KÖŞƏ

Yeganə Əliyeva

Ermənistandakı seçkilərdə “Qarabağ kartı”

31 mart 2017 23:46
1186

Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan bütünlüklə aprelin 2-də keçiriləcək parlament seçkilərinə köklənib. Ötən ilin yayından bəri işğalçı dövlətin daxilində baş qaldıran narazılıqlar da daha çox erməni xalqının Serj Sarkisyan rejimindən narazılığının təzahürüdür. Düzdür, daxili gərginliyin artmasında Dağlıq Qarabağ cəbhəsindəki uğursuzluqlar da az rol oynamır. Amma İrəvandakı çaxnaşmanın mərkəzində hakim rejimin yarıtmaz siyasəti, qonşularla münaqişə vəziyyətinin uzun müddət davam etməsi və bunun nəticəsində Ermənistanda sosial-iqtisadi durumun daha da ağırlaşmasıdır. Bu səbəblər sırasında heç şübhəsiz, birinci yerdə Dağlıq Qarabağ münaqişəsi və ötən ilin aprel döyüşlərindəki məğlubiyyət dayanır.

Parlament seçkilərinin ötən il aprel ayında Dağlıq Qarabağdakı qanlı döyüşlərin birinci ildönümündə keçirilməsi də təsadüfi sayılmamalıdır. Elə siyasi şərhçilər də tez-tez bu məqamı vurğulayaraq bildirirlər ki, aprel döyüşlərinin ildönümündə Ermənistanda keçiriləcək parlament seçkiləri İrəvanda mühüm siyasi olayların baş verməsi üçün yeni şərait yarada bilər.

Bəs, Ermənistandakı bu seçkilər Dağlıq Qarabağ münaqişəsinə münasibətdə əvvəlkindən nə ilə fərqlənir?

Bəri başdan deyək ki, bu seçkilərdə hakim rejimlə rəqabət aparan əsas siyasi partiya və blokların Dağlıq Qarabağ münaqişəsinə fərqli yanaşmaları daha qabarıq görünür. Düzdür, Serj Sarkisyan hökuməti Ermənistandakı ağır iqtisadi problemləri həll etmək əvəzinə hakimiyyət uğrunda mübarizədə “Qarabağ kartı”nı da tez-tez ortaya atır. Ancaq Sarkisyana müxalif digər qüvvələr Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət məsələsində fərqli mövqelər ortaya qoyurlar. Hətta Serj Sarkisyanın əsas rəqiblərindən olan keçmiş prezident Levon Ter-Petrosyan Ermənistan ictimaiyyətinə Azərbaycan torpaqlarının boşaldılması barədə açıq mesajlar verməkdən də çəkinmir.

Xatırladaq ki, aprelin 2-də Ermənistanda keçiriləcək parlament seçkilərində 9 siyasi qüvvə - 5 partiya (Respublika Partiyası, “Daşnaksüytun”, “Erməni dirçəlişi”, “Azad demokratlar” Kommunist Partiyası) və 4 blok (“Sarukyan”, ELK, Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası, Ohanyan-Oskanyan-Ovanisyan (OOO)) iştirak edir. Seçkinin favoriti prezident Serj Sarkisyanın nəzarətində olan Respublika Partiyasıdır. Amma son vaxtlar hakimiyyətə gəlmək üçün “Qarabağ kartı”ndan daha çox istifadə edən Levon Ter-Petrosyanın lideri olduğu (Erməni Milli Konqresi və Stepan Dəmirçiyanın sədri olduğu Xalq Partiyası) siyasi blokun da reytinqi xeyli yüksəkdir. Hakim Respublika Partiyası və Ohanyanın üzvü olduğu  üç sabiq nazirin koalisiyası (Ohanyan, Oskanyan, Ovanisyan) daha çox hərbi ritorika ilə seçicilərin səsini almağa çalışırsa, Ter-Petrosyan-Dəmirçiyan koalisiyası Qarabağ məsələsində güzəştə getməyin alternativinin olmadığını söyləyirlər. Hətta sabiq prezident Levon Ter-Petrosyan işğal olunmuş rayonların qaytarılmasının vacibliyini bildirib. Burada bir mühüm amil də var ki, nə Levon Ter-Petrosyan, nə də Dəmirçiyan əslən Qarabağdan deyillər və onlar Ermənistan siyasi elitasında məhz Qarabağ haqqında fikirləri ilə aktualdırlar.

“Sarukyan” blokundan deputatlığa namizəd Naira Zohrabyan Kotayk vilayətində seçki kampaniyası çərçivəsində çıxışı zamanı hakimiyyəti vətəndaşların taleyi ilə maraqlanmamaqda ittiham edib. O deyib ki, Ermənistan ən ağır günlərini yaşayır. Ölkə borc içində boğulur, əhali ölkəni tərk edir: “Sarkisyan rejimi son 10 ildə yaratdığı problemləri aradan qaldırmaq əvəzinə hakimiyyətdə möhkəmlənmək uğrunda mübarizə aparır. Hakimiyyət 17 il xalqı talayıb. İnsanlar xaricdə baraklarda yaşamağa məhkum kütləyə çevirib. Ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayıb, Ermənistan büdcəsi isə miqrant pullarından asılı vəziyyətə düşüb”.

Deputatlığa namizəd prezident Serj Sarkisyanı cinayətkar adlandıraraq deyib ki, o, öz hakimiyyətini insanların bədbəxtliyi, faciələri üzərində qurub: “Serj Sarkisyan vaxtilə ona yaxın olan insanları aradan götürür. Dünənə qədər Seyran Ohanyan və Samvel Babayan onun dostları idi, indi isə düşmənləridir”.

Göründüyü kimi, aprel döyüşlərinin ildönümünə təsadüf edən parlament seçkiləri ərəfəsində Ermənistanda siyasi gərginlik böhran həddinə çatıb. Üstəlik seçki marafonunun sonuna yaxınlaşdıqca erməni ekspertlərinin narahatlığına səbəb olan əsas məsələ cəbhə xəttində gərginliyin artması ilə bağlıdır. Hətta erməni ekspertlər seçkilərin nəticələri Serj Sarkisyan hakimiyyətini qane etməyəcəyi təqdirdə “ikinci aprel müharibəsi”nin baş verəcəyini istisna etmirlər. Amma Sarkisyan və komandası kifayət qədər inamlı təsir bağışlayır. Qarabağ müharibəsinin iştirakçılarından olan Samvel Babayanın həbsi fonunda onun müxalif OOO bloku ilə əlaqələri üzərində qurulan şou da Sarkisyanın seçki saxtakarlığına hazırlaşmasının bir nümunəsi sayıla bilər.