1988-ci il fevralın 13-də Xankəndidə “Miatsum” bağırtıları ilə başlanan erməni xəyanəti nəticəsində 32 il Azərbaycan öz tarixi  torpaqlarının beşdə bir hissəsindən məhrum oldu. “Miatsum” bağırtılarının  dalğası ilə çox qısa müddətdə bir vaxtlar Azərbaycanın Qərb bölgələri sayılan bugünkü Ermənistan adlanan ərazidən 250 min nəfərə yaxın soydaşımız misli görünməmiş ağrı-acılarla didərgin salındı. Bir milyona yaxın azərbaycanlı Qarabağdan, Şərqi Zəngəzurdan kütləvi qətliamlar, analoqsuz soyqırımı aktları ilə müsayiət  olunan ən vəhşi üsullarla qovularaq   öz doğma Vətənində qaçqına, köçkünə çevrildi. 1988-ci il fevralın 13-də  Xankəndidə start götürən “Miatsum” bağırtıları  bizə  Xocalı soyqırımı, 20 noyabr 1991-ci il vertalyot qəzası, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan ... itkiləri yaşatdı.

...Nəhayət, 32 il  sonra, gec də olsa İlahi ədalət Zəfər çaldı! 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri növbəti genişmiqyaslı təxribata cavab olaraq qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli  Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə başlanan 44 günlük Vətən mübaribəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında olan ərazilərimiz yağı düşməndən təmizləndi. 2023-cü il sentyabrın 19-da rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin  bir günlük lokal antiterror tədbirləri nəticəsində isə Qarabağda erməni separatizminə birdəfəlik son qoyuldu.

Bəli, 1988-ci il fevralın 13-də bu gün artıq de-fakto və de-yure Azərbaycanın tarixi şəhərləri sırasına qoşulmuş Xankəndidə  erməni separatçıları, necə deyərlər, on illər boyu yemək yedikləri qaba tüpürərək “Miatsum” bağırtıları ilə başlanan “ana Hayastan”a birləşmək  niyyətlərinə 35 il sonra “çatdılar.”Amma bu xəyanətkarların  özləri ilə “ana Hayastan”a apardıqları  Azərbaycanın əzəli torpaqları Qarabağ, və Şərqi Zəngəzur  deyil... unitazlar oldu. Yəqin ki, diqqətli oxucularımız hansı unitazlardan söhbət getdiyini anladılar.

Sən tarixin ironiyasına bir bax! “Miatsum hərəkatı”nın yetirmələri olan Qarabağın sonuncu baş separatçıları araiklərin, rubenlərin, arkadilərin, bakoların... qovuşduqları  ünvan isə “ana Hayastan” yox, Bakı həbsxanaları oldu. Bu yerdə görkəmli türk şairi Tofiq Fikrətin məşhur şeirindən aşağıdakı misraları xatırlamamaq olmur:

Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır!..