KÖŞƏ

Mahir Rəsuloğlu

İki şərin ittifaqı...

03 noyabr 2022 02:38
1160

İranla Ermənistanı yaxınlaşdıran əsas səbəb Azərbaycanın nüfuzunun və iqtisadi qüdrətinin günü-gündən daha da artması ilə bağlıdır   

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində keçirilən üçtərəfli görüş bitər-bitməz Ermənistanın baş naziri Nikol Paşinyan İrana tələm-tələsik səfər etdi. Rəsmi Tehranın istəyi ilə baş tutan bu səfər növbəti dəfə bir çox mətləblərdən xəbər verdi – İslam dövləti olan İran xristian, dini təbircə, kafir Ermənistana olan dərin sevgisini yenə nümayiş etdirdi. Göstərdi ki, Cənubi Qafqazın iki ölkəsi arasında uzun illərdir davam edən münaqişədə haqlı tərəf olan azərbaycanlı dindaşlarının deyil, təcavüzkar, dinc insanlara qarşı dəfələrlə qatı cinayətlər törədən, riyakar, hər vəchlə sülh prosesini pozmağa, regionda vəziyyəti gərginləşdirməyə çalışan ermənilərin tərəfindədir. Göstərdi ki, İran üçün əslində dini-mənəvi dəyərlər heç bir dəyər kəsb etmir, bu ölkənin rəhbərliyi xain məqsədlər naminə lap elə şeytanın özü ilə də öpüşüb-görüşməyə hazırdır. İranı Ermənistana qardaş edən əsas səbəbə gəlincə...

Bu səbəbə aydınlıq gətirməzdən öncə Ermənistanın baş nazirinin İrana səfəri ilə bağlı bəzi məqamlara diqqət yetirək. Məlum olduğu kimi, iki ölkə arasındakı münasibətlərdə son vaxtlar xüsusilə yaxınlaşmalar müşahidə edilir. Buna ən böyük misal kimi bir neçə gün əvvəl İranın Ermənistanın Qafan şəhərində tələm-tələsik konsulluq açmasını göstərmək olar. Halbuki normal şərtlər altında nə İranın, nə də Ermənistanın buna ehtiyacı yox idi.

Nikol Paşinyanın Tehrana rəsmi səfəri əlaqələrin daha da inkişafına, iqtisadi-ticari sövdələşmələrin geniş xarakter almasına, ən əsası isə regionda cərəyan edən siyasi proseslərdə bir olduqlarını göstərməyə xidmət edir. Bu baxımdan İranın dövlət başçısı erməni baş nazirin səfərinin iki ölkə arasında münasibətlərin inkişafında dönüş nöqtəsi olacağını bəyan etməsi də təsadüfi deyil.

Qeyd edək ki, Tehranda İran Prezidenti İbrahim Rəisi ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə iki ölkə hökumətləri arasında qaz və elektrik enerjisi mübadiləsinə dair sazişin müddətinin 2030-cu ilə qədər uzadılması ilə bağlı anlaşma memorandumu imzalandı. Memorandum qaz və elektrik enerjisinin barteri ilə bağlıdır. Belə ki, hazırda İran Ermənistana ildə təxminən 400 milyon kubmetr qaz ixrac edir, bunun müqabilində isə Ermənistan öz hamisinə hər kubmetr qaz üçün 3 kVt/saat elektrik enerjisi verir. Bu razılaşma həm İran, həm də Ermənistan üçün əhəmiyyətli olsa da daha çox ikincinin mövcud  iqtisadi böhrandan çıxa bilməsinə yardım etməyə hesablanıb. Yəni, müsəlman İran balaca qardaşı olan xristian Ermənistanı dirçəltməkdə maraqlı olduğunu gizlətmir. Rəisi-Paşinyan görüşündən sonra keçirilən mətbuat konfransında da bildirildi ki, iki ölkə siyasi və iqtisadi əlaqələrə yeni təkan vermək qərarına gəliblər. İranın dövlət başçısı ölkəsinin Ermənistanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətində olduğunu da açıqladı. Yeri gəlmişkən, İrandan Ermənistana qaz ixracının iki dəfə artırılması nəzərdə tutulur. “Mehr” agentliyinin məlumatına görə, bu barədə İranın neft nazirinin müavini, İran Milli Qaz Şirkətinin baş direktoru Məcid Çegeni iki ölkə arasında enerji sahəsində iqtisadi əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasından sonra bildirib.

Rəisi ilə Paşinyan arasındakı görüşdə diqqətçəkən başqa bir məqam da var: Ermənistanın baş naziri İran Prezidentinə bu ölkədəki erməni icmasına münasibətinə görə təşəkkür edib və deyib ki, Tehran müxtəlif dinlərin ardıcıllarının dinc yanaşı yaşamasının simvolu ola bilər.

Nikol Paşinyanın bu açıqlaması göstərir ki, İranda yaşayan ermənilərə dövlət səviyyəsində xüsusi münasibət bəslənilir. Nə qədər acı da olsa “İslam respublikası”nın az qala əhalisinin yarısından çoxunu təşkil edən müsəlman azərbaycanlılar bütün insani hüquqlardam məhrum edilib, ancaq bir ovuc erməni üçün bütün şərait yaradılıb. Bax, burada İranın əsl sifəti daha aydın görünür. Hərçənd şovinist molla rejiminin riyakar siyasi kursu, əsl sifəti, daha doğrusu sifətsizliyi əvvəldən bəlli idi. Erməniləri bəsləyən İranın Azərbaycana qarşı münasibəti qərəzlidir, təxribat xarakterlidir, düşmənçilik mövqeyidir. Belə olmasaydı, İranın xüsusi xidmət orqanları qanunsuz silahlı birləşmələr yaradaraq murdar əməllərində istifadə etmək üçün ölkəmizə göndərməzdilər. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2022-ci il noyabrın 1-də açıqladığı məlumat İranın qarşısı alınmış qara niyyətini göstərir.

Xatırladaq ki, DTX əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İran xüsusi xidmət orqanlarının əli ilə qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qeyri-qanuni yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması ölkəmizdə qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb. Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bax, budur İranın əsl siması! Erməniyə qucaq açan fars mollaları Güney Azərbaycandakı on milyonlarla dili, dini, soykökü bir bacı-qardaşlarımıza zülm etmələri bir yana, üstəlik bütün qonşuluq, dostluq körpülərini yandıraraq ölkəmizdə təxribatlar törətməyə də cəhd edir.

İranı Ermənistana qardaş edən, iki şərin ittifaqının əsas səbəbinə gəlincə, həm İran, həm də Ermənistan Azərbaycanın günü-gündən daha da güclənməsindən, nüfuzunun və iqtisadi qüdrətinin artmasından Cənubi Qafqazın alternativsiz lideri olmasından qorxur, ehtiyat edir. Farsların ermənilərlə yaxınlaşmasını şərtləndirən də məhz bu səbəbdir...