21 iyun 2024 23:43
262

Bəşəriyyətin xilası naminə

Anormal təbiət hadisələri-sunamilər, meşə yanğınları, təhlükəli istişləşmələr, dağıdıcı daşqınlar dünyanı narahat etməyə və düşünməyə məcbur edir. Heç kimə sirr deyil ki, Yer kürəsində həyatın təhlükəli həddə çatmasının səbəbi yerin altında və üstündə atom-müvə sınaqları, müharibələrdə dağıdıcı silahlardan, ağır artilleriyadan istifadə,  atmosferin çirkləndirilməsi və dağıdılmasıdır. Bunlardan əlavə ABŞ-ın  Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinə atom bombası atması və Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən dəhşətli texniki qəza  nəticəsində ozon qatına ciddi ziyan dəydi və həyat üçün sadaladığımız qorxulu vəziyyət yarandı. Bunlardan çıxış yolları varmı? Azərbaycan bu suala cavab tapmağa və yaranmış qorxunc şəraitdən çıxış yolları axtarmağa qərar verib. Elə COP29-a ev sahibliyi etmək də bundan qaynaqlanır. Artıq bir sıra tədbirlər müəyyənləşdirilib və onların həllinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə ölkəmizdə  “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantının iştirakçılarına ünvanladığı müraciətdə deyilir:

“Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin fəlsəfi fikirlərini, mütərəqqi ideyalarını, ümumbəşəri dəyərləri və prinsipləri rəhbər tutaraq fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa zaman ərzində yüksək nüfuz və etimad qazanaraq dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsləri, qlobal gündəlikdə duran aktual məsələlərin həlli istiqamətində təklif etdiyi yeni yanaşmalar beynəlxalq aləmdə təqdir edilir və yüksək dəyərləndirilir.”

Artıq uzun zamandan bəri iqlim dəyişmələri ilə mübarizə qlobal gündəlikdə duran ən vacib və prioritet məsələlər sırasındadır. Bəşəriyyətin birgə problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin inkişafına və rifahına əngəl törətməklə yanaşı, sadə insanların da gündəlik həyatlarına və sağlamlıqlarına mənfi təsir göstərir.

Məlum olduğu kimi, keçən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülüb.

Prezident İlham Əliyev sözünə davam edərək bildirib: “Qlobal istiləşmənin qarşısını almaq üçün bu günə qədər dünya ictimaiyyəti tərəfindən mühüm addımlar atılsa da, qarşımızda hələ də yeni çağırışlar və gündən-günə ciddiləşən təhdidlər dayanır. Eyni zamanda artıq hamı tərəfindən qəbul olunmuş reallıq budur ki, qlobal istiləşməni 1,5 C° səviyyədə saxlamaq məqsədilə beynəlxalq ictimaiyyətin səylərini səfərbər edərək birgə təcili tədbirlərin görülməsi və təxirəsalınmaz addımların atılması üçün vaxtımız azalır.”

Göründüyü kimi, Bakının ev sahibliyi edəcəyi COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır. COP-un Bakı konfransına hazırlıq bir daha sübut edir ki, iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir.

Eyni zamanda, iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29-un rəhbərliyinin gündəliyində duran prioritet məsələlərdən olacaqdır. Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönlü dialoq quraraq COP29 prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini təmin etmək və Bakı görüşünün uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcəkdir.

Azərbaycan rəhbərinin irəli sürdüyü təşəbbüs dünyanın aparıcı ölkələrinin başçılarını, tanınmış siyasətçiləri və dövlət adamlarını dərindən maraqlandırır. Təhlükələrlə üzbəüz qalan kiçik ada dövlətlərinin xalqları Azərbaycan liderinin bu sahədəki fəaliyyətini yüksək dəyərləndirirlər. Məzlum xalqlar Prezidentimizin simasında özlərinin xilaskarını görürlər. Böyük qiymətdir. Axı, söhbət bütün Yer kürəsinin və milyardlarla insanın, ümumiyyətlə, canlı-cansız aləmin gələcək taleyindən gedir.

Vəli İlyasov, “İki sahil”