KÖŞƏ

Yeganə Əliyeva

Təşəkkür edirik, cənab Prezident!

17 mart 2016 15:06
708

Bu, olmalı, mütləq baş verməli idi. Başqa cür mümkün də deyildi. Sadəcə, ortada zaman məsələsi vardı. Azərbaycan cəmiyyəti, Türkiyə, hətta bütün türk dünyası bunu gözləyirdi. Azərbaycan Prezidenti bu tarixi addımı atdı, belə bir jest etdi. Elə bir məqamda ki...

"O gələ bilmir, mən gedərəm!"

Qana susamışların Ankarada törətdikləri terror aktları səbəbindən Bakıya səfərini iki dəfə təxirə salmaq məcburiyyətində qalan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçün bundan böyük dəstək ola bilməzdi. Azərbaycan Prezidenti İlham Əliyev belə bir kritik məqamda bu cür jest göstərməklə Türkiyə-Azərbaycan qardaşlığını daha yüksəklərə qaldırdı.

Söz tapmaq, hissləri ifadə etmək o qədər də asan deyil...
 
Bu, yalnız qardaşın yükünü çəkməyə hazır olan qardaşın sadə bir jesti yox, həm də sevincini sevinc, kədərini kədər bilən, dar gündə kömək əlini uzatmağı bacaran, bunu özünə borc sayan, doğmalıqdan doğan böyüklük nümunəsidir. Bu jest, bu addım dosta sədaqətin nümunəsidir, Türkiyə-Azərbaycan birliyinin təntənəsidir! 

Qaradaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev ilə qucaqlaşması anına tamaşa etməkdən, Türkiyənin Azərbaycanla bir-birinə sarılmasını izləməkdən böyük hansı xoşbəxtlik ola bilər ki?! Bu xoşbəxtliyin, bu mənzərənin hissini, emosiyalarını yalnız türk və türkləri sevənlər deyil, bəşəri dəyərlərə önəm verən hər kəs analayar...
 
Prezident Ərdoğanın azərbaycanlı həmkarı ilə görüşdə öz hisslərini gizlədə bilməməsi Türkiyə-Azərbaycan sevgisinin təzahürüdür! Eyni hissləri cənab İlham Əliyev də yaşadı və hər birimizə yaşatdı. Vətən sevgisi ilə döyünən ürəklər fərəhlə doldu.

Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı çətin durumdan qurtararaq Ankaraya səfər etməsi qardaş ölkədə də yüksək qiymətləndirildi. Bu jest o qədər yerində və vacib idi ki, Ankarada bütün digər məsələlər, o cümlədən prezidentlərin müzakirə etdikləri mövzular və “viza məsələsi nə zaman həll olunacaq” kimi sual da arxa planda qaldı. Bu səfər imzalanan sənədlərlə deyil, dövlətimizin İlham Əliyevin ağır zamanda Türkiyəyə dəstəyi, Türkiyə-Azərbaycan dostluğunu hər şeydən üstün tutmasının bir nümunəsi kimi tarixdə qalacaq.

Azərbaycan Prezidentinin qardaş Türkiyəyə qarşı bu jestlərinin mənasını indi hamı aydın şəkildə başa düşür. Bu addım Azərbaycan və Türkiyənin terrora qarşı birgə olduğunu sözdə deyil, əməldə göstərdi. Bu, həm də ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamının təzahürüdür. Qardaş ölkənin dövlət başçısının dediyi kimi, Prezident İlham Əliyevin qardaş Türkiyəyə onun üçün çətin olan bir məqamda – qanlı terror aktlarının aörı-acısının yaşandığı bir vaxtda belə bir jest nümayiş etdirməsi rəsmi Bakının Ankara üçün qara günün dostu olduğunu göstərdi.

“Buradakı mesajın hər kəs tərəfindən diqqətə alınmasını tövsiyə edirəm. Hər kəs bu qardaşlıq mesajından dərsini almalıdır” – dedi Prezident Ərdoğan.

Bu, əslində Azərbaycanın qardaş Türkiyəyə həm də vəfa borcudur. Çünki hələ ötən 90-cı illərində dünyada və beynəlxalq təşkilatlarında Azərbaycanın haqq səsinə məhəl qoyulmayanda Türkiyə səsimizə səs verib. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkə olaraq tarixə düşdü.

Azərbaycan bütün bu yaxşılıqların qarşılığını növbəti dəfə qaytardı: Prezident İlham Əliyev Ankarada törədilən terror aktları səbəbindən Bakıya planlaşdırılan səfərini reallaşdıra bilməyən türkiyəli həmkarının çətin vəziyyətdə olduğunu nəzərə alaraq “O gələ bilmir, mən gedərəm!” qərarını verir. Azərbaycan Prezidenti çoxdan planlaşdırılan Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi barədə təşəbbüslə çıxış etməklə həm də Prezident Rəcəb Tayyib Ərdoğanı çətinlikdən xilas etdi.

Siyasətdə açıqlamalar və deyilən hər sözlə yanaşı, vücud dilinə də diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyev onu Türkiyə Prezidentinin Sarayına aparan avtomobildən düşən kimi türkiyəli həmkarını bir neçə dəfə qucaqladı, mətbuat konfransının sonunda isə Türkiyə Prezidentini bağrına basdı. Heç şübhəsiz, Ankaradakı son terror aktı Azərbaycan Prezidentinə də möhkəm təsir etmişdi və dövlətimizn başçısı vücudu ilə də Azərbaycanın Türkiyənin yanında olduğunu göstərdi. Prezidentlərin səhnədə bir-birinə sarılmasını izləmək isə xüsusilə qürurverici idi.

Bu hissləri hər birimizə yaşatdığınız üçün təşəkkür edirik, cənab Prezident!