KÖŞƏ

Mahir Rəsuloğlu

Di cavab verin...

02 fevral 2023 01:57
1793

Künc zərbəsi

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistandan hesab tələb edir

Hər fürsətdə beynəlxalq ictimaiyyəti aldatmağa çalışaraq, guya sülh çağırışlarına “sadiq” olduğunu bəyan edən Ermənistan hakimiyyəti üçün indi 44 günlük İkinci Qarabağ müharibəsindən sonra törətdiyi təxribatlara görə cavab vermək zamanıdır. Qol çəkdiyi kapitulyasiya sənədinin – 10 noyabr 2020-ci il Bəyanatının müddəalarını mütəmadi şəkildə pozan, sülh danışıqlarını hər vasitə ilə yubadan və vaxt qazanaraq Qarabağdakı separatçıları silahlandırmağa çalışan, saysız-hesabsız istehsalı və istifadəsi qadağan edilmiş piyadalar əleyhinə minaların, mina-tələlərin Azərbaycan ərazisinə göndərilməsinə rəvac verən Nikol Paşinyan anlamalıydı ki, bir gün bütün bunların hesabını onlardan soruşacaqlar. Necə ki, hazırda Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistandan hesab tələb edir. Necə ki, yanvarın 31-də sözügedən məhkəmədə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Azərbaycan Ermənistana qarşı məhkəmə işi üzrə əlavə müvəqqəti tədbirlərin müəyyən edilməsi məqsədilə keçirilən açıq dinləmələrə təqdim edilmiş yeni sübutlar düşmən ölkənin nümayəndə heyətini çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, dinləmələr Ermənistan silahlı qüvvələri tərəfindən mülki ərazilərimizdə minaların və partlayıcı tələlərin qəsdən yerləşdirilməsinin davam etməsi nəticəsində “artan itkilərin qarşısını almaq üçün təcili tədbirlər görmək” məqsədilə Azərbaycanın Məhkəməyə 4 yanvar 2023-cü il tarixli ikinci müraciəti ilə əlaqədar təşkil olunub. Həmin müraciətdə Ermənistan tərəfindən 2021-ci ilin oktyabrında BƏM-ə təqdim edilmiş məlumatlara zidd olaraq hətta 10 noyabr üçtərəfli Bəyanata əsasən bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəldikdən sonra da Azərbaycan ərazisində minalar yerləşdirməyə davam etdiyini göstərən yeni sübutlar əks olunub.

Məlum olduğu kimi, münaqişə başa çatdıqdan sonra əksəriyyəti mülki şəxslər, o cümlədən 3 jurnalist olmaqla 282 nəfər azərbaycanlı mina və ya digər partlayıcı qurğuların qurbanı olub, işğaldan azad edilmiş ərazilərimizdə təkcə 2022-ci ilin avqustundan sonra 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox mina aşkar edilib. Ermənistanın bu davranışı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın və digər beynəlxalq qanunlar üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.

Müraciətdə qeyd olunub ki, Azərbaycan ərazisinə qeyri-qanuni olaraq gətirilmiş minaların 1600-ü, həmçinin mina-tələlər Ermənistanın etnik təmizləmə kampaniyası və torpaqlarımızın qanunsuz işğalı nəticəsində 30 il əvvəl azərbaycanlıların qovulduğu mülki ərazilərə basdırılıb. Bu isə məcburi köçkün ailələrinin və icmaların öz evlərinə geri qayıtmasının qarşısını alır. Bununla bağlı azərbaycanlı mülki şəxslərin qayıdacaqları şəhər, kənd və digər ərazilərində minaların, mina-tələlərin, digər partlayıcı qurğuların yeri, miqdarı, növü və xüsusiyyətləri barədə məlumat verməklə Azərbaycanın operativ, təhlükəsiz, effektiv şəkildə minalardan təmizlənməni həyata keçirməsi istiqamətində Ermənistan tərəfindən dərhal bütün lazımi addımlar atılması BƏM-dən sorğu edilib.

Azərbaycan, həmçinin məhkəmədən bu məqsədlə Laçın yolundan istifadə etmək də daxil olmaqla məcburi köçkünlərin qayıdacaqları ərazilərin minalanması üçün növbəti səyləri dərhal dayandırması və bundan imtina etməsi ilə bağlı Ermənistana göstərişin verilməsini xahiş edib.

Xatırladaq ki, 2021-ci il dekabrın 7-də BƏM Ermənistanın davam edən İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozuntularına qarşı qorunmaq üçün müvəqqəti tədbirlər haqqında Azərbaycanın ilk sorğusunu təmin etmişdi. Məhkəmə Ermənistana azərbaycanlılara qarşı yönəlmiş irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməyi tapşırmışdı. Ancaq düşmən ölkənin rəhbərliyi nəinki məhkəmənin bu tapşırığını yerinə yetirməyib, əksinə, ötən müddətdə davamlı olaraq növbəti təxribatlar törədib, Qarabağdakı qeyri-qanuni silahlı birləşmələr çıxarılmaq əvəzinə, Laçın yolu vasitəsilə onlara hərbi sursat danışıb. Bu faktlar bəzən ermənilərin özləri tərəfindən də etiraf edilir. Belə ki, bir neçə gün əvvəl Qarabağdakı separatçı qurumun “prezident”i Araik Arutyunyan qapalı iclasda hazırda onların əlində Ermənistanda olduğundan artıq silah və texnika olduğunu bildirib. Arutyunyan bu etirafı rusiyalı cinayətkar, Qərbin sanksiyalarından yayınmaq və şəxsi mənfəətləri üçün qeyri-qanuni şəkildə Qarabağa gəlmiş “dövlət naziri” Ruben Vardanyanın “lazım gəlsə, Azərbaycanla döyüşməyə hazır olmalıyıq” sərsəm açıqlamasına münasibət bildirərkən edib. O, silah və hərbi texnikanın çoxluğuna rəğmən Azərbaycanla müharibənin tərəfdarı olmadığını deyib. Bu fakt Ermənistan rəhbərliyinin sülhə necə hazır olduğunu bir daha göstərir, Azərbaycan isə düşmən ölkənin bu taktikaları ilə çox yaxşı tanışdır. Ona görə də döyüş meydanında olduğu kimi, hüquqi arenada da öz sözünü deyir, qələbəsini təmin edir. Ermənistan mərhələ-mərhələ bütün cinayətlərinə görə cavab verəcək, bütün törətdiklərinin məsuliyyətini daşımaq məcburiyyətində qalacaq. Həm ilahi ədalət, həm də Beynəlxalq Ədalət Məhkəməsi qarşısında...