KÖŞƏ

Mahir Rəsuloğlu

Bizə Zəfər, düşmənə zəhər...

06 noyabr 2022 02:15
1334

Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün yaranmış imkanı dəyərləndirməlidir

Bu gün Azərbaycan bayram əhval-ruhiyyəsinə bürünüb, ölkəmizin hər yerində 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ikinci ildönümü münasibəti ilə müxtəlif tədbirlər keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əldə etdiyi bu Zəfər harada yaşamasından asılı olmayaraq qəlbi Vətən eşqi ilə döyünən bütün azərbaycanlıların qürur mənbəyinə çevrilib. Uzun illər həsrətində qaldığımız işğaldan azad edilmiş rayon və kəndlərimiz iki ildir ziyarət yerimizdir, Qarabağımıza, Şərqi Zəngəzurumuza yenidən həyat qayıdıb. Şəhərlərimizdə və kəndlərimizdə misli görünməmiş quruculuq işləri aparılır, nəhəng infrastruktur layihələri reallaşdırılır. Müharibədən ötən müddətdə istər hərbi, istərsə də iqtisadi baxımdan daha da güclənmiş Azərbaycan ikinci dəfədir fəxrlə, şərəflə 8 Noyabr - Zəfər Gününü qeyd edir. Öz işğalçı siyasətinin qurbanına çevrilmiş Ermənistanda isə vəziyyət daha da ağırlaşmaqdadır. Nə dərin siyasi böhranı aradan qaldırmaq mümkün olmur, nə də iqtisadi problemləri.  

Artıq hər kəsə məlumdur ki, Azərbaycan regionda dayanıqlı sülhə nail olunması üçün müxtəlif formatlarda keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlərdə üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirir, münasibətlərin nizamlanması üçün lazım olan bütün addımları atır. Əvəzində isə Ermənistanın siyasi rəhbərliyi üzləşdiyi daxili və xarici qüvvələrin ciddi təzyiqi ilə mütəmadi olaraq müxtəlif hərbi və siyasi təxribatlar törətməklə, vəziyyəti gərginləşdirməklə vaxtı uzatmağa çalışır. Əslində Ermənistanın baş naziri Nikol Paşinyan da həm Qərb ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatların, həm də 44 günlük müharibənin dayandırılmasında vasitəçilik missiyasını öz üzərinə götürmüş Rusiyanın Cənubi Qafqazda münaqişəyə son qoymaqda qərarlı olduqlarının fərqindədir. Tərəflərin bu məsələdə üst-üstə düşən və toqquşan maraqları da hamıya aydındır. Ancaq erməni baş nazir qəti addımlar atmaq üçün iradə nümayiş etdirməkdən çəkinir, yaxud mümkün qədər ehtiyatla davranmağa çalışır. Noyabrın 5-də Ermənistan paytaxtında müxalifətin yenidən start götürən etiraz aksiyaları Paşinyanın konstruktiv addımlar atması ehtimalından narahat olan qüvvələrin mövcudluğundan xəbər verir. ABŞ-ın bu ölkədəki səfirliyinin müxalifətin mitinqindən əvvəl Amerika vətəndaşlarına mümkün qədər paytaxt İrəvanın mərkəzinə çıxmaqdan yayınmaları ilə bağlı xəbərdarlığı Fransa meydanında keçirilən aksiyalar zamanı və sonrası qarşıdurmalar ehtimalının olduğunu göstərir. Nikol Paşinyan isə narazı qüvvələrə elə həmin gün mitinqdən az əvvəl ağac əkməklə cavab verib. Baş nazir həyat yoldaşı Anna Akopyan və qızları ilə birlikdə İrəvan bələdiyyəsi tərəfindən Karen Dəmirçyan adına İdman Konsert Kompleksinin ətrafındakı ərazidə təşkil edilən ağacəkmə aksiyasında iştirak edib.

Məlum olduğu kimi, yaxın vaxtlarda Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında növbəti görüş keçiriləcək. Görüşün gündəliyində isə müxtəlif mövzular var. Noyabrın 5-də Bakıda Zəfər Günü ilə bağlı keçirilən tədbirdə çıxış edən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb, eyni zamanda, azad olunan ərazilərdə mina təhlükəsi qalmaqdadır. Ceyhun Bayramovun görüş öncəsi açıqlamaları göstərir ki, Azərbaycan bundan öncə keçirilmiş sülh danışıqlarında həllini tələb etdiyi problemlərin aradan qaldırılmasında israrlıdır və növbəti görüş zamanı əsasən bu məsələlər əsas müzakirə mövzusu olacaq.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaranıb. Düşmən ölkə rəhbərliyi anlamalıdır ki, növbəti tarixi imkanı dəyərləndirməsələr bu, Ermənistanın bir dövlət kimi mövcudluğuna son qoya, Azərbaycanın isə qeyd etdiyi Zəfər günlərinin sayını artıra bilər. Vaxt da məhduddur, seçim imkanı da...