![]() |
Zahid Rza |
Bu gün 7-dən 77-yə, necə deyərlər, “məmə yeyəndən pəpə deyənə qədər” hər kəs bilir ki, öz geosiyasi maraqları naminə neoimperializm siyasətlərinə “yeni rənglər” əlavə edən supergüc dövlətləri dünyanın siyasi xəritəsinin yenidən cızılmasını qəddarcasına, xalqların fəlakəti, səfaləti və qanı bahasına həyata keçirirlər. Bu qüvvələr öz məkrli məqsədlərinə nail olmaq üçün dünyanın ayrı-ayrı regionlarında milli və etnik zəmində münaqişələr alovlandırır, planetin neft və qaz yataqları ilə zəngin olan bölgələrində fitnə-fəsadlar törədir, “demokratiya”, “insan haqları” spekulyası ilə müstəqil dövlətlərin daxili işlərinə qarışaraq onları öz iradələrinə tabe etdirmək siyasəti yürüdürlər. Öz məkrli niyyətlərini həyata keçirmək üçün maliyyələşdirdikləri “beyin mərkəzlər”inin hazırladıqları strategiyalar əsasında ayrı-ayrı dövlətlərin ərazisində sonu görünməyən qanlı-qadalı inqilablar törədir, insan hüquqları, vətəndaş cəmiyyəti, mətbuat azadlığı kimi anlayışlardan ən əlverişli müdaxilə vasitəsi kimi istifadə edirlər.
Birqütblü dünyanın idarəçiliyi missiyasını öz üzərinə götürən bəzi Qərb dövlətlərində bütün bəşəri dəyərlər ayaqlar altına atılır, dini, irqi ayrı-seçkilik, rasizm, antimüsəlman meyillər gündən-günə güclənir. Ksenofobiyanın və dözümsüzlüyün ən iyrənc formalarından olan islamofobiya bu gün Qərbdə artıq dövlət siyasətinin bir parçasına çevrilib. Bunun təzahürüdür ki, Qərbdə yaşayan müsəlmanlar iş yerindən başlamış, həyatın müxtəlif sahələrində özlərinə münasibətdə diskriminativ münasibəti hiss edirlər.
Birmənalı olaraq demək lazımdır ki, ermənilərin yüzillik yalanı olan “erməni soyqırımı”nın tanınması ilə əlaqədar xristian dünyasında gedən məkrli oyunlar bilavasitə Qərbdəki islamafobiyanın məntiqi nəticəsidir.
Elə bir müddət bundan əvvəl Roma Papası Fransisk müqəddəs Petr kilsəsində I Dünya müharibəsi dövründə Osmanlı Türkiyəsində ermənilərin qətliamını təsvir edərkən “soyqırım” sözünün işlətməsi, “iyirminci əsrdə ilk soyqırımı ermənilərin başına gəlib” deməsi islam düşmənçiliyinin və xristian təəssübkeşliyinin bariz nümunəsi idi. Vatikan nümayəndəsinin müxtəlif bəhanələrlə Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı Türkiyədəki təntənəli mərasimlərdə iştirakdan imtina etməsi isə artıq Vatikanın siyasiləşməsinə, Papanın isə bir din xadimindən çox siyasət adamı olmasına dəlalət edir.
Əslində Papanın “erməni soyqırımı” ifadəsini işlətməsi xristian dünyasına bir mesaj idi. Həmin vaxt Avropa Parlamentinin (AP) Brüsseldə keçirilən plenar iclasında qondarma “erməni soyqırımı”nın 100 illiyinin Ümümavropa anımına dair qətnamə layihəsinin müzakirə edilməsi artıq o mesajın alınmasına bir işarə idi.
Bu günlərdə Roma Papası II Fransiskin Ermənistana səfəri zamanı qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi, eləcə də ölkəmizlə bağlı söylədiyi sözlər ən azından ikiüzlülüyün, ədalətsizliyin və xristian təəssübkeşliyinin pik nöqtəsi oldu. Papanın İrəvanda “Mən azərbaycanlılarla Ermənistanda gördüyüm həqiqətlər haqda danışacağam, o haqda ki, onları hiss etmişəm, habelə onları ruhlandıracağam. Mən onlara bunları deyəcəyəm: kiçik torpaq parçasına görə (Şübhəsiz ki, Azərbaycanın əbədi və əzəli torpağı olan Dağlıq Qarabağ nəzərdə tutulur) sülhü bərqərar etməmək-bunda möhtəşəm heç nə yoxdur, axı bu, o deməkdir ki, nəsə qaranlıqdır, elə deyilmi?” açıqlaması bir din xadiminə, “müqəddəs” adlandırılan şəxsə baş ucalığı gətirməməklə yanaşı, xristian təəssübkeşliyinin, reallıq hissininin itirilməsinin, ruhi-mənəvi aşınmanın, nimdaş təfəkkürün bariz nümunəsidir. Əgər belə olmasaydı, iyirmi ildən çox müddətdə beynəlxalq hüququn norma və prinsipləri, BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını tanımağı tələb edərdi. Əgər doğrudan da, Papa əsl sülhməramlı missiya daşıyıcısı olsaydı, bu günlərdə İrəvanın mərkəzində 50 milyondan çox insanın ölümünə, yüzlərlə şəhərin, kəndin yer üzündən silinməsinə səbəb olan II Dünya müharibəsini törətmiş Hitlerin və onun cinayətkar dəstəsinin üzdəniraq əlaltısı, erməni faşisti Qaregin Njdenin abidəsinin ucaldılmasına və onun qəhrəman obrazının yaradılmasına etiraz edərdi.
Daha nə deyəsən? Belə məqamda, sözün bitdiyi yerdə istər-istəməz elə buradaca belə bir sual meydana çıxır: Papası bu gündə olanların görəsən, maması nə halda olar?..