Vəli İlyasov |
Beynəlxalq təşkilatlar Fransanın Azərbaycana qarşı qərəzli siyasətindən narazılıqlarını açıq şəkildə bildirməyə başlayıblar. Ümumi rəy belədir ki, Fransa həmişə Ermənistanı dəstəklədiyi, nümayişkaranə surətdə "biz Ermənistanı tək buraxmarıq" dediyi üçün vasitəçi ola bilməz. Buraya onu da əlavə edək ki, digər yaramazlıqlarından əlavə sırf ermənipərəst mövqedə dayanan Fransa Senatı Azərbaycan əleyhinə iki əsassız qətnamə qəbul edib. O, Azərbaycanla Ermənistan arasında otuz ildən də artıq gedən münaqişənin dinc yolla tənzimlənməsinə mane olub, iki xalqın iztirablarının bitməsini vecinə almayıb. Bu, əlbəttə, Fransanın necə olursa-olsun Cənubi Qafqaza soxulmaq ambisiyalarından irəli gəlir və belə görünür ki, iddiasından əl çəkmək fikrində deyil.
"Fransa açıq-aşkar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə xələl gətirir və Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra sülhün bərqərar olması və bərpa səylərini ciddi şəkildə təhlükə altına qoyur".
Bu fikir İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Tahi Ayhanın Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü ilə bağlı bəyanatında yer alır.
İKGF prezidenti Azərbaycan hökumətinin və təşkilata üzv olan digər dövlətlərin Cənubi Qafqazda sülhün möhkəmləndirilməsinə və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirdiyini və qətiyyətlə dəstəklədiyini bildirib.
Onun sözlərinə görə, bu, bütün regionun iqtisadi inkişafı və mədəni inteqrasiyası üçün böyük imkanlar yaradacaq. Digər tərəfdən, İKGF prezidenti Fransa kimi üçüncü tərəflərin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülhün bərqərar olması prosesini pozmağa yönəlmiş və Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində fəaliyyətini ciddi şəkildə təhlükə altına qoyan "səylərindən" narahatlığını ifadə edib.
Dünyanın tanınmış siyasətçiləri və dövlət xadimləri açıq ifadə edirlər ki, Cənubi Qafqazda sülhü tormozlayan iki dövlətin biri Fransadır. Bu dövlətin müstəmləkəçi hakimiyyəti yüz il əvvəl də bu regionda olmazın hoqqalarından çıxırdı. Bu elə-belə hoqqalar deyildi, minlərlə günahsız insanın qanı axıdılırdı.
Tahi Ayhan Fransa parlamenti və hökumətinə amansız qırğınlar, imperialist müstəmləkəçiliyin qəddarlığı və müsəlmanlara qarşı islamofob siyasəti ilə zəngin tarixlərinə yenidən baxmağı, ona sərhədlərindən kifayət qədər uzaq bir bölgədə sülhməramlı kimi çıxış etməməyi tövsiyə edib.
Ancaq Tahi qardaşımız narahat olmasın. Prezident İlham Əliyev "böyük bacı" ilə "kiçik bacı"nı birlikdə rədd etdi. Əslində bu, onların hər ikisinə vurulan tərs şapalaq oldu.
Azərbaycan diasporu üzvlərinin Fransa Milli Assambleyası qarşısında keçirdiyi etiraz nümayişi zamanı iştirakçılar kifayət qədər kəskin tələblər irəli sürdülər. Bildirildi ki, Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etdiyi vaxtda fransız siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə bölgədə sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərir, qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Hökumətdən Ermənistanı silahlandırmağı tələb edən fransız deputatlar regionun sabitliyinin təmin edilməsində maraqlı olmadıqlarını açıq-aydın göstərirlər.
Etirazçılar Fransanın birtərəfli davranışdan əl çəkməsinin və daha tarazlaşdırılmış mövqe tutmasının vacibliyini vurğulayaraq, birtərəfli ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirməməyə, Azərbaycana qarşı iqtisadi təzyiq siyasəti ilə sadə avropalılara yeni problemlər və çətinliklər yaratmamağa çağırıblar. Həmçinin qeyd edilib ki, Fransada keçirilən seçkilərə kifayət qədər təsir imkanları olan erməni əsilli fransızların böyük əksəriyyəti Ermənistana heç vaxt ayaq basmayıblar. Qətnamənin müəllifləri sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı yaxınlaşmaya sövq etmək əvəzinə, Ermənistanı müasir fransız silahları ilə silahlandırmağa çağıraraq regionda münaqişəni yenidən alovlandırmağa cəhd göstərirlər.
Bir acı həqiqət də var ki, Ermənistan bu gün Makronun təhriki ilə sülh danışıqlarını poza bilər. Bəs sonra? Sonra Azərbaycan Ordusu ilə qarşı-qarşıya gələndə onun köməyinə kim çatacaq? Sındırılmış erməni əsgəri əhval-ruhiyyəsi yüksək olan Azərbaycan əsgərinin qarşısında necə dayanacaq? Yoxsa fransızlar gəlib erməni əsgərlərinin əvəzinə döyüşəcəklər? Suallar saysız-hesabsızdır və bu sualların hamısına yalnız Ermənistan və onun başçısı, gündə iki ağıla qulluq edən Paşinyan verməlidir. Görünən odur ki, dövlət başçısı postunda bir təlxəyin oturması o millətin faciəsidir.
Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan görün nə deyir: “Yaxın zamanlarda Azərbaycan Ordusu üçtərəfli Bəyanatın bütün bəndlərinin icrasını geniş bir hərbi əməliyyat nəticəsində həll edəcək. Buna artıq Kreml də göz yumacaq, KTMT də. Çünki KTMT-nin köməyindən İrəvan özü imtina etdi. Özü-özünün qəbrinin ağzını açdı. Hər şey çox tez baş verəcək. İrəvan özünə gələnə qədər Azərbaycan Ordusu bütün qoyulan tapşırıqları yerinə yetirəcək”.
Bunu da biz demədik ki?!