KÖŞƏ

Yeganə Əliyeva

ÜAK-ın ləğvi məsələsində erməni izi...

19 may 2017 14:36
956

Rusiya Ədliyyə Nazirliyinin təqdimatı əsasında bu ölkənin Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi Azərbaycan cəmiyyətində ciddi narazılıqlara səbəb olub.  Çünki Rusiyadakı ən böyük diaspor təşkilatının qeydiyyatının ləğv olunması hansısa hüquqi prosedurların pozulması ilə əlaqələndirilsə də, əsl gerçəklik başqa cürdür. Belə ki, hələ bu məsələ ortaya atılan ilk günlərdən hər kəsə bəlli idi ki, ÜAK-ın qeydiyyatının ləğvi hüquqi yox, siyasi qərardır. Bunun məhz siyasi qərar olduğu barədə əsas amilləri bir qədər sonra sadalayacağıq.

Bəribaşdan bir mühüm məqama diqqət yetirməliyik: ÜAK-ın qeydiyyatının ləğvi qərarı Ermənistan hakimiyyətinin və dünyadakı erməni lobbisinin sevincinə səbəb olub. Çünki Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanın dünyadakı ən güclü diaspor təşkilatı olmaqla yanaşı, Konqresin sıralarında Rusiyada yaşayan tanınmış azərbaycanlılar - oliqarxlar, mədəniyyət xadimləri, həkimlər, rəssamlar yer alırdılar. Bu isə Rusiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi, iki ölkə arasındakı dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün çox mühüm məsələ idi. Elə bu səbəbdən həm Azərbaycan, həm də Rusiya belə bir diaspor təşkilatının mövcudluğuna, onun fəaliyyətinə xüsusi önəm və dəstək verirdi.  Başqa sözlə, hər iki dövlət Ümumrusiya Azərbaycanlıları Konqresini dostluq və əməkdaşlıq münasibətlərinin əsas elementi sayıb. Buna misal olaraq ÜAK-ın fəaliyyətinə dair bir neçə mühüm məqama diqqət yetirmək kifayətdir.

2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə təsis olunan ÜAK-ın birinci qurultayında Rusiya Prezidenti  Vladimir Putin də şəxsən iştirak edib. Konqresin 2004-cü ildə Moskvada keçirilən II qurultayında Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə bir sırada əyləşmişdi. Konqresin 2011-ci ildə Moskvada keçirilən III qurultayında isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, habelə Administrasiyanın şöbə müdiri iştirak edib. Rusiyanın o zamankı Prezidenti Dmitri Medvedyev isə ÜAK-ın qurultayına qatılmasa da təbrik məktubu göndərməklə Kremlin Konqresə dəstəyini nümayiş etdirib.  ÜAK-ın ötən il keçirilən IV qurultayında da prezidentlər iştirak etməyib. Amma dövlət başçısının qurultay iştirakçılarına göndərdiyi məktubda ÜAK-ın Rusiya və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində xüsusi yer tutduğu vurğulanıb.

Bu faktlar Rusiyada ən böyük diaspor təşkilatı sayılan ÜAK-a və onun fəaliyyətinə həm rəsmi Moskva, həm də Bakı tərəfindən xüsusi əhəmiyyət verildiyinin bir nümunəsidir. Belə ki, həm Azərbaycan, həm də Rusiya  bu təşkilatı iki dövlət arasındakı münasibətlərin əsas elementi sayıb. Belə olan halda ÜAK-ın qeydiyyatının ləğvinin hüquqi yox, məhz siyasi qərar olduğuna heç bir şübhə yeri qalmır. Çünki indiki halda ortaya belə bir sual da çıxır: ÜAK-ın qeydiyyatı ilə bağlı  Ali Məhkəmənin verdiyi qərar Rusiya Ədliyyə Nazirliyinin təqdimatında deyildiyi kimi, hansısa hüquqi qüsur əsasdırsa, onda niyə ötən 16 ildə bu qüsur aradan qaldırılmayıb? Deməli, Rusiya Ali Məhkəməsinin çıxardığı qərar siyasi xarakter daşıyır. Əks halda, belə nəticəyə gəlmək olurdu ki, əgər Kreml Konqresin qeydiyyatını ləğv edibsə münasibətlərdəki əsas elementi də ortadan qaldırıb. Çünki rəsmi Bakı ilə yanaşı, Kreml də Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə önəm verirdi və bu təşkilat rəsmi səviyyədə daim dəstəklənirdi.

Yuxarıdakı sualın cavabı həm də özlüyündə ÜAK-ın ləğvi məsələsində erməni izinin olduğunu ortaya qoyur. Bu isə hüquqi deyil, siyasi yanaşmadır. ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı məhkəmə qərarından keçən müddət uzandıqca hər şey daha aydın görünməyə başlayır. Artıq bəllidir ki, Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi erməni lobbisinin imkanları hesabına həyata keçirilib. Əsas məqsəd isə Azərbaycana qarşı təzyiqləri artırmaqdır. Rusiyada Azərbaycanın əleyhinə işləyən bəzi qüvvələr rəsmi Moskva ilə Bakı arasındakı qarşılıqlı inama və etimada söykənən münasibətlərə xələl gətirmək üçün erməni lobbisinin təxribatlarına uyaraq ÜAK-ın ləğvinə çalışıb. Çünki Azərbaycanla düşmənçilik siyasəti aparan Ermənistan hökuməti və Moskvadakı erməni lobbisi Rusiya ilə Azərbaycanın müttəfiq ölkə olmasını, iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafını, Kreml və Bakının dostluq münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində genişlənməsini istəmir və hər vəchlə bunun qarşısını almağa çalışırlar. Axı, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesində açar rolunu oynaya biləcək böyük güc, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Amma ötən ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr, ermənilərin cəbhə xəttində törətdikləri təxribatlar göstərdi ki, Azərbaycan həm siyasi, həm də hərbi müstəvidə daha güclüdür.  Bu səbəbdən Ermənistan və Moskvadakı erməni lobbisi Rusiyadakı ən böyük diaspor təşkilatını zəiflətmək, onu gücdən və nüfuzdan salmaqla Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini öz xeyrinə dəyişməyə çalışır. Çifayda!

Həm də təəssüf! Ona görə təəssüf ki, Moskvadakı erməni lobbisi Rusiyanın məhkəmə və dövlət hakimiyyəti orqanlarını öz qərarlarını dəyişməyə vadar edə bilir.