22 avqust 2024 00:27
299

Sülh sazişinə qarşı növbəti sabotaj

Ermənistanın hərbi təxribatları dayanmaq bilmir

Ermənistanın hazırkı təxribatçı addımları onun daxili siyasi vəziyyətindəki zəifliyi əks etdirir. Bu ölkənin siyasi rəhbərliyi daxili problemlərdən diqqəti yayındırmaq üçün bu cür təxribatlara müraciət edir. Erməni hökuməti münaqişənin yenidən alovlanması ilə daxili siyasi sabitliyi qorumağa çalışır. Lakin bu, əksinə, onun zəifliyinə və xalqının etimadını itirməsinə səbəb olur. İşğalçı dövlətin hərbi təxribatları onun silahlı qüvvələrinin zəifliyini də göstərir. Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti və müasir hərbi texnologiyalardan istifadə etməsi ilə müqayisədə Ermənistanın hərbi potensialı çox geridə qalır. Bu cür təxribatlar Ermənistanın hərbi gücünün yetərsizliyini açıq şəkildə ortaya qoyur.

Hayastanın son təxribatları regionda sülh və sabitliyin bərqərar olmasını çətinləşdirir. Ümümumiyyətlə, hər hansı beynəlxalq tədbirlər ərəfəsində və ya ondan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halını alıb. Son dəfə avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Sərhəddəki erməni təxribatları bununla bitmir. Demək olar ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti vaxtaşırı olaraq, qarşı tərəfin atəşkəsi pozmasına dair məlumat yayır. Növbəti belə məlumat avqustun 15-də axşam və ayın 16-da səhər saatlarında yayılıb. Qeyd edilib ki, avqustun 15-i saat 18:10 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Avqustun 16-sı saat 03:20 radələrində isə Hayastanın qoşun bölmələri ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Hər iki halda bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Baş vermiş insidenti araşdırmaq, təqsirkarları üzə çıxarmaq əvəzinə Ermənistan tərəfi bu dəfə də inkar yolu tutdu. Hayastan müdafiə nazirliyinin yaydığı məlumatda deyilir: “Avqustun 16-da saat 03:20 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin sərhəd zonasının qərb hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil”. Bunun ardınca ənənəvi tezis yenidən təkrarlanır: “Xatırlatmaq istərdik ki, Ermənistan Respublikasının baş nazirinin ofisi diplomatik kanallar vasitəsilə Azərbaycan tərəfinə atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib”.

Göründüyü kimi, rəsmi İrəvan atəşkəs pozuntusundakı təqsirini etiraf etmir, təqsirkarları cəzalandırmaq istəmir. Diqqət çəkən həm də Ermənistanın atəşkəsin pozulması hallarına yol verməklə yanaşı, sülh danışıqları aparmasıdır. Bu isə İrəvanın sülh istəyində səmimi olmadığının, riyakar mövqeyinin daha bir təsdiqidir.

Bəli, törətdiyi bütün təxribatlara layiqli cavabını alsa da Ermənistanın bu kimi desturiktiv addımları regionda sülhün bərpası istiqamətindəki təşəbbüslərə ziyan vurur. Erməni tərəfinin təxribatları sülh prosesinə əngəl yaradır. Sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan olunan sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir. Ancaq nə rəsmi İrəvan, nə də onun xaricdəki havadarları buna əhəmiyyət verir. Xaricdəki havadarlar dedikdə, son dövrlər kollektiv Qərbin vacib ermənipərəst aləti rolunda daha əzmlə çıxış edən Avropa İttifaqı xüsusilə seçilir. Yeri gəlmişkən, qurumun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə sabiq xüsusi nümayəndəsi Toivo Klaar da şərti sərhəd zonasında atəşkəsin pozulması hallarına münasibətini açıqlayıb. O deyib ki, rəsmi İrəvanın atəşkəsin pozulması hallarının araşdırılması üçün müştərək komissiya yaratmaq təklifini dəstəkləyir. Burada da Azərbaycana qarşı ikili standartlar özünü göstərir.

Görünən odur ki, Ermənistan yenə də hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Lakin Azərbaycan-Ermənistan münasibətlərinə qarışan olmasa məsələlər normal məcrasında həll oluna bilər.

Sözügedən təxribatlar isə bir daha sübut edir ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq imkanlarını hər vasitə ilə heçə endirməyə çalışır. Görünür Müzəffər Ali Baş Komandanın "dəmir yumruq yerindədir" xəbərdarlığından dərs almayan işğalçılar unudurlar ki, onların qarşısında 44 günlük Vətən müharibəsində Zəfər çalan güclü Azərbaycan Ordusu var. Məğlub ölkə müxtəlif manipulyasiyalara əl atmaqla sülh prosesini ləngitməyə  çalışır. Eyni zamanda, ötən il sentyabrın 19-dək Ermənistan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla silahlı qüvvələrinin bir hissəsini Azərbaycan ərazilərində saxlamaqda davam edirdi. Lakin Azərbaycanın cəmi bir gün ərzində uğurla tamamladığı lokal antiterror tədbirlərinin nəticəsi işğalçının bu niyyətlərini gözündə qoydu. Təəssüflər olsun ki, Ermənistan bütün bu reallıqların fonunda mövcud imkanlardan imtina edib süni olaraq prosesi ləngitmək istəyir. İşğalçı ölkənin üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməməsi, konstitusiya dəyişikliyini etməməsi birbaşa məkrli məqsədlərlə bağlıdır. İkinci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistan konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz: “Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”.

Nigar Orucova, “İki sahil”