KÖŞƏ

Mahir Rəsuloğlu

Düşmənlərə gözdağı...

19 noyabr 2022 02:16
1173

Böyük Qayıdışa dair I Dövlət proqramının icrası Qarabağı və Şərqi Zəngəzuru yenidən cənnətə çevirəcək

Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda başlanan sürətli bərpa-quruculuq işləri daha da geniş vüsət almaqdadır. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. Müzəffər ordumuzun rəşadəti, qəhrəman oğullarımızın canı-qanı bahasına azadlığına qovuşmuş ərazilərimiz bu gün nəhəng bir tikinti meydançasını xatırladır – rayonları, kəndləri və şəhərləri birləşdirən yeni yollar çəkilir, quruculuq işlərinin aparıldığı ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, yaşayış binalarının, məktəblərin, xəstəxanaların və digər mühüm infrastruktur obyektlərinin təməlləri atılır. Şanlı Zəfərimizdən ötən 2 il müddətində Qarabağda və Şərqi Zəmgəzurda ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində çox mühüm işlər görülüb. Fəxrlə söyləmək olar ki, artıq Zəngilan rayonunun Ağalı kəndinin timsalında 30 ilə yaxın Vətən həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin doğma torpaqlarına Böyük Qayıdışının startı verilib.

Bütün bu işlər hər zaman Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən diqqətdə saxlanılır, layihələrin vaxtında və yüksək keyfiyyətlə icra edilməsi üçün müvafiq göstərişlər verilir. Təsadüfi deyil ki, dövlətimizin başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edir, hər növbəti səfər isə yeni təməllərin atılması, mühüm layihələrin icrasına başlanılması ilə yadda qalır. Dövlət başçımızın bu diqqəti sayəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.

Prezident İlham Əliyevin noyabrın 16-da imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam da məhz bu prioritetlərə əsaslanan hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Bu Dövlət proqramının icrası bərpa və quruculuq işlərinin əlaqələndirilmiş şəkildə təşkili və işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası baxımından müstəsna əhəmiyyətə malikdir.

Qeyd edək ki, sözügedən Dövlət proqramında təhlükəsizlik, iqtisadiyyat, sosial inkişaf və ətraf mühitin müdafiəsi hədəf göstəricilər olaraq nəzərdə tutulmuşdur. 2026-cı ilədək reallaşdırılacaq ən mühüm işlərdən birinin təhlükəsizliyin təmin edilməsi məqsədilə atılacaq addımlar olması ona görə bu qədər vacibdir ki, erməni vandalizminin nəticəsi olaraq Azərbaycan bu gün dünyada ərazisi minalarla və partlamamış hərbi sursatlarla ən çox çirkləndirilmiş ölkələrdən biridir. Bundan başqa, 30 il ərzində tamamilə dağıdıldığı üçün ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla (nəqliyyat, yol, rabitə, su, qaz, elektrik, istilik və s.) təminatı prosesi də tamamilə sıfırdan başlayır. 2026-cı ilədək ümumilikdə 280 min ha ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur və bu qeyd olunan işlərin təhlükəsiz həyata keçirilməsinə imkan verəcək.

Dövlət Proqramında Qarabağda və Şərqi Zəngəzurda yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılması, işğaldan azad edilmiş torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının bərpası, müasir suvarma infrastrukturunun formalaşdırılması ilə bağlı da hədəflər müəyyən edilib. Bundan başqa, iqtisadi hədəflərə məhsuldar ərzaq istehsalı sistemləri təmin edilməklə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin tətbiqi, yerli iqtisadi potensialın gücləndirilməsi və təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ərazilərin davamlı və tarazlı sosial-iqtisadi inkişafına nail olunması, həmçinin turizm sektorunun inkişafı da daxildir.

Böyük Qayıdışın reallaşdırılması zamanı ən mühüm istiqamətlərdən biri də daimi yaşamaq üçün öz ata-baba yurdlarına dönəcək keçmiş məcburi köçkünlərin sosial inkişafının təmin edilməsidir. Zəngilan rayonunun “ağıllı kənd” tipli Ağalı kəndində olduğu kimi, tikiləcək digər yaşayış məntəqələrində də dayanıqlı inkişafın təmin olunması və yaşayış üçün rahat şərait yaradılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılacaq. Dövlət proqramında təhsil, səhiyyə və sosial xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması, əhalinin məşğulluq imkanlarının artırılması, həmçinin sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi də əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub. Yeri gəlmişkən, 2026-cı ilə kimi Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və

Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulub ki, bu da ölkədə mənzil fondunun həcminin artırılmasına ciddi şəkildə təsir göstərəcək.

Onu da qeyd edək ki, həyata keçirələcək böyük layihələrlə yanaşı, ətraf mühit məsələləri də diqqətdən kənarda qalmayıb. Proqramda ətraf mühitin mühafizəsinin təmin edilməsi, təbii ehtiyatlardan effektiv istifadə, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, həmçinin “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviqi hədəf göstəricilər kimi nəzərdə tutulub.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası Qarabağı və Şərqi Zəngəzuru yenidən cənnətə çevirəcək. Proqramın reallaşdırılması üçün isə düşmənlərə gözdağı iqtisadi qüdrətimiz də, əzmimiz və sarsılmaz qətiyyətimiz də mövcuddur. Bu isə hər bir keçmiş məcburi köçkündə öz doğma torpağına qayıdacağı günün çox da uzaqda olmadığına dərin inam yaradır.