21 iyun 2024 02:15
289

Neftdən sonra ən çox valyuta gətirən sektor - Turizm

Azərbaycana gələn ərəb turistlərinin sayında kəskin artım qeydə alınıb. 3 illik azalmadan sonra yenidən Körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı artmaqdadır. Bu ilin ilk 5 ayında əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə Körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Bu dövrdə Avropa İttifaqından və MDB ölkələrindən gələnlərin sayında isə dəfə deyil, faiz artımları qeydə alınıb. Bu göstərici uyğun olaraq 31,1 və 24 faizdir. Körfəz dövlətlərindən gələnlərinin sayının artması turizm mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır.

Bütövlükdə, bu ilin yanvar-may aylarında Azərbaycana 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox turist gəlib. Gələnlərin 28,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olub.

Hindistandan gələn turistlərin sayındakı artımlar bu ölkəni ilk üçlüyə daxil olmasına səbəb olub. İndiyədək Azərbaycana ən çox turistin gəldiyi 3 ölkə yalnız qonşu dövlətlər olurdu. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan 2,6 dəfə, Cənubi Koreyadan 2,2 dəfə, Qazaxıstandan 1,8 dəfə, Filippindən 1,8 dəfə, İspaniyadan 1,7 dəfə, Səudiyyə Ərəbistanından 1,7 dəfə, Tacikistandan 1,7 dəfə, Qırğızıstandan 1,7 dəfə, Bəhreyndən 1,7 dəfə, Omandan 1,6 dəfə, İrandan 1,5 dəfə artıb.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 5 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da daha qısa zamanda post-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır.

Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 8,8 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Göründüyü kimi, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və ya xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır.

Cavid Əkbər, “İki sahil”