KÖŞƏ

Mahir Rəsuloğlu

“Sülh qatarı” sürətlə Cənubi Qafqaza daxil olmaqdadır...

05 noyabr 2022 01:57
1102

Ermənistanla sərhədlərin delimitasiyasına və təhlükəsizliyinə nail olunması iki ölkə arasında münasibətlərin normallaşmasının vacib şərtidir

Yaranmış müəyyən fasilədən sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasının həyata keçirilməsi, həmçinin sərhəd təhlükəsizliyinin təmin edilməsi prosesinə yenidən start verildi və danışıqların növbəti raundunun baş tutması təşəbbüsü yenidən Qərbdən gəldi. Noyabrın 3-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının təşkilatçılığı ilə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında müvafiq olaraq iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirildi.

Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında imzalanmış sayca dördüncü olan Bəyanatdan az sonra Avropa İttifaqı Şurasının dərhal yenidən vasitəçi funksiyasını öz üzərinə götürməsi göstərir ki, həm Qərbin, həm də Cənubi Qafqazdakı təsir imkanlarını əldən vermək istəməyən Rusiyanın regionda öz maraqları olsa da hər iki tərəf sülh danışıqlarının yekun müqavilə ilə nəticələnməsinə çalışır. Yəni, maraqlar fərqli olsa da müxtəlif formatlarda keçirilən görüşlər, əldə edilən razılaşmalar Ermənistanla Azərbaycan arasında sərhəd probleminin həllini və sülh müqaviləsinin imzalanmasını yaxınlaşdırır.  

Brüsseldə iclas başlamazdan əvvəl Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərini salamlayaraq komissiyaların işinə uğurlar arzulayıb. O, Avropa İttifaqının iki ölkə arasında münasibətlərin normallaşması məsələlərində kömək etməyə bundan sonra da hazır olduğunu təsdiq edib. Görüşü isə əvvəlkilərlə müqayisədə daha məhsuldar saymaq olar. Belə ki, tərəflər Azərbaycanın və Ermənistanın rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Daha sonra komissiyaların birgə fəaliyyətinin hüquqi çərçivələrini müəyyən etmək məqsədilə tərəflər iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyət qaydasının razılaşdırılması üzrə işi sürətləndirmək barədə razılığa gəliblər. Əldə edilən daha bir razılaşma Komissiyaların növbəti - dördüncü iclasının keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə olub.

Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması prosesinə NATO da dəstək nümayiş etdirib. Alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina rəsmi “Twitter” səhifəsində bəyan edib ki,

Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası məsələsini müzakirə etməsi gözəl xəbərdir. Bu bölgədə təhlükəsizliyi daha da artırmaq lazımdır. X.Kolomina Avropa İttifaqının bu istiqamətdəki səylərini yüksək qiymətləndirdiklərini bildirib.

Xatırladaq ki, sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli Komissiyanın yaradılması barədə razılıq Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında 2021-ci il noyabrın 26-da Soçi şəhərində əldə edilib. Komissiyanın ilk iclasının bu il mayın 16-17-də Moskvada keçirilməsi nəzərdə tutulsa da, görüş erməni tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən təxirə salınmış və yalnız bundan bir həftə sonra, mayın 24-də keçirilmişdi.

Məlum olduğu kimi, ermənilərin işğal illərində qeyri-qanuni məskunlaşdıqları Laçın şəhərinin və rayonun kəndlərinin boşaldılaraq Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi, Qarabağı düşmən ölkə ilə əlaqələndirən keçmiş SSRİ dövründə yaradılmış dəhlizin fəaliyyətinin dayandırılmasından sonra Azərbaycan Ermənistanla dövlət sərhədini faktiki olaraq bərpa edib. Beləliklə də ərazi bütövlüyümüz planlaşdırıldığı kimi, de-fakto tam təmin edilib və növbəti mərhələ olaraq iki ölkə arasında sərhədlərin öncə delimitasiyasına, daha sonra isə demarkasiyasına başlanması qaçılmaz zərurətə çevrilib. Bu dəfə növbə sərhəd xəttinin çəkilməsinə, həmçinin uzun illər erməni nəzarətində qalmış anklavların – Qazax rayonunun yeddi və Naxçıvan Muxtar Respublikasının bir kəndinin taleyinə maraqlarımız çərçivəsində aydınlıq gətirilməsinə çatıb. Son hadisələr isə göstərir ki, Ermənistan rəhbərliyi də delimitasiya prosesinin yekunlaşması və sülh müqaviləsinin imzalanmasının zərurət olduğunu anlayır. Bu baxımdan Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin 2022-ci ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olması ilə bağlı son zamanlar səsləndirdiyi fikirlər diqqət çəkir. Ancaq sual yaranır: Hər dəfə müxtəlif bəhanələrlə öhdəliklərindən yayınmağa çalışan rəsmi İrəvan bu dəfə necə, həqiqətənmi sülh istəyir?

Nikol Paşinyanın məlum açıqlamalarından sonra Müstəqil Dövlətlər Birliyi ölkələrinin Təhlükəsizlik şuraları katiblərinin 10-cu iclasında çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da deyib ki, ölkəsi regionda kommunikasiyaların açılması məsələsinin real həllində maraqlıdır, eləcə də Ermənistan, Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin birgə sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətini dəstəkləyir: “Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün səylər göstərir. Bu prosesdə MDB və BMT-nin fundamental sənədlərinə, eləcə də dövlətlərin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərinin toxunulmazlığını tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə mühüm rol verilir.”

Beləliklə, Ermənistan növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqləyir və həm iki ölkə arasında sərhədlərin delimitasiyasının yekunlaşması və sərhəd təhlükəsizliyinin təmin edilməsində, həm də kommunikasiyaların açılmasında maraqlı olduğunu nümayiş etdirir. Deyəsən, “sülh qatarı” sürətlə Cənubi Qafqaza daxil olmaqdadır...