![]() |
Zahid Rza |
Təxminən son 25 il ərzində Yaxın Şərq coğrafiyasında baş verənlər, Rusiya-Türkiyə münasibətlərinin pozulması ilə nəticələnən rusların “SU-24” bombardmançı təyyarəsinin Türkiyənin hava məkanında vurulması, bu günlərdə İstanbulun Atatürk Hava Limanında onlarla insanın ölümünə və yaralanmasına səbəb olan terror aktını XXI yüzilliyin qarşısıalınmaz bəlası olan İŞİD-in öz üzərinə götürməsi və.s nədənsə Qərb haqqında insanın ağlına qəribə fikirlər gətirir, qəlbinə şübhə toxumları səpir.
Bu gün Qərb dövlətlərinin, eləcə də Amerikanın təsiri, daha doğrusu, əli ilə (açıq və ya dolayısı ilə) baş verən hadisələri diqqətlə izlədikdə həqiqətən də “O bir əngin dəniz ki, qorxuncdur. İnsan gah inci bulur, gah da boğulur” (Avropanı, bütövlükdə Qərbi nəzərdə tutaraq) deyən ulu Cavidin dahiyanə kəlmələrinə, təfəkkürünə heyrət etməyə bilmirsən. Digər tərəfdən isə qəti qərara gəlirsən ki, qoca Şərqin müdrik mənəviyyatının daşıyıcısı olan xalqımız və müstəqillik yolunda qətiyyətlə irəliləyərək iqtisadi inkişafın yeni fazasına qədəm qoyan ölkəmiz həmin Qərbdən yalnız inciləri götürməli, onun dağıdıcı kataklizmlərindən uzaq durmalıdır. O da var ki, Qərbin dağıdıcı təsirlərindən, qarmağından, hörümçək kimi qurduğu zəhərli tordan qurtulmaq hər kəsə nəsib olmur.
“Köhnə qitə”nin idarəçiliyini öz üzərlərinə götürən dövlətlər öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün “yeni demokratiya” (xüsusən də də müstəqil siyasət yeridən) ölkələrinə təzyiq göstərmək, onu ram etmək üçün müxtəlif üsullardan, necə deyərlər, “yeni texnologiyalar”ı işə salırlar. “İnsan hüquqları”, “siyasi məhbus”, “siyasi mühacir” kimi təzyiq vasitələri məhz həmin “texnologiyalar”ın əsas komponentlərindəndir. Belə komponentlərdən alət kimi istifadə edən Qərb dövlətlərinin əsas məqsədləri heç də insan hüquqlarının pozulması hallarının qarşısının alınması deyil. Onların əsas hədəfi qarşıya qoyduqları iqtisadi, siyasi məqsədlərə çatmaq üçün müstəqil siyasət yeridərək inkişaf, tərəqqi yolunda inamlı addımlar atan dövləti və ya dövlətləri əsaslı güzəştlərə məcbur etməkdir.
“Yeni demokratiya” ölkələrinə, müstəqil siyasət yeridən dövlətlərə təzyiq etmək üçün “Qoca qitə”nin başbilənləri hədəfə aldıqları ölkələrdə “insan hüquqları”, “vətəndaş cəmiyyəti”, “mətbuat azadlığı” ilə bağlı narahatlıq ifadə edən bəyanatlar verir, ölkə daxilində fəaliyyət göstərən təşkilatlara -QHT-lərə əlavə vəsaitlər ayırır, müxtəlif beynəlxalq təşkilatların büdcəsini formalaşdırır ( “Human Right Watch”, “Amnesty International” və.s), “5-ci kolon”dan böyük ustalıqla istifadə edirlər. Milli mənlik və vətənpərvərlik hissindən, vətəndaşlıq ləyaqətindən xali olan həmin QHT və siyasi partiya rəhbərləri də aldıqları pulların qarşılığında onların sifarişlərini can-başla yerinə yetirirlər.
Yuxarıda dedik ki, avropalıların əlində olan təzyiq vasitələrindən kimlərisə, hansısa ölkəni döyəcləmək üçün istifadə etdikləri “qırmanclar”dan biri də “mətbuat azadlığı”dır. Son illər Qərb dövlətlərində baş verən hadisələr göstərdi ki, onlar mətbuat azadlığı məsələsində də ikili standartlar prinsipi ilə hərəkət edirlər. Məgər Avropa və ABŞ-ın “yeni demokratiya” ölkələrinə irad tutduqları problemlər onların özlərində yoxdurmu? Əlbəttə ki, var. Belə olan halda niyə “Azadlıq”, “Amerikanın səsi” radioları, “Human Right Watch” kimi təşkilatlar o problemlərdən bəhs etmirlər?
Axı, ABŞ-da və Avropa ölkələrində zaman-zaman mətbuata təzyiqlər göstərilib, vətəndaşların ən elementar hüquqları pozulub, blogerlər həbs olunub, jurnalistlər öldürülüb. Nədən ABŞ-da Kameron Dambrozio adlı tələbə sosial şəbəkədə paylaşdığı statusa görə həbs olunanda insan hüquqları təşkilatları və yuxarıda adlarını qeyd etdiyimiz həmin media qurumları, o cümlədən postsovet ölkələrini nələrdəsə ittiham edən, dünyanın 1 nömrəli maliyyə fırıldaqçısı Corc Soros kimilər səslərini çıxarmadılar?
Bu məsələlərlə bağlı yüzlərlə nümunə göstərmək olar. Bəziləri bizlərə təlqin etmək istəyir ki, guya Qərb ölkələrində hər şey qaydasındadır, necə deyərlər, sanki qurd qoyunla otlayır. Xeyr, belələri yanılırlar. Paradoksların palitrası ilə zəngin olan Avropada dahi Cavid demişkən, “ işıq da var, zülmət də”