20 iyun 2024 22:54
212

Nə qədər təhlükəli?..

Fransanın Ermənistanı silahlandırması Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanı təhdid edən amildir

Avropa Parlamentinə seçkilərdə rüsvayçı məğlubiyyətlə üzləşmiş hakim “İntibah” (“Renessans”) partiyasının sədri, Fransa Prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsində, həmçinin Afrikada ard-arda üzləşdiyi uğursuzluqları növbəti dəfə Ermənistanı silahlandırmaq hesabına sığortalamağa çalışır. Öz səriştəsizliyi, sərsəm bəyanatları, qərəzli mövqeyi sayəsində siyasi karyerasının qürubunu gətirməkdə olan Makron hələ də bu vasitə ilə regionda söz sahiblərindən birinə çevrilmək iddiasından əl çəkməyib. Cənubi Qafqaza bu dəfə açıq şəkildə tərəf kimi soxulmağa çalışan Fransa Prezidentinin işğalçı Ermənistanı silahlandırması regionda sülh gündəmini təhdid etməklə yanaşı, yeni hərbi eskalasiya riskini də artırır. Rəsmi İrəvanın son addımları isə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyinin qeyri-səmimi, qeyri-konstruktiv olduğunu göstərir.

Bəs Fransanın verdiyi silahlar Ermənistanın müdafiə və döyüş qabiliyyətini nə dərəcədə artıra bilər? Bu silahlanma proseslərin sonrakı inkişafına necə təsir göstərəcək?

44 günlük İkinci Qarabağ müharibəsi zamanı hərbi potensialına sarsıdıcı zərbələr vurulmuş, hava hücumundan müdafiə, reaktiv yaylım atış sistemlərinin, tanklarının və digər zirehli texnikalarının, o cümlədən artilleriya qurğularının xeyli hissəsi sıradan çıxarılmış Ermənistanın bu itkilərin yerini qısa müddətdə doldura bilməsi imkansızdır. Çünki əvvəla, bu ölkənin hərbi büdcəsi məhduddur, xarici borcu ildən-ilə artır. İkincisi, Rusiya ilə Ukrayna arasında, Yaxın Şərqdə davam edən müharibələr səbəbindən dünya silah bazarında qismən defisit yaranıb və qiymətlər kifayət qədər bahalaşıb. Silah istehsalçıları və ticarəti ilə məşğul olanlar tarixən həmişə belə məqamlarda olduğu kimi yaranmış vəziyyəti fürsətə çevirməklə məşğuldurlar. Bu mənada Ermənistanın aldığı, yaxud almağı planlaşdırdığı hərbi texnikaların, silah-sursatın pulunu necə verəcəyi müzakirə olunan mövzular sırasındadır. Üçüncüsü və ən əsası isə Azərbaycan Vətən müharibəsindən ötən üç il yarımdan artıq müddətdə Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və ordusunun müasir silah sistemləri ilə təhciz edilməsi istiqamətində ciddi addımlar atıb. Odur ki, yenidən hərbi eskalasiya halında Fransanın verdiyi silahların Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında müqavimət göstərməsinə heç bir ciddi köməyi olmayacaq.

Makron Fransasının Ermənistana münasibətində bir məqam da diqqəti çəkir: Göndərdiyi silahlar rəsmi Parisin bu ölkəyə müttəfiq kimi deyil, yeni koloniyası qismində yanaşdığından xəbər verir. Belə ki, ilk dəfə 2023-cü ildə Fransa öz “kiçik bacısı”na 24 ədəd “ACMAT Bastion” zirehli maşını göndərib. Ancaq bu çoxməqsədli avtomobil əsasən Afrikada fəaliyyət göstərən fransız xüsusi təyinatlıları üçün yaradılıb və 2021-ci ildə Burkina Fasoya 8, Qabona 5, Kameruna 15, Keniyaya 12, Fil Dişi Sahilinə 9, Nigerə 13, Mavritaniyaya 7, Somaliyə 13, Maliyə 27, Uqandaya 19, Çada 22, Seneqala 7 “Bastion” tədarük edilib. Görünür, Makron üçün indi Ermənistan da adları çəkilən keçmiş və ya hazırkı Fransa koloniyalarının siyahısındadır. Yeri gəlmişkən, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında kifayət sayda həm yerli, həm də Türkiyə, İsrail, Rusiya və digər ölkələrin istehsalı olan ən müasir tələblərə cavab verən çoxməqsədli zirehli avtomobillər mövcuddur.

