KÖŞƏ

Mahir Rəsuloğlu

Ermənistanın BMT fiaskosu...

22 dekabr 2022 02:57
1727

Künc zərbəsi

Armen Baqdasaryan: Qarabağda heç min nəfər də erməni yaşamır

Ermənistanın beynəlxalq səviyyədə guya Laçın yolunun bağlanması və bu səbəbdən Qarabağda “humanitar böhran” yaranması iddiaları ilə yaratmaq istədiyi növbəti şou cəhdi də fiaskoya uğradı. Düşmən ölkənin təşəbbüsü ilə dekabrın 21-də BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəyə çıxarılan mövzu gözlənildiyi kimi, heç bir sənəd qəbul edilmədən yekunlaşdı. Ermənipərəst mövqeyinə alışdığımız Fransa və digər 2-3 ölkənin yolun açılması çağırışlarını nəzərə almasaq TŞ-nin iclası ermənilərin istəklərinin əksinə Azərbaycanın ərazi bütövlüyünə hörmət kontekstində keçdi. Çıxış edənlərin BMT tərəfindən Azərbaycanın suveren ərazisi kimi qəbul olunmuş Qarabağ iqtisadi rayonu haqqında “Qarabağ” ifadəsindən istifadə etmələri bir daha göstərdi ki, Ermənistanın dünya ictimaiyyətini aldatmaq təşəbbüsləri daha heç bir nəticə vermir. Bunu müzakirələri yalandan erməni diplomatiyasının “qələbəsi” kimi sırımağa çalışan Ermənistan hakimiyyətindən fərqli olaraq düşmən ölkə ictimaiyyəti də yaxşı anlayır.

Erməni politoloq Suren Surenyants özünün “Facebook” səhifəsində yazır: “BMT TŞ-nin dünənki sessiyasını fetişləşdirmək cəhdləri məni təəccübləndirdi. Bütün çıxış edənlər Dağlıq Qarabağ (Qarabağ nəzərdə tutulur və ermənilər qondarma “artsax” deyil, bu addan istifadəni Azərbaycanın mövqeyinin ifadəsi kimi qəbul edirlər – M.R.) adından istifadə edirdilər. Bu qeyd edə biləcəyimiz müsibətdir.”

Beynəlxalq siyasi sistemin və onun əsas aləti olan BMT-nin böhran yaşadığını iddia edən S.Surenyants daha sonra bildirir ki, BMT TŞ müzakirələrin nəticəsi olaraq heç bir qətnamə qəbul etməyib, hətta Azərbaycana qarşı sanksiyaların tətbiqinə eyham belə vurulmayıb. Bu strukturdan aktiv addımlar gözləmək lazım deyil.

Bəli, Ermənistan rəhbərliyinin, Qarabağdakı separatçıların əsassız iddiaları qarşılığında hər hansı gözləntilərinin nəticəsiz qalacağı tamamilə məntiqlidir. Çünki Laçın yolunda dekabrın 12-dən kəskin hava şəraitinə baxmayaraq fasiləsiz aksiya keçirən Azərbaycanın QHT nümayəndələrinin, ekofəalların, könüllülərin və ictimaiyyət nümayəndələrinin etirazlarına ciddi səbəblər olsa da yol bağlanmayıb. Qarabağda “böhran”a səbəb olacaq isə tək bir amil var – Qərbin sanksiyalarından yayınmaq məqsədilə Rusiyadan qeyri-qanuni Azərbaycan ərazisinə gələrək Qarabağda gizlənən cinayətkar Ruben Vardanyan və digər separatçılar tərəfindən mülki erməni əhalisinə göstərilən təzyiqlər. Laçın yolundakı məhdudiyyətdən öz dırnaqarası mövqeyini möhkəmləndirmək üçün istifadə etməyə çalışan Vardanyan hər vəchlə mülki erməni əhalini çətinliklərlə üz-üzə qoyur, onların Azərbaycanın hakimiyyətini qəbul etməsindən qorxaraq süni əngəllər yaradır. Qarabağdakı “müharibə vəziyyəti”, yalnız özlərinə və yaxın ətraflarına məxsus avtomobillərə yanacaq verilməsi, banklardan və bankomatlardan nağd pul çıxarılmasına tətbiq edilən məhdudiyyət (hər erməni şəxsi vəsaitinin yalnız 50 min dramını, təxminən 216 manatı nağdlaşdıra bilər – M.R.) artıq yerli əhalidə ciddi narazılıqlar yaratmaqdadır. Məhz bu narazılıqların nəticəsidir ki, qondarma qurumun “dövlət naziri” iki dəfə Xankəndidə keçirmək istədiyi etiraz aksiyasını iştirakçı toplaya bilməməsi səbəbindən təxirə salıb.

Xankəndidəki bu vəziyyətlə bağlı tanınmış erməni politoloq Armen Baqdasaryan maraqlı fikirlər səsləndirib. O, bildirib ki, Laçın yolunda baş verənlər barədə uşaqdan tutmuş böyüyə qədər hamı fikir yürüdür. Amma bu 10 gündə Azərbaycan tərəfinin aksiyasına Xankəndidən 3-4 nəfər belə yığılıb bir şüar səsləndirməyib: “Sizcə, niyə belə tendensiyanı izləyirik? Bütün dünya bizdən danışır, amma Qarabağda yaşayan ermənilər susur. Hanı 120 min dediyiniz əhali? Bəsdir yalan danışdınız, orada heç min nəfər qalmayıb. Hamı qaçıb. Kimi İrəvana, kimi də erməni diasporu çox olan ölkələrə. “Dqr”də yaşayanlar guya blokadadadırlar. Bəs niyə narazılıqlarını bildirmirlər? Çünki orada olan 100-dən bir az çox insan çölə çıxsa, bütün yalanlar ifşa olacaq, hazırda müxtəlif beynəlxalq platformalarda erməni diaspor nümayəndələrinin “Bakı 120 min erməniyə qarşı humanitar təzyiq göstərir” qışqırıqları puça çıxacaq.”

Bax, əsl reallıq budur. Cinayətkar Vardanyan da yaxşı bilir ki, Qarabağda onların dünyaya yalandan şivən qopardıqları kimi, 120 min yox, heç 20 min də erməni yaşamır və bu həqiqətin aşkara çıxması separatçıların sonunun çatdığını göstərən əsas faktlardan biri ola bilər. Ona görə də istər Vardanyan, istərsə də Araik Arutyunyan mümkü qədər daha çox var-dövlət qazanmağa, öz çirkli pullarını artırmağa çalışırlar. Laçın yolundakı məhdudiyyət götürülsə, qaçıb aradan çıxmaq ümidi ilə. Ancaq o yol Qarabağın mülki erməni əhalisi üçün, humanitar keçidlər məqsədi ilə heç vaxt bağlanmasa da, cinayətkar vardanyanlar üçün də heç vaxt açılmayacaq. Çünki onlar çoxdan yolun sonuna çatıblar...