KÖŞƏ

Mahir Rəsuloğlu

Biz bu oyunu pozarıq!

25 noyabr 2022 01:13
1090

Künc zərbəsi

Qarabağda cinayətkar əcnəbilərə yer yoxdur...

Qarabağdakı separatçıların qondarma rəhbəri Araik Arutyunyanın birdən-birə 9 “naziri”ni vəzifəsindən azad etməsi cinayətkar dəstənin “islahat” adı altında qurmağa çalışdığı yeni oyunun əlamələtləridir. Rusiyalı milyarder Ruben Vardanyanın xüsusi missiya ilə Qarabağa gəlişindən və qondarma “respublika”nın “dövlət naziri” vəzifəsinə təyin edilməsindən sonra startı verilən bu oyunda sıradan çıxarılanlar isə Araikin öz “kadrları”, başqa adla desək, Qarabağ erməniləri oldu. Azərbaycan torpaqlarında yaşayan sıravi ermənilər növbəti dəfə onların üzərində qurulmaqda olan oyunların qurbanlarına çevrilməkdədirlər. Yəqin Qarabağ ermənilərinin böyük əksəriyyəti vaxtilə Robert Koçaryanın və Serj Sarkisyanın da Azərbaycanın sadə erməni vətəndaşlarından istifadə edərək Ermənistanda hakimiyyəti ələ keçirdiklərini, külli miqdarda pullar qazandıqlarını, həmin vəsaitlər hesabına yaşadıqları dəbdəbəli həyatı, xarici ölkələrin kazinolarında uduzduqları milyonları unutmayıblar. Ortaya atdıqları “ikinci erməni dövləti” ideyasından şəxsi mənfəətləri üçün yararlanan koçaryanlar, sarkisyanlar zənginliyin dadını çıxaranda Qarabağdakı sıravi ermənilər aclıq və səfalət girdabına sürüklənməkdə idilər. İndi yenidən ortaya özünü “xilaskar” kimi qələmə verməyə çalışan Vardanyan çıxaraq dinc insanları onların üzərlərindən qurulan yeni oyunlara sövq etməyə çalışır. Ermənilər anlamalıdırlar ki, tədbirli olmasalar, cinayətkarlara uysalar bunun acı nəticələrini bu və ya digər şəkildə yenidən yaşamaq zorunda qalacaqlar.

Xatırladaq ki, Araik Arutyunyanın noyabrın 23-də imzaladığı “fərman”larla Mikayel Hayriyan “səhiyyə naziri”,  Norayr Musayelyan “kənd təsərrüfatı naziri”,  Anahit Akopyan “təhsil, elm, mədəniyyət və idman naziri” , Armine Petrosyan “sosial inkişaf və miqrasiya naziri”, Hayk Xanumyan “ərazi idarəetmə və infrastruktur naziri”, Jirayr Mirzoyan “ədliyyə naziri”, Davit Babayan “xarici işlər naziri”, Aram Sarkisyan “şəhərsalma naziri” və Vahram Bağdasaryan “maliyyə və iqtisadiyyat naziri” “vəzifəsindən” azad ediliblər. Göründüyü kimi, “islahatlar”, əslində isə yeni oyun Araikin “güc strukturlarının rəhbərləri” xaric bütün kadrlarını işsiz qoyub. Təyin olunacaq yeni “nazirlərin” isə Ruben Vardanyanın adamlarının olacağı şübhə doğurmur. Açıq hiss olunur ki, bütün bunlar hansısa ciddi prosesə hazırlıq məqsədi daşıyır.

Yeri gəlmişkən, qondarma qurumun “xarici işlər naziri” postuna namizədlər arasında Ermənistanın keçmiş XİN rəhbəri Vardan Oskanyanın da adı hallanır və erməni mətbuatının yazdığına görə, Vardanyan həmin vəzifəyə məhz onun təyin edilməsini istəyir. Ancaq yeni oyunun ssenarisini yazanlar da, icraçılar da bir reallığı unudublar – Qarabağa kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişməyəcək. İstər rusiyalı milyarder Ruben Vardanyan, istər Vardan Oskanyan, istərsə də digər şəxslərdən ibarət yeni “komandanın” formalaşdırılması situasiyanı dəyişmək iqtidarında deyil. Çünki Azərbaycan işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadıqları bölgədəki prosesləri daim diqqət mərkəzində saxlayır. Orada baş verən bütün hadisələr və cərəyan edən proseslər barədə Azərbaycanın aidiyyəti orqanları tam dolğun məlumata malikdir. Odur ki, vəziyyət Azərbaycanın tələbləri daxilində inkişaf etməlidir və edəcək. Nə Ermənistan, nə onun havadarları, nə də hər hansı üçüncü bir qüvvə bu vəziyyəti dəyişə, başqa istiqamətə yönləndirə bilməz.

Daha mühüm bir məqam isə ondan ibarətdir ki, rusiyalı Vardanyan və suriyalı Oskanyan Azərbaycan ərazisinə qeyri-qanuni gəliblər. Bu isə Azərbaycan qanunvericiliyinə əsasən cinayət tərkibi yaradır. Yəni, hər iki şəxs cinayətkardır və Azərbaycan bu cinayətkarlarla hər hansı dialoqa getmək niyyətində deyil.

Hər kəs bilməlidir ki, bütün bu qanunsuz addımların, Qarabağda qurulmasına çalışılan yeni oyunların heç bir perspektivi yoxdur. Azərbaycan uzun müddət belə vəziyyətə dözmək niyyətində deyil, atılan qanunsuz addımların qarşısını almaq, cinayətkarların cəzalandırılmasını təmin etmək üçün qəti tədbir görmək hüququnu özündə saxlayır.

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan Konstitusiyası ilə müəyyən olunmuş bütün hüquq və azadlıqlar onlara da şamil olunur. Danışıqlar da kənardan gətirilib xüsusi qaydada saxta status verilən kimlərləsə deyil, məhz Qarabağdakı  ermənilərin içindən çıxmış, sözün əsl mənasında onları təmsil edə biləcək şəxslərlə müəyyən edilmiş səviyyədə aparıla bilər. Bu, Azərbaycanın qəti mövqeyidir. Əksini fikirləşərək fərqli nəticələrə nail olmaq istəyənlər isə qarşılarında Azərbaycanın sərt qanunlarını görəcəklər. Biz bu oyunu pozarıq! Səbir də bir yerə qədər...