2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastien Lekornu ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə, Fransanın “Thales” müdafiə qrupundan 3 ədəd “Ground Master 200” (GM200) radar sisteminin alınması nəzərdə tutulub. Bu sistemlərin Ermənistana təhvil verilib-verilməməsi ilə bağlı hər hansı məlumat yoxdur. Ancaq xatırladaq ki, Vətən müharibəsi zamanı Ermənistanın hava hücumundan müdafiə (HHM) sistemlərinin çoxu Azərbaycan Ordusunun arsenalında olan yüksəkdəqiqlikli silahlar vasitəsilə məhv edilib. Özü də həmin HHM qurğuları kifayət qədər müasir sistemlər sayılırdı. Bu mənada cəmi 3 ədəd “Ground Master 200”ün yaranmış boşluğu doldurması mümkün deyil.

Nəhayət, Ermənistanın son olaraq Fransadan aldığı 36 “Caesar” özüyeriyən artilleriya sisteminin qüvvələr balansına təsirinə gəlincə, bu silahların yaxın 15 ay ərzində Ermənistana çatdırılması nəzərdə tutulub. Ancaq bununla iş bitmir. Belə ki, əvvəla Ermənistanın hazırda sözügedən artilleriya vasitələrindən istifadə edə biləcək peşəkar kadrları yoxdur. Bundan başqa, NATO standartları ilə hazırlanmış “Caesar”ın Ermənistanın Silahlı Qüvvələrinin sisteminə inteqrasiya edilməsi lazımdır ki, bu da xeyli zaman aparacaq. Nəhayət, hər artilleriya qurğusu üçün ən azı 2-3 min, yenə NATO standartlarına görə isə 6 min mərmi lazımdır. O qədər mərmini almaq isə Ermənistanın imkanları xaricindədir.

“Caesar” (Camion équipé d’un système d’artillerie) Fransanın “Nexter” şirkəti tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. Zirehli kabinalı 6×6 təkər formullu Renault Sherpa 10 şassisində quraşdırılmış artilleriya hissəsi 155 çaplı, 52 çap uzunluğunda lüləyə malik TR F1 haubitsasının təkmilləşdirilmiş variantıdır.

Müqayisə üçün bildirək ki, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında Çexiyanın 152 mm-lik SpGH DANA, Rusiya və Belarusun, eləcə də SSRİ dövrünün istehsalı olan müxtəlif kalibrli 2S1 Gvozdika, 2S3 Akatsiya, 2S7 Pion, 2S9 Nona S, 2S19 Msta-S, 2S31 Vena və digər haubitsalar mövcuddur. Bu siyahının başında gələn isə İsrailin hərbi məhsullar istehsalçısı “Soltam Systems” şirkəti tərəfindən istehsal edilmiş müasir ATMOS 2000-dir (Avtonom olaraq yük maşınına quraşdırılmış 155 mm/52 çaplı özüyeriyən artilleriya sistemi). Ordumuzun bu və digər təhcizat məsələləri ən yüksək səviyyədə həll edilib.

Göründüyü kimi, Ermənistanın aldığı və ya alacağı silah sistemləri, hərbi texnikalar Azərbaycan Ordusunun arsenalı ilə müqayisədə çox cüzidir. Bu baxımdan Fransanın verdiyi silahların qüvvələr balansına təsir göstərməsi mümkün deyil. Ancaq ermənipərəst Makronun timsalında Fransanın Ermənistanı silahlandırması hər bir halda Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanı təhdid edən amildir. Bunun müqabilində baş verə biləcəklərin də məsuliyyəti birbaşa olaraq rəsmi İrəvanın və Makron hökumətinin üzərinə düşür.

Mahir Rəsuloğlu, “İki sahil”