Bu istiqamətdə işlərin 73 faizinin yerinə yetirilməsi dəhlizin vaxtında istifadəyə veriləcəyinə əminlik yaradır
Təməli Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) regional və beynəlxalq əhəmiyyəti ilə seçilən qlobal yol-nəqliyyat layihəsidir. Füzulinin Əhmədbəyli kəndindən başlayaraq davam etdirilən bu dəhlizin layihə üzrə işlərinin 73 faizinin yerinə yetirilməsi, 3 avtomobil tunelinin inşasının sürətlə davam etdirilməsi göstərir ki, dəhlizin inşası nəzərdə tutulan müddətdə başa çatdırılacaq.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarından sonra nəqliyyat infrastrukturu kimi böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin inşasına başlanılması Azərbaycan üçün geosiyasi, iqtisadi baxımdan tarixi hadisədir. Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı ayrıca bəndin yer alması bu həqiqəti tamamlayır, dəhlizə marağı artırır. Bəyannamədə əks olunan milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, qatarların sərbəst hərəkətinin təşkili mexanizimlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi tikintidə işləri intensivləşdirir.
Azərbaycanla Türkiyə arasında tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcək, iki qardaş ölkəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin coğrafiyasının genişləndirilməsi baxımından da önəmlidir.
Bakı-Tbilisi-Qars dəmir yolunun davamı kimi beynəlxalq əhəmiyyətli, nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə kömək edəcək bu dəhliz dövlətlərarası turizmin inkişafına, ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə, qatarların sərbəst hərəkətinə də kömək edəcək. Zəngəzur dəhlizini Türkiyə ilə Azərbaycanın möhkəmlənən müttəfiqliyinin ən yüksək zirvəsi adlandıranlar da qənaətlərində yanılmırlar. Şərqi Zəngəzurun və Qarabağın iqtisadi inkişafı da bu dəhlizin istifadəyə verilməsi ilə bağlıdır. İstanbulla Mərkəzi Asiya ölkələrini birləşdirəcək, ən müasir infrastruktur kimi fəaliyyət göstərəcək bu dəhliz türk dünyasının vahid dəyərlərdən qaynaqlanan milli iradəsini ifadə etmək baxımından da dəyərlidir.
Bakıda, ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”» mövzusunda beynəlxalq konfransda iştirak edən xarici qonaqların, politoloqların Zəngəzur dəhlizi ilə bağlı suallarının çoxluğu da göstərdi ki, bu yolun beynəlxalq əhəmiyyəti regional dəyərindən daha artıqdır.
Davos Dünya İqtisadi Forumunun əsas müzakirə mövzusu olan qlobal enerji və nəqliyyat layihələri ilə bağlı görüşlərdə ölkəmizdə həyata keçirilən irimiqyaslı qlobal layihələrdən bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, daxili və xarici siyasəti qarşılıqlı anlaşma prinsiplərinə, strateji əməkdaşlığa , bölgədə və dünyada siyasi sabitliyin qorunmasına yönələn Azərbaycan Çinin təşəbbüsü olan «Bir kəmər, bir yol» layihəsinin də fəal iştirakçısıdır. Forum çərçivəsində Çinin CGTN telekanalına müsahibəsində «Bir kəmər, bir yol”» təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttə ki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır» sözləri ilə ölkələrin səylərinin birləşdirilməsini, razılaşdırılmış tarif siyasətinin vacibliyini diqqətə çatdıran Prezident İlham Əliyev əsas hədəfi də göstərib: «Biz müştərək faydanı görməyi öyrənməliyik.» Xəzər dənizinə istiqamətlənən Çin-Qırğızıstan-Özbəkistan kimi Zəngəzur dəhlizinin də parlaq gələcəyi olacağını əminliklə söyləyib.
Bütün müsahibələrində, mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdə icmal xarakterli olsa da Zəngəzur dəhlizi ilə bağlı açıqlama verən Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də Azərbaycanın mövqeyinə sadiq qalacağını bildirib: «Hansı yolla olursa-olsun bu dəhliz açılacaq.» Zəngəzur dəhlizi üzərindən Zəngilan, Füzuli Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi siyasi iradənin, qətiyyətin nümunəsi kimi bu əminliyi də təsdiqləyir.
Azərbaycan bu hava dəhlizlərindən Ermənistandan icazə almadan istifadə edir. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirmək də qarşıdakı illərdə mümkün olacaq. Naxçıvana uçan təyyarələr Zəngəzurun hava məkanından istifadə etməklə həm vaxta, həm də yanacağa qənaət ediləcək. Hazırda gündəlikdə duran əsas məsələ Zəngəzurun avtomobil və dəmir yolunun açılması, gələcəkdə bu yolla Naxçıvana elektrik enerjisi verilməsidir. Bu baxımdan dəhlizin Zəngəzur bölgəsinin bütün ərazilərini əhatə etməsi bölgənin iqtisadi inkişafı baxımından da əhəmiyyətlidir. Bu dəhlizin açılmasına mane olmağa çalışan erməniləri və işğalçı dövlətin havadarlarını daha çox narahat edən iki qardaş ölkəni birləşdirəcək bu yolun Türkiyəyə qədər uzanması, bölgədə sabitliyin yaranmasıdır.
Zəngəzur ifadəsinin dünyada beynəlxalq termin kimi işlədilməsini «Onu da bildirməliyəm ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib. Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur» sözləri ilə bildirən dövlət başçımız İlham Əliyev bu layihənin mütləq həyata keçiriləcəyini siyasi qətiyyəti ilə bildirir. Bunun üçün Ermənistan öz anti-Azərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməli, bölgədə sabitlik yaradacaq Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına mane olan qüvvələrin çirkin niyyətlərinin qarşısı alınmalıdır.
Hazırda bölgədə davamlı sülhün və hərtərəfli əməkdaşlığın normallaşmasını təmin edəcək Zəngəzur dəhlizinin bərpası ilə bağlı Türkiyə ilə Azərbaycan səylərini birləşdirir, qətiyyətlərini artırırlar. Bütün dünya ictimaiyyəti də anlayır ki, Şərqi Zəngəzur ərazisindən keçəcək avtomobil və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ticari əməkdaşlıq baxımından əlverişli fürsətlər yaradacaq. «Gün gələcək, Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik. Bölgənin tranzit, logistik mərkəz kimi mövqeyi möhkəmlənəcək» söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, Zəngəzur dəhlizi ayırıcı deyil, birləşdirici layihədir və bütün türk dünyasını əhatə edəcək. Hər iki qardaş ölkənin Zəngəzur dəhlizinin reallaşdırılması üçün göstərdikləri səylərin məntiqi nəticəsinin gerçəkləşəcəyi günə az qalıb.
Xuraman İsmayılqızı, «İki sahil»