![]() |
Zahid Rza |
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili, onun rifahı və həyat şəraitinin firavanlığı dayanır. Ölkə başçısının “Biz neft və qaz gəlirlərini insan kapitalı üçün istifadə edirik” bəyanından sonra respublikamızda insan kapitalının formalaşdırılması istiqamətində unikal tədbirlər həyata keçirilib. Neft amili sözün həqiqi mənasında insan amilinə çevrilib. Bu gün uğurla həyata keçirilən iqtisadi siyasətin sosialyönümlü xarakter daşıması insan amilinə yüksək həssaslıq nümunəsi və iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə yönəlik strategiya kimi xarakterizə olunur.
Ölkəmizin hüdudlarından kənarda şəffaflıq, korrupsiyaya qarşı köklü mübarizə brendi kimi tanınan, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan “ASAN xidmət”in yaradılmasında əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Yeri gəlmişkən deyək ki, 2013-cü ilin əvvəlində paytaxt Bakının Nərimanov rayonunda pilot layihə kimi yaradılan və sonradan inkişaf etdirilərəkrespublikanın demək olar ki, bütün regionlarını əhatə edən “ASAN xidmət” mərkəzlərində 150-dən çox sahə üzrə indiyə kimi milyonlarla vətəndaşımıza xidmət göstərilib.
“Asan xidmət” qısa müddətdə vətəndaşlarımızın rəğbətini qazanaraq, ictimai inamı artıraraq ölkə brendinə çevrilib. Onun əsas məqsədi deyildiyi kimi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi və ən başlıcası məmur-vətəndaş münasibətlərinin yeni formada həyata keçirilməsidir. Vətəndaşlara göstərilən xidmətin səmərəliliyinin artırılması, bürokratik əngəllərin aradan qaldırılması baxımından da “ASAN xidmət”in rolu böyükdür. Buna görə də “ASAN xidmət” yüksək keyfiyyət göstəricisi olan ISO 9001:2008 sertifikatını alıb.
“ASAN xidmət” mərkəzləri həftənin 7 günündə vətəndaşlara xidmət edir. Səyyar “ASAN xidmət” hətta vətəndaşların evlərinə gedərək onlara xidmət göstərir, bu zaman fiziki qüsurlu və əlillərdən xidmət haqqı alınmır.
Sevindirici haldır ki, vətəndaşlar “ASAN”nın xidmətlərindən yaralanmaqla yanaşı, bu quruma sorğu və təkliflərini də asanlıqla verə bilirlər. Sorğu və təkliflər “108” telefon nömrəsi ilə ödənişsiz sorğu mərkəzinə zənglə, eləcə də “Facebook” və “Twitter” sosial şəbəkələri vasitəsilə verilə bilər.
Azərbaycan brendi olan “ASAN xidmət” in fəaliyyəti inkişaf etmiş ölkələrin də diqqətini çəkib. Təsadüfi deyil ki, xarici ölkələrdən gələn qonaqlar bu xidmətlə tanışlıqdan sonra heyrətləndiklərini açıq-aşkar dilə gətirirlər.
Məsələn, bir müddət bundan əvvəl Böyük Britaniya parlamentində hökumət texnologiyalarının müzakirəsi ilə bağlı keçirilmiş “dəyirmi masa”da Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə və şəffaflığın artırılmasına istiqamətlənmiş “ASAN xidmət”in uğurlu fəaliyyəti yüksək qiymətləndirilib. Lord Kilkluni çıxışında Bakıdakı “ASAN xidmət”in heç bir ölkədə analoqu olmayan, çox səmərəli bir sistem olduğunu qeyd edib.
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer Azərbaycana səfəri zamanı Bakıda “ASAN xidmət” mərkəzində olduğunu, orada xidmətlərdən yararlanan insanlarla görüşdən məmnunluq hissi keçirdiyini deyib: “Mən bu modelin digər ölkələrdə tətbiqinin tərəfdarıyam. Burada şəffaflığa riayət edilməsi əsas məsələlərdən biridir”.
“ASAN xidmət” kimi brendin fəaliyyəti, qısa zaman kəsiyində əldə etdiyi nailiyyətlər insanların Azərbaycan dövlətinə, işıqlı gələcəyə inamını artırır. Məhz orada göstərilən xidmətlər sayəsində vətəndaşlar bürokratik əngəllərlə üzləşmir, idarə və müəssisələrin qapılarında sərgərdan qalmır, vaxtlarını boşu-boşuna “öldürmürlər”. Necə deyərlər, işlər “ASAN”laşanda vətəndaş da məmnuq qalır.