Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan hər bir işçi təlimlərə cəlb ediləcək
Hazırda dünyamiqyaslı bir şirkətə çevrilən SOCAR-ın fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Bu mənada Şirkət üzrə əməyin təşkili və normalaşdırılması ilə bağlı həyata keçirilən yenilikləri xüsusi olaraq vurğulamaq lazımdır. Mövzu ilə bağlı “İki sahil” qəzetinə müsahibə verən SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bir sıra maraqlı məqamlara aydınlıq gətirdi.
- 2008-ci il yanvar ayının 1-dən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçən SOCAR-da idarəetmə mexanizminin tərkib hissəsi olan əməyin təşkili və normalaşdırılması məsələləri də qüvvədə olan qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək dünyanın aparıcı neft şirkətlərinin bu sahədə qabaqcıl təcrübəsini nəzərə almaqla tənzimlənməsi əhəmiyyətli hesab edilir. Bu yanaşmanı rəhbər tutaraq, əməyin təşkili və normalaşdırılması üzrə şirkətdaxili yeni normativ sənədlərin hazırlanması, mövcud sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmadan qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə SOCAR prezidentinin müvafiq əmri ilə Layihə qrupu yaradılıb. Qeyd olunan sənədlərin layihələrinin hazırlanması ilə əlaqədar Layihə qrupu sahə üzrə qabaqcıl təcrübəsi olan “Praktikal Salyuşns Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətini məsləhətçi şirkət kimi cəlb edib. Layihə çərçivəsində ilkin olaraq, “Azneft” İstehsalat Birliyinin idarəetmə aparatı və strukturuna daxil olan təşkilatlar üzrə, sonra SOCAR-ın Baş ofisi, Sərmayələr və Əmək Şəraiti Normalarının İşlənməsi idarələrində vəzifə standartları hazırlanıb. Eyni zamanda, layihənin icrası üçün SOCAR-ın “Azneft”, “Azəriqaz” İB-lərdən, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin personal və əmək haqqı sahəsində çalışan əməkdaşlar məsləhətçi şirkət tərəfindən təlimlərə cəlb olunmuş və layihənin icrasına cəlb edilməklə vəzifə standartlarının hazırlanması işlərində təcrübə qazanıblar. SOCAR-ın 28 dekabr 2015-ci il tarixli SOCAR/15-1000/01/SM-04-000099 nömrəli Əmri ilə SOCAR-ın Baş ofisi, “Azneft” İstehsalat Birliyi, Sərmayələr və Əmək Şəraiti Normalarının İşlənməsi idarələri üzrə vəzifə standartları, eləcə də vəzifə standartlarının tətbiqi ilə bağlı digər standart sənədlər təsdiq edilib və bu il yanvar ayının 1-dən tətbiqinə başlanılıb.
- Vəzifə standartı vəzifə funksiyalarını, xüsusiyyətlərini, vəzifəyə olan tələbləri və qiymətləndirmə meyarlarını özündə əks etdirən normativ sənəddir. Vəzifə standartı konkret iş yerində işçinin yerinə yetirməli olduğu əmək funksiyaları və səriştələrə olan tələbləri sistemli şəkildə göstərir. Vəzifə standartlarında əməyin səmərəli təşkili və insan resurslarının idarə olunması proseslərinin bir-biri ilə, eləcə də korporativ strategiya ilə inteqrasiya olunması və effektiv işləməsi üçün lazım olan infrastruktur məlumatlar əksini tapıb. Bu baxımdan vəzifə standartları xüsusilə iri müəssisələr üçün böyük təşkilati əhəmiyyət kəsb edir.
Vəzifə standartı əməyin ənənəvi təşkilinə də yenilik gətirərək iş bölgüsü və əməyin komplektasiyasının təşkilati strategiya və biznes proses modelinə uyğunlaşdırılmasını təmin edir. Vəzifə standartı layihəsi hazırlanarkən mövcud vəzifə üzrə qanunvericiliklə müəyyən edilmiş funksiyalar, funksiyaların icra olunması üçün istifadə olunan normativ-hüquqi aktlar və daxili normativ sənədlər, əmək şəraitinin şərtləri təhlil edilir və bundan sonra vəzifəni icra edən işçi ilə faktiki yerinə yetirilən işlər müsahibə əsasında təhlil edilir, qeyd olunan məsələlər vəzifəni icra edən, həmçinin vəzifənin mövcud olduğu struktur bölmənin rəhbəri ilə müzakirə edilir və vəzifə standartı layihəsi hazırlanır.
- Vəzifə standartı və vəzifə təlimatı işçinin əmək funksiyalarını, məsuliyyət və səlahiyyətlərini, həmçinin kvalifikasiya tələblərini özündə əks etdirir və hər iki sənəd Vahid tarif ixtisas sorğu kitabçalarının tələbləri nəzərə alınmaqla hazırlanır. Lakin Vəzifə standartı vəzifə təlimatından həm məzmun, həm də təyinatı baxımdan fərqlənir. Belə ki, vəzifə standartında vəzifə haqqında ümumi məlumatlar, vəzifənin məqsədi, vəzifə üzrə əməyin ödənilməsi dərəcə diapazonu, tabeçilik, vəzifənin icra etdiyi fəaliyyətlər, vəzifəyə olan kvalifikasiya tələbləri, səriştəlilik tələbləri, karyera yüksəliş imkanları, işə qəbul tələbləri, qiymətləndirmə meyarları və səriştəliklərin inkişafı kimi bölmələr nəzərdə tutulub. Vəzifə standartlarında funksiyaların daha dəqiq qeyd edilməsi və digər vəzifələr (əməyin ödənilməsi dərəcəsi) üzrə əmək bölgüsünün sərhədləri daha dəqiq müəyyən edilib. Vəzifə və funksiyalara əsasən işçilərin daha effektiv idarə olunması üçün fəaliyyət göstərən sistemlər üzrə keyfiyyət meyarları əksini tapıb. Vəzifə standartlarında işçilərin motivasiya edilməsi üçün də müəyyən meyarlar əksini tapıb ki, bu da SOCAR-da işçilərin əməyinin ödənilməsi sisteminə yenidən baxılmasına zərurət yaradıb və bu istiqamətdə müvafiq işlər aparılır.
- Vəzifə standartları səriştələrin təmin edilməsi və istedadların idarə olunması üçün nəzərdə tutulan 3 əsas strategiyanın (cəlb etmək, inkişaf etdirmək və əldə saxlamaq) yerinə yetirilməsi üçün lazımi bazanı formalaşdırır və bu strategiyaların daşıyıcısı olan sistemləri inteqrasiya edərək insan resurslarının effektiv idarə olunması üçün güclü zəmin yaradır. Vəzifə standartları insan resurslarının idarə olunması sistemlərinin inkişafına güclü təkan verərək şirkətin ən əsas resursu olan insan kapitalının düzgün idarə olunmasında, bununla da şirkətin fəaliyyət səmərəliliyinin artırılmasında xüsusi əhəmiyyət daşıyır. Vəzifə standartlarının əsas elementlərindən olan səriştəliliklərin idarə edilməsi üçün səriştəlilik profilindən istifadə edilib. Səriştəlilik profili zehni qabiliyyət, sosial qabiliyyət, emosional qabiliyyət, məsuliyyət, peşəkarlıq, dil biliyi, İT biliyi və ixtisas səriştəliliklərini özündə birləşdirən 8 qrupdan ibarətdir. Bu səriştəlilik qrupları mahiyyətinə görə 2 kateqoriyadan (davranış və texniki səriştəliliklərdən) ibarətdir. Davranış səriştəliliklərinə: zehni qabiliyyət; sosial qabiliyyət; emosional qabiliyyət; məsuliyyət və peşəkarlıq, texniki səriştəliliklərə: dil biliyi, İT biliyi və ixtisas səriştəlilikləri daxildir. Səriştəlilik profili əsasında hər bir işçinin və ya namizədin cari vəziyyətini analiz etmək və personalın idarəedilməsi istiqamətində qərarların verilməsi nəzərdə tutulub.
- Vəzifə standartları struktur bölmənin fəaliyyətinə aid funksiyaların (işlərin) mürəkkəblik dərəcəsi və təyinatı nəzərə alınmaqla hər bir vəzifə üzrə hazırlanıb və bununla da struktur bölmədə olan ştat vahidləri üzrə dərəcələr yerinə yetirilən funksiyaların (işlərin) mahiyyətinə uyğun müəyyənləşdirilir.
- Əvvəlcədən qeyd edildiyi kimi, struktur bölmələrdə hər bir vəzifə üzrə vəzifə standartı hazırlanıb. İşçilərin hər birinin yerinə yetirdiyi işlərin təhlili (iş analizi) aparılıb ki, bunu və digər normativ sənədlərin tələbləri nəzərə alınmaqla hazırlanmış vəzifə standartı əsasında hansı işçinin faktiki tutduğu vəzifə üzrə ödəniş dərəcəsinə uyğun olduğunu (olmadığını) müəyyən etmək olur. Beləliklə də faktiki tutduğu vəzifə üzrə ödəniş dərəcəsinə uyğun olmayan işçi ilə əmək müqaviləsi üzrə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərinə, o cümlədən əməyin ödənilməsi dərəcəsi, vəzifə (tarif) maaşına yenidən baxılmalıdır və bu halın tənzimlənməsi ilə bağlı mövcud əmək qanunvericiliyində müvafiq müddəalar nəzərdə tutulub. Qeyd olunan səbəbdən işçinin vəzifə (tarif) maaşında azalma olduqda həmin işçinin əvvəlki əmək haqqı yeni ştat cədvəli üzrə təyin edilib yeni əmək haqqı arasındakı fərq əlavə ödəniş verilməklə saxlanılacaq. Yəni yeni ştat cədvəllərinə uyğun komplektləşdirmə aparılarkən işçinin azalmış əmək haqqı kompensasiya ediləcək. Bu mənada heç bir işçinin əmək haqqında azalma olmayacaq.
- Qeyd etdiyimiz kimi, vəzifə standartları ilə yanaşı, bir sıra digər standartlar da təsdiq edilib. Bunlardan biri “Əməyin ödənişi üzrə işçi kateqoriyalarının idarə olunması” standartıdır ki, həmin standart müxtəlif meyarlara gorə əlavə ödənişlərin təyin edilməsi şərtləri və qaydasını özündə əks etdirir. Əmək haqqına əlavə ödənişlər müvafiq olaraq “iş stajı”, “üstünlük göstəricisi olaraq müəyyən edilmiş kvalifikasiya tələbləri” və “işçinin xüsusi xidməti üstünlükləri” meyarlarına əsasən müəyyən edilir. İşçinin xüsusi xidmət üstünlükləri dedikdə, onun peşəkarlıq səviyyəsi, xidmət fəaliyyətinin qiymətləndirilməsi nəticələri və xüsusi xidmətləri baxımından üstünlükləri nəzərdə tutulur.
İş stajına görə işçilərə əlavə ödənişlərin verilməsi nəzərdə tutulub. Belə ki, 1 ildən 3 ilədək iş stajı olan işçinin tarif (vəzifə) maaşına 3 faiz, 3 ildən 5 ilədək iş stajı olan işçinin tarif (vəzifə) maaşına 5 faiz, 5 ildən 9 ilədək iş stajı olan işçinin tarif (vəzifə) maaşına 10 faiz, 9 ildən 14 ilədək iş stajı olan işçinin tarif (vəzifə) maaşına 15 faiz, 14 ildən 20 ilədək iş stajı olan işçinin tarif (vəzifə) maaşına 25 faiz, 20 il və daha artıq iş stajı olan işçinin tarif (vəzifə) maaşına 30 faiz əlavə ödəniş təyin edilir. İş stajının müəyyən edilməsi SOCAR-ın müvafiq əmri ilə tənzimlənir.
Vəzifələr üzrə üstünlük göstəricisi hesab olunan kvalifikasiya tələbləri vəzifə standartları ilə müəyyən edilir. Vəzifə üzrə üstünlük göstəricisi (təhsil səviyyəsi, ixtisas istiqaməti və aidiyyəti sertifikatı olan) müəyyən edilmiş işçinin vəzifə (tarif) maaşına əlavə əmək haqqının verilməsi nəzərdə tutulur. Üstünlük göstəriciləri təyin edilmiş işçilərə əlavə ödənişin maksimum məbləği işçinin tarif (vəzifə) maaşının 10 faizi həddində müəyyən edilir. İşçinin kvalifikasiyası tutduğu vəzifəyə təyin edilmiş üstünlük göstəricilərinə tam cavab verdikdə əlavə ödəniş 10 faiz, işçinin kvalifikasiyası üstünlük göstəricisilərinə tam uyğun olmadıqda əlavə ödənişin məbləği üstünlük göstəricisinin sayına mütənasib olaraq müəyyən edilir. İşçinin kvalifikasiyası üstünlük göstəricilərinin heç birinə uyğun olmadıqda əlavə ödəniş verilmir.
İşçinin xüsusi xidmət üstünlüklərinə görə verilən əlavə ödənişlər məsul qurum tərəfindən müəyyən edilir.
01.1.1. Peşəkarlıq səviyyəsi dedikdə öz peşəkarlıq səviyyəsi ilə xüsusilə seçilən, SOCAR-a dəyər qatan xüsusiyyətləri, xüsusi istedadı, bilikləri, kvalifikasiyaları olan işçilər başa düşülür və əmək haqqına əlavə ödənişin maksimum məbləği işçinin malik olduğu fərdi xüsusiyyətlər və qabaqcıl təcrübələr əsas götürülməklə vəzifə (tarif) maaşının 50 faizi həddində təyin oluna bilər. Xidməti fəaliyyətin qiymətləndirilməsi iş ili başa çatdıqdan sonra həyata keçirilir və xidməti fəaliyyətin nəticəsi 95 faiz və daha yuxarı olduqda işçinin tarif (vəzifə) maaşına 10-25 faiz həddində, xidməti fəaliyyətin nəticəsi 85-95 faiz olduqda işçinin tarif (vəzifə) maaşına 0-10 faiz həddində əlavə ödəniş təyin edilir.
Xidməti fəaliyyətin qiymətləndirilməsi vəzifə standartlarında nəzərdə tutulan meyarlar əsasında və iş ili başa çatdıqdan sonra həyata keçirilir. Xüsusi xidmətlər dedikdə, işçinin fərq yaradan xüsusi xidmətləri, nailiyyətləri başa düşülür. Xüsusi xidmətlərin geniş təsnifatı standartda qeyd edilib. Xüsusi xidmətlərinə görə işçinin vəzifə (tarif) maaşının 30 faizi həddində əlavə ödənişin verilməsi nəzərdə tutulub.
- “Əməyin ödənişi üzrə işçi kateqoriyalarının idarə olunması” standartı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan qurumlarda çalışan işçilərə əlavə ödənişlərin təyin edilməsi ilə əlaqədar münasibətləri tənzimləyir. İşçiyə təyin edilmiş əlavə ödənişin (və ya ödənişlərin) məbləğinin tarif (vəzifə) maaşına nisbəti nəzərə alınmaqla müəyyən edilir. İşçilərə təyin edilmiş əlavə ödənişin tarif (vəzifə) maaşına nisbəti nəzərə alınmaqla hər bir ödəniş dərəcəsi 7 kateqoriyaya bölünür. İşçiyə əlavə ödəniş təyin edilməmişdirsə, onun əməyinin ödənilməsi A, işçiyə təyin edilmiş əlavə ödənişin tarif (vəzifə) maaşına nisbəti 5 faizədək olduqda onun əməyinin ödənilməsi B, işçiyə təyin edilmiş əlavə ödənişin tarif (vəzifə) maaşına nisbəti 5 faizdən 10 faizədək olduqda onun əməyinin ödənilməsi C, işçiyə təyin edilmiş əlavə ödənişin tarif (vəzifə) maaşına nisbəti 10 faizdən 30 faizədək olduqda onun əməyinin ödənilməsi D, işçiyə təyin edilmiş əlavə ödənişin tarif (vəzifə) maaşına nisbəti 30 faizdən 50 faizdək olduqda onun əməyinin ödənilməsi E, işçiyə təyin edilmiş əlavə ödənişin tarif (vəzifə) maaşına nisbəti 50 faizədən 100 faizədək olduqda onun əməyinin ödənilməsi F və işçiyə təyin edilmiş əlavə ödənişin tarif (vəzifə) maaşına nisbəti 100 faizədən artıq olduqda onun əməyinin ödənilməsi G kateqoriyasına aid edilir.
- SOCAR-da çalışan hər bir işçi icra etdiyi iş üçün tələb olunan səriştəliliklərini inkişaf etdirmək üçün təlimlərə cəlb ediləcək. Vəzifə standartlarında qeyd olunan səriştəliliklərin inkişaf metodlarının müəyyən edilməsi vəzifə standartlarının hazırlanması layihəsinin 2-ci fazası olaraq hazırda davam etdirilir. Bu metodlar səriştəliliklərin texniki pasportları əsasında hazırlanacaq. Metodlar hazırlandıqdan sonra hər bir işçi üçün təlim proqramları artıq əvvəlcədən müəyyənləşmiş olacaq və təlim kataloqları üzrə təhlil aparılaraq avtomatlaşdırılmış sistem vasitəsi ilə təşkil ediləcək.
- Əlavə ödənişlərin təyin edilməsi proseduru “Əməyin ödənişi üzrə işçi kateqoriyalarının idarə olunması” standartında göstərilib və həmin standartın tətbiqi ilə bağlı müvafiq əmrə əsasən əlavə ödənişlər SOCAR-da daimi fəaliyyət göstərən müvafiq komissiyası tərəfindən həyata keçirilir. Həmçinin həmin standart ilə əlavə ödənişlərin vəzifə (tarif) maaşının faiz nisbətinin həddi müəyyən edilib. Üstünlük göstəricisi olaraq müəyyən edilmiş kvalifikasiya tələbləri meyarı üzrə əlavə ödənişin məbləği istisna olmaqla, digər meyarlar üzrə ödənişin məbləği standartda nəzərdə tutulan həddən artıq olarsa, bu hallarda ödənişin faiz nisbətinin dəyişdirilməsi SOCAR prezidenti ilə razılaşdırıla və ya SOCAR-ın müvafiq əmri ilə dəyişdirilə bilər.
- Vəzifə standartları əsasında işçilərin əmək fəaliyyətinin, həmçinin davranış səriştəliliklərinin qiymətləndirilməsi və digər səlahiyyətlər mövcud qanunvericiliyə görə “işəgötürən”ə aiddir. Ümumiyyətlə, işçilərlə əmək münasibətlərinin tənzimlənməsi “işəgötürən”in səlahiyyətindədir.
Nail Rəhimzadə, “İki sahil